22 Avqust 2024 09:15
132
İQTİSADİYYAT
A- A+

"Şəhərdən  kəndə": "Paşa Holdinq" nümunə göstərir

 

Bu gün kənd təsərrüfatının inkişafı üçün dövlət və özəl sektor tərəfindən müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də "Şəhərdən kəndə" layihəsidir.  Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə 2021-ci ildən icra olunur. 
Məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatlarına alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlərdən ötrü fərqli turizm imkanlarının yaradılması olan layihənin fermerlər üçün önəmli tərəfi ondan ibarətdir ki, təsərrüfat sahibləri aqroturizm modulu üzrə təlim proqramlarında iştirak edərək bilik və bacarıqlarını artırırlar. "Şəhərdən kəndə" çərçivəsində fermer təsərrüfatları abadlaşdırılır, onlara texniki və avadanlıq dəstəyi göstərilir ki, bu da layihəyə qoşulan fermerlərə əlavə gəlir mənbəyi əldə etməyə imkan yaradır. Nəticədə həm yerli, həm də əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı qazanırlar. Təsadüfi deyil ki, cəmi 3 il ərzində layihə sayəsində  regionlarda  kənd turizminin inkişafı xeyli sürətlənib, o cümlədən kəndlərin çoxunda  sosial rifah halı yaxşılaşıb, yeni xidmət sahələri açılıb, alternativ satış kanalları yaradılıb, ailə biznesi genişlənib, kənd əhalisinin, eləcə də  kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirləri artıb. Bunlardan başqa, həyata keçirilən ekoloji və aqrar maarifləndirmə tədbirləri əhalinin böyük şəhərlərə axınının sürətini azaldıb, insanları torpağa bağlayıb. Layihə çərçivəsində müntəzəm olaraq  şəhər məktəblilərinin  və ali məktəb tələbələrinin kəndlərə ekskursiyaları həyata keçirilib ki, bu da gənclərdə kənd həyatına maraq oyadıb. 
Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatı ilə məşğul olan 9 fermerə "Şəhərdən kəndə"  vasitəsi ilə dəstək göstərilib. Topçu kəndində fəaliyyət göstərən qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib. 
 Qiymətləndirmə sorğularına əsasən, 8 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 6 yemdoğrayan aparat, südçəkən aparat təqdim edilib. Eyni zamanda qadınların quşçuluq istiqamətində birgə fəaliyyətinə dəstək olmaq üçün inkubator verilib. Layihə çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kəndində Solmaz Bağırlının rəhbərlik etdiyi qadın qrupuna məxsus quşçuluq təsərrüfatında istehsal həcminin artırılmasına dəstək məqsədi ilə 96 kvadratmetrlik hin tikilib, təsərrüfat 30 su və 30 yemqabı ilə təmin olunub. Bundan başqa, Sumağallı kəndində "Arzu" qadın qrupuna məxsus təsərrüfata baxış keçirilib, fermerlərin fəaliyyətlərinin çoxşaxəli olması və kəndin turizm üçün əlverişliliyi nəzərə alınaraq təsərrüfatın aqroturizm potensialı dəyərləndirilib. Bu məqsədlə layihə çərçivəsində "Arzu" qadın qrupuna məxsus ərazidə mətbəx və söhbətgah, sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, ehtiyac duyulan avadanlıqlarla təmin edilib. 
Rayonun Qalacıq kəndində yerləşən fermer Şahin Əlisultanovun təsərrüfatına da layihə çərçivəsində dəstəklər göstərilib. Əsas fəaliyyəti bağçılıq, arıçılıq və maldarlıq olan təsərrüfatda söhbətgah və sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, eyni zamanda turizm xidmətinin yaxşılaşması məqsədi ilə təsərrüfat avadanlıqlarla təmin edilib, burada 15 nəfərin gecələməsi və 24 nəfərin qidalanması üçün şərait yaradılıb. Bu dəfə də "Şəhərdən kəndə" layihəsinin işi bu rayonla məhdudlaşmayıb. Layihə çərçivəsində  Şamaxı rayonunun Meysəri kəndində yerləşən Sərdar Bayramova məxsus təsərrüfat da abadlaşdırılıb. Arıçılıq, meyvəçilik, üzümçülük, şərabçılıq və tərəvəzçilik, quşçuluqla məşğul olan təsərrüfatda 8 nəfərin gecələməsi, 15 nəfərin qidalanması üçün şərait var. Əlavə olaraq burada sanitar qovşağı, söhbətgah və manqal tikilib və digər işlər görülüb. 
Xatırladaq ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 315 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişafı və turistlər üçün xidmət səviyyəsinin artırılması üçün 23 təsərrüfat abadlaşdırılaraq müxtəlif avadanlıqlarla təmin olunub.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video