Bir anlıq “rahatlıq” üçün ömrünü fəlakətə sürükləyənlərin acı hekayəti
İlk dəfə narkotik istifadə edəndə 19 yaşım var idi. Ailəm mənim üçün yeni maşın almışdı, cib xərcliyim də, dostlarımda olandan çox idi...
Düzü, bir az da ərköyün böyümüşdüm...
Bir gün dostum narkotik istifadə etməyi təklif etdi, özünün uzun müddət istifadə etdiyini, heç bir ziyanının olmadığını dedi. İnandım.
İlk zamanlar həqiqətən nəzarətin məndə olduğunu düşünürdüm, sonra istəsəm də, əl çəkə bilmədim. Atam dünyasını dəyişdi, ondan mənə qalan hər şeyi satıb xərclədim. Dəfələrlə müalicə aldım, olmadı. Pis vərdişimə görə ailə həyatı da qura bilmədim. Kaş, ilk istifadə etdiyim günə geri qayıdıb dostuma “yox” deyə biləydim.
Bu, narkotik qurbanlarından təkcə birinin - A.R-in qısa və peşmanlıq dolu həyat hekayəsidir. Neçə-neçə belə qurbanlar var – ailəsinin həyatını puç edən, bir anlıq rahatlıq üçün ömrünü fəlakətə sürükləyənlər.
Psixoloji və fiziki asılılıq yaradan narkotik bu gün dünyanı çənginə alan və çox vaxt ölümlə nəticələnən əsas sosial problemlərdən biridir. Səssiz düşmən yalnız şəxsin özünü deyil, zəncir yaradaraq ətrafını, cəmiyyəti də məngənəyə salır. İnsanın sinir sistemini zədələyən bu zəhər başları “xoşhal” etsə də, zamanla dərin fəlakətlərə aparır. Bu yazımız narkotik aludəçiliyindən xilas olmaq üçün müalicənin əhəmiyyəti, eyni zamanda yaratdığı psixoloji fəsadlar barədədir.
Narkoloji Mərkəzdə qeydiyyatda olanların sayı...
Respublika Narkoloji Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, 2024-cü ilin sonu üçün mərkəzdə xəstə və profilaktik qeydiyyatda olan şəxslərin sayı 58.796, xəstə kimi qeydiyyatda olanların sayı isə 40490 nəfərdır. 39485-i kişi, 1005-i qadın olan xəstələrin 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabioidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.
Sorğuda o da qeyd olunub ki, Respublika Narkoloji Mərkəzində xəstələrin müalicə müddəti adətən onların fərdi vəziyyətindən asılı olur: “Narkotik istifadəçilərinin müalicəsi xəstə müayinə olunduqdan sonra həkimin tövsiyələri və xəstənin istəyi nəzərə alınmaqla, ambulator və ya stasionar şəraitdə aparılır. Nəzərə alsaq ki, xəstələrin müalicə alması könüllülük prinsipi əsasında aparılır və bu faktor da onların xəstəxanada qalmasına təsir edir, çünki pasiyentlər istənilən zaman müalicədən imtina etmə hüququna malikdirlər. Müalicə proqramına 20 günə qədər detoksikasiya və sonrakı tibbi sosial reabilitasiya dövrü daxildir. Bu baxımdan tibbi sosial reabilitasiya dövrü aylarla, illərlə davam edə bilər. Mərkəzdə xəstələrin orta yatma müddəti 15-20 gündür. İstənilən halda hər bir xəstənin müalicəsinin erkən vaxtlarda aparılması daha səmərəli olur. Xəstənin yaşı çoxaldıqca və xəstəliyin müddəti uzandıqca müalicənin səmərəliliyi aşağı düşür”.
Müalicə nəticəsində orqanizmin tam bərpası mümkündürmü sualımıza isə belə cavab verilib: “Orqanizmdə olan hər bir xəstəlik özündən sonra bir iz qoyur. Narkoloji xəstəliklər tibdə olan digər əksər xəstəliklər kimi xronikidir. Tibbin vəzifəsi isə xəstələrin iztirablarını azaltmaq, onların həyat keyfiyyətini yüksəltmək və praktik sağlam olmasına yardım etməkdən ibarətdir. Cavan yaşlarda orqanizmin bərpası mümkündür, yaş artdıqca bu ehtimallar azalır. Xəstələrin müalicəsi narkotiklərin növündən asılı olaraq dəyişə bilir. Opioidlərin müalicəsində xəstəliyin əvvəlki illərində detoksikasion, tibbi-reabilitasion tədbirlər aparılır. Xəstəliyin müddəti uzandıqca və aparılan tədbirlərin effektivliyi azaldıqca metadonla əvəzedici müalicə proqramı tətbiq olunur. Narkotiklərin digər formalarında farmokoloji və reabilitasion tədbirlər həyata keçirilir”.
Sorğumuza cavabda həmçinin qeyd olunub ki, narkotik istifadəçilərinin ailələri ilə xəstələrə xidmət göstərən narkoloji müəssisələrin tibbi heyəti tərəfindən birlikdə müalicə, tibbi sosial reabilitasiya xidmətləri həyata keçirilir.
Narkotik aludəçiliyi ilə yanaşı, narkotik satışı və ya bu tipli bitkilərin yetişdirilməsi ilə məşğul olanların cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində atılan addımlar prioritetdir. Eyni zamanda narkotiklə bağlı maarifləndirmə tədbirlərinin vaxtında və davamlı aparılması da cəmiyyəti bu bəla haqqında daha məlumatlı etməklə, ailələrin övladlarını qorumaq şansını artırır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət faktları azalıb
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından sorğumuza cavab olaraq bildirilib ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2020-ci il üzrə 160, 2021-ci il üzrə 258, 2022-ci il üzrə 249, 2023-cü il üzrə 172, 2024-cü ildə isə 87 nəfər olub. Ümumilikdə 2016-2024-cü illər ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 1239 nəfərə çatıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanıb. Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-sı narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si isə bu kateqoriyaya aid digər cinayətlərlə bağlı olub. “Aşkarlanmış cinayət faktları üzrə qanunsuz dövriyyədən ümumilikdə 3 ton 313 kq 859,7 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu narkotik vasitələrin və psixotrop maddələrin ümumi dəyəri isə 87 milyon 551 min manat məbləğində qiymətləndirilir”, - deyə əlavə edilib.
Komissiyadan bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilib. Onlardan 44 nəfəri xarici ölkə vətəndaşıdır. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 1 ton 196 kq 338 qram narkotik vasitə və psixotrop maddə, 5183 ədəd metadon və 13 194 ədəd güclü təsir edən maddə müsadirə edilib. Bundan əlavə, ümumilikdə aşkar edilmiş cinayətlərin 110-u qrup halında törədilib.
NMDK-dan cavabda qeyd olunub ki, 2025-ci ilin yanvar-may ayları üzrə aparılmış təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının ümumi sayında 1059 fakt azalma müşahidə olunub.
Qeyd edək ki, Dövlət Komissiyası tərəfindən mütəmadi olaraq narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönəli tədbirlər həyata keçirilir. Ötən il “802 qaynar xətt” telefon xidmətinə, “055-600-08-02” mobil telefon nömrəsi vasitəsilə “Whatsapp”, “070-400-08-02” mobil telefon nömrəsi vasitəsilə isə “Teleqram” hesablarına ümumilikdə 1668 müraciət daxil olub, onlardan 154-ü narkotik vasitələrin qanunsuz satışı, 114-ü narkomaniyadan müalicə, 1400-ü isə digər məsələlərlə bağlı olub. Beləliklə, “802 qaynar xətt” telefon xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təşkil edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında cinayət işlərinin başlanılması və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələrin götürülməsi təmin edilib, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək göstərilib, vətəndaşlara mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Sorğuya cavab olaraq bildirilib ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq ötən il də tədbirlər davam etdirilib. Həmçinin qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində də silsilə tədbirlər keçirilib.
Narkotikdən fiziki çıxış detoksikasiya olsa da, asılılığın əsas səbəbləri psixolojidir
Məsələnin psixoloji tərəflərini də öyrəndik. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirdi ki, narkotik vasitələrə meyillilik daha çox sosial, psixoloji və bioloji risk faktorları ilə bağlıdır: “Ən çox risk altında olan qruplar yeniyetmələr və 15-25 yaşarası gənclərdir. Buna səbəb daha çox emosional dalğalanmalar, şəxsiyyət axtarışı, qrup təsiri və təzyiqi, eləcə də ünsiyyət problemləridir. Daha sonra bu qrupa travma yaşamış şəxslər – uşaq yaşlarında zorakılıq, valideyn itkisi, uzunmüddətli laqeydlik və ya istismar görənlər daxildir. Eləcə də ailə tarixində aludəçilik olan fərdlər, emosional tənzimləmə çətinliyi, depressiya, təşviş pozuntusu olan şəxslər risk qrupuna daha çox aid edilir”.
E.Rüstəmovun sözlərinə görə, statistik olaraq kişilər narkotik istifadəsinə daha çox meyillidirlər. Bu baxımdan xüsusilə 16-30 yaş arasında olan kişilər risk altındadırlar. Bunun səbəbləri fərqlidir. Belə ki, cəmiyyətin kişilərdən “güclü və emosiyasız” olmağı gözləməsi prosesi tətikləyə bilir. Həmçinin emosional problemlərin paylaşılmaması və psixoloji yardım axtarışının azlığı, eləcə də kişilərdə impulsiv davranışların daha üstün olması risk faktorunu artırır. Qadınlarda aludəçilik kişilərlə müqayisədə daha az yayılmış olsa da, qadınlar aludə olduqda müalicə prosesində daha dərin psixoloji çətinliklərlə qarşılaşırlar.
Psixoloq narkotik istifadəsi ehtimalını göstərən əlamətləri də sadalayıb: “Davranış dəyişikliyi: aqressiya, tənhalığa çəkilmə, kəskin əhval dəyişiklikləri, akademik uğursuzluq və məktəbdən yayınma, yeni və şübhəli dost çevrəsi, gecə saatlarında tez-tez evdən çıxmaq, ailə ilə ünsiyyətin azalması, gözlərin qızarması, motivasiyanın azalması, qəribə qoxular. Bu hallar müşahidə edildikdə ailələr psixoloq və ya mütəxəssisə müraciət etməlidirlər”.
Onun sözlərinə görə, psixoloji amillər bir şəxsi narkotik aludəçisinə çevirə, həmçinin bu faktorlar həm səbəb, həm də nəticə ola bilər. Narkotik istifadəsi depressiya, təşviş pozuntusu, psixozlar, şəxsiyyət dəyişiklikləri və antisosiya davranışlara səbəb ola bilər. Həmçinin uşaqlıq travmaları, özünəinamın aşağı olması, yaxınlıq qorxusu, ailədaxili konfliktlər və şəxsiyyət pozuntuları da narkotik istifadəsinə meyilliliyi artırır.
Narkotik istifadəçilərinin müalicə prosesindən danışan E.Rüstəmov bildirdi ki, psixoloq bu prosesin ayrılmaz hissəsidir. Narkotikdən fiziki çıxış detoksikasiya ilə olsa da, asılılığın əsas səbəbləri psixoloji olduğu üçün burada aludəçiliyin kökündə yatan psixoloji faktorlar aşkar edilir. Yeni davranış və duyğu tənzimləmə bacarıqları öyrədilir, nəticədə təkrar istifadənin qarşısı alınır. Psixoloji müalicə olmadan fiziki müalicə nəticə vermir və geri dönmə ehtimalı yüksək olur. “Hər yaşda narkotik istifadəçilərinin müalicəsində psixoloji seanslar vacibdir, lakin 15-30 yaş arası şəxslərdə daha effektli nəticələr verir. Bu dövrdə şəxsiyyət formalaşma mərhələsində olduğu üçün müdaxilə davranışların və düşüncə sisteminin dəyişdirilməsində daha təsirli olur. İlk mərhələdə psixoloji seanslar 12-16 həftə ərzində həftədə 2-3 dəfə seans tövsiyə olunur. Davamlı mərhələdə, yəni ikinci və üçüncü aylarda seanslar azaldıla bilər”, - deyə o əlavə etdi.
İnstitut sədri dedi ki, seanslar nəticəsində ilk dəyişikliklər 1-2 ay ərzində görünməyə başlasa da, tam psixoloji stabillik üçün ən azı 6-12 ay psixoloji dəstək tələb olunur. Seansların müddəti fərdin vəziyyətinə görə dəyişə bilər.
Psixoloq vurğuladı ki, narkotik aludəçiləri ilə yanaşı, ailə üzvləri ilə terapiya bu prosesdə çox vacibdir: “Asılılıq ailədaxili dinamikalardan da qaynaqlana və ailənin münasibəti təkrar istifadə riskini azalda və ya artıra bilər. Tövsiyə olunan fəaliyyətlər sırasına ailə üzvlərinə psixoloji təlimin verilməsi, aludəçiliyin səbəb və mexanizmlərini anlamaq, emosional dəstəyin düzgün qurulması, ailə üzvlərinin birgə terapiya seanslarına cəlb edilməsi, yenidən güvənin bərpası və kommunikasiya bacarıqlarının artırılması daxildir”.
Yaşından asılı olmayaraq hər kəsi qorxulu bəlaya sürükləyən narkotiklə mübarizə bu gün prioritet istiqamətlərdəndir. Buna baxmayaraq, dünyada narkotik istifadəçilərinin sayında ilbəil artım müşahidə olunur. Narkotikdən ölüm halları isə ən çox yayılmış 20 ölüm səbəbləri arasında yer alır. İnsanın orqanizmi ilə bərabər, ruhunu da öldürən narkotik aludəçiliyindən xilas olmağın əsas yolu isə beyindəki düşüncələri dəyişə bilməkdən, psixoloji sağlamlığı təmin etməkdən başlayır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”