2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla ilk dəfə olaraq respublikanın hər bir bölgəsini əhatə etməklə keçirilir. Seçkilərin hazırlanıb keçirilməsinə məsul olan qurum kimi Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə, qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə azad, ədalətli və şəffaf gerçəkləşdirilməsi üçün seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsinə xüsusi diqqət yetirir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı rəhbər tutaraq, seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün seçkilərin təyin edilməsindən dərhal sonra komissiyanın təsdiq etdiyi təqvim planına uyğun şəkildə seçki subyektləri üçün seçkilərin hazırlanıb keçirilməsi prosesinin bütün mərhələlərini əhatə edən müxtəlif formatlı layihələr vasitəsi ilə maarifləndirmə tədbirləri reallaşdırır.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmişdir ki, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Sözügedən konstitusion hüquqların təmin olunması üçün MSK seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi, seçkilərin keçirilməsi zamanı aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib və hazırda da müvafiq maarifləndirmə layihələrini davam etdirir. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə oxuculara təqdim olunan bu məqalə də qeyd edilən maarifləndirmə layihəsinin tərkibinə daxildir.
Seçki hüququnun pozulması dedikdə, vətəndaşa Konstitusiya ilə verilmiş azad seçki hüququnun, yəni seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququnun pozulması başa düşülür. Seçki prosesinin iştirakçılarının tərkibi Seçki Məcəlləsi ilə müəyyən edilmişdir. Milli Məclisə seçkilərdə bu subyektlərin tərkibinə seçicilər, seçki komissiyalarının üzvləri, namizədlər, qeydə alınmış namizədlər, müşahidəçilər, vəkil edilmiş şəxslər, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri və media subyektlərinin nümayəndələri daxildir.
Seçki Məcəlləsi ilə göstərilən subyektlərin seçki prosesində hüquqları da müəyyən edilmişdir. Məsələn, aktiv seçki hüququna malik olan vətəndaş (18 yaşına çatmış vətəndaş) Konstitusiya ilə ona verilmiş seçki hüququnu həyata keçirmək üçün seçicilər siyahısına daxil edilməlidir. Hər hansı bir səbəbdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən seçici siyahılarına daxil edilməsi üçün vətəndaşın məlumatlarının təqdim edilməməsi seçicinin öz hüquqlarını həyata keçirməsinə mane olur və bu hal vətəndaşın seçki hüququnun pozulması kimi qiymətləndirilir.
Seçki Məcəlləsi ilə seçkilərdə iştirakın prinsipləri müəyyən edilmişdir.
Bu prinsiplər aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər;
- Vətəndaşların seçkilərdə iştirakı azad və könüllüdür. Seçkilərdə iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin vətəndaşa təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.
Seçki Məcəlləsinin 2.6-cı maddəsinə görə seçkilərdə iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:
- mətbuat azadlığına hörmət bəsləmək;
- öz peşə fəaliyyəti ilə məşğul olan media subyektləri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
- seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
- seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
- seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
- seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
- seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
- seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;
- hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;
- seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;
- dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
- təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
- təzyiq göstərməklə, bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
- heç bir vəzifəli şəxsin namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
Seçki subyektləri tərəfindən yuxarıda göstərilən tələblərin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.
Seçki Məcəlləsinin 115-ci maddəsində seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulmasına görə cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilən şəxslərin dairəsi müəyyən edilmişdir:
- zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;
- seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;
- namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;
- seçiciləri ələ alanlar, yəni Seçki Məcəlləsinin 88.6-cı maddəsi ilə qadağan olunmuş hərəkətləri edənlər;
- qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;
- namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətlərə yol verənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
- Seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, media subyektləri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqları pozanlar;
- seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;
- qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;
- seçki kampaniyasının maliyyələşdirilməsinin qanunvericiliklə müəyyənləşdirilmiş qaydalarını pozanlar;
- seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;
- seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;
- seçki məntəqələrində səsverməyə mane olanlar;
- səsvermənin gizliliyini pozanlar;
- seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;
- seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;
- vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;
- vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;
- seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;
- qanunla nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;
- seçki komissiyalarının qanunvericiliyin tələblərinin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;
- seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;
- seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.
Yuxarıda qeyd edilmiş pozuntulara yol vermiş şəxslər pozuntunun xarakterinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və ya Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə;
- 165-ci maddəsi ilə təşviqat nəşr materiallarının qəsdən məhvetmə və ya namizədin seçicilərlə görüşünə mane olmağına görə;
- 166-cı maddəsi ilə namizəd haqqında yalan məlumatlar yaymağa, yəni seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsüllarla yaymağa görə;
- 167-ci maddəsi ilə seçki komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, media subyektləri nümayəndələrinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə;
- 168-ci maddəsi ilə seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə;
- 169-cu maddəsinə görə seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə;
- 170-ci maddəsi ilə dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulmasına, yəni səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatın qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə;
- 171-ci maddəsi ilə seçki ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılmasına görə;
- 172-ci maddəsi ilə seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə;
- 173-cü maddəsinə görə seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqların pozulmasına görə;
- 174-cü maddəsi ilə seçkilərdə iştirak etmək üçün məzuniyyət verilməsindən imtina etməyə, yəni dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə;
- 175-ci maddəsi ilə qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə;
- 176-cı maddəsi ilə seçici imzalarının toplanması qaydasının pozulmasına görə;
- 177-ci maddəsinə görə seçkilərin maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulmasına görə;
- 178-ci maddəsi ilə anonim təşviqat materiallarının hazırlanması və yayılması qaydalarının pozulmasına görə;
- 179-cu maddəsinə görə səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmamasına görə.
Göstərilən pozuntulara yol vermiş fiziki şəxslər pozuntunun xarakterindən asılı olaraq 50 manatdan 2000 manatadək, vəzifəli şəxslər 150 manatdan 2500 manatadək, hüquqi şəxslər 2000 manatdan 7000 manatadək cərimə edilirlər.
Seçki Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən edilmişdir ki, vətəndaşların seçki hüquqlarının pozulmasına görə məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Seçki Məcəlləsinin 115-ci maddəsi ilə bir sıra seçki hüquqlarının pozulmasına görə məsuliyyət Cinayət Məcəlləsinin "İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər" fəslinin müvafiq maddələrində nəzərdə tutulmuşdur.
Seçki hüququnun həyata keçirilməsində yuxarıda qeyd edilmiş bəzi pozuntulara yol vermiş şəxslər barəsində cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 159-cu, 159.1-ci, 160-cı və 161-ci maddələrində nəzərdə tutulmuşdur.
Cinayət Məcəlləsinin 159-cü maddəsi ilə vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcburetmə və ya onun səs verməsinə mane olmağa görə cərimə cəzası ilə yanaşı, ictimai işlər və ya yol verilmiş cinayət əməlinin xarakterinə görə, altı aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd edilən əməllər ələalma, aldatma, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal kimi maddənin sanksiyasında daha ağır cəza növü nəzərdə tutulmuşdur.
Cinayət Məcəlləsinin 159-1-ci maddəsi ilə seçkilərdə iştirak qaydalarını pozmağa, yəni namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə maneolma, seçkilərdə başqalarının əvəzinə səs verilməsinə şərait yaratma cinayət məsuliyyəti yaradan əməl olaraq göstərilməklə həmin əməllərə görə cərimə cəzası ilə yanaşı, ictimai işlər, islah işləri və ya azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur.
Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, həmçinin seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə də cinayət məsuliyyəti yaradan əməl kimi xarakterizə olunmaqla maddənin sanksiyasında müvafiq cəza növü nəzərdə tutulmuşdur.
Seçki komissiyasının üzvü tərəfindən seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutularaq, cərimə və ya müəyyən müddətdə islah işləri növündə cəza tətbiq edilməsi ilə nəticələnir.
Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və növləri barədə oxuculara ətraflı məlumat verməklə əmin olmaq istərdik ki, seçicilər və digər seçki subyektləri qanunvericiliyin tələblərinə riayət etməklə, seçkilərlə bağlı öz fəaliyyətlərində hər hansı bir pozuntuya yol vermədən qarşıdan gələn seçkilərin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsinə öz töhfələrini vermiş olacaqlar.
Ramiz İbrahimov,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvü