27 Avqust 2024 09:00
342
Mədəniyyət
A- A+

Saxta partlayışın həqiqi peşəkarı

 

47 ilin pirotexniki Əlibala Məmmədov Vətən savaşına aid filmdə son imzasını qoymaq arzusundadır

 

Tamaşaçını təsvir edilən hadisələrin təsirinə sala, inandıra bilmirsə, demək, həmin filmin yaradıcı heyəti məqsədinə çatmayıb. Ekran əsərinin uğurlu alınması isə ayrı-ayrılıqda - rejissordan, ssenaristdən, aktyordan və çəkilişlərdə iştirakı olan digərlərindən asılı deyil. Onların hər biri öz peşəsinə uyğun işlərin öhdəsindən layiqincə gəlməlidirlər ki, əsl sənət nümunəsi yaransın. Baxmayaraq ki, məqsədə, yəni uğura nail olduqdan sonra paylarına düşən şöhrət eyni bölünmür. 
Kino sənətinin xüsusiyyəti də budur, daha çox yada düşən filmin müəllifləri - rejissoru və ssenaristi, baş rolların ifaçıları, bəzən bəstəkarı... olur. Onların adları çəkilir, mükafata layiq görülürlər. 
Ən yaxşı filmlərdə də adları titrdə qaçan sətirlərdə yazılanların bir çoxunu isə düşündürən bunlar deyil. Cani-könüldən çalışırlar ki, yaradıcı heyətlə birgə kino xəzinəsinin incisinə çevriləcək ekran əsərləri yaratsınlar. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının pirotexniki Əlibala Məmmədov da bu fikirdədir ki, kino kollektiv sənətin bəhrəsidir. Burda hər kəsin bir vəzifəsi, bir düşüncəsi olmalıdır: üzərinə düşən işləri peşəkarlıqla görmək...
Ömrünün qırx yeddi ilini bu peşəyə həsr edən kino sənətimizin cəfakeşlərindən biridir Əlibala Məmmədov. Bu kinostudiyada 1977-ci ildə elə pirotexnik kimi fəaliyyətə başlayıb...

 

Uşaqlıq və ilk gənclik illərinə yoldaşlıq edən xəyallar...

 

Əlibala Məmmədov 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Sovet dövrü, kommunistlərin dövranı idi... İndi o illəri xatırladıqca gözləri yol çəkir. Asta-asta danışır: "Mən elə məhəllədə böyümüşəm ki, orda azərbaycanlılarla yanaşı, xeyli rus, yəhudi, erməni yaşayırdı. Valideynlərim necə deyərlər, dövrün tələblərini nəzərə aldılar və mən orta məktəbdə rus dilində təhsil almalı oldum. Bakıdakı 19 saylı məktəbdə oxumağa başladım. Sonra təhsilimi 14 saylı məktəbdə davam etdirdim".
Uşaqlıq, ilk gənclik illərinə yoldaşlıq edən xəyallarında neçə-neçə sənətin sahibi oldu. Bir istəkdə qərar tutmur, arzuları dəyişirdi. Əlibala Məmmədov o çağları xoş təbəssümlə yada salır: "Heç özüm də bilmirdim nə istəyirəm. Tankçı görəndə tankçı, kosmonavt görəndə kosmonavt olacağamı deyirdim. Ancaq başqa bir peşə tale yazısı kimi qarşıma çıxdı..."
Bu, ömrünün başqa bir dövrünün - hərbi xidmətdə olduğu illərin xatirələridir. Ancaq Əlibala Məmmədov əvvəlcə rus dilində təhsil aldığı, ana dilində yaxşı danışa bilmədiyi illərə qayıdır: "Mikrorayona köçəndən sonra ana dilimdə danışmağı öyrəndim. Əlbəttə, xarici dilləri öyrənmək vacibdir. Bu şərtlə ki, gərək öz ana dilini mükəmməl biləsən, səlis danışasan, sonra bacarığının yetdiyi qədər digər dilləri öyrənəsən. O, rus dilini yaxşı bildiyinə görə indi də internetdən bu dildə peşəsinə aid, çəkdiyi filmlər üçün faydalı olacaq məlumatlar, eləcə də hərbi texnikaya dair terminləri daha asan axtarıb tapır, oxuyur. Deyir ki, ingilis dilini də yüksək səviyyədə bilsəydi, daha yaxşı olardı: "Çünki bizim peşəmiz elədir ki, standart işlər görmürük. Müxtəlif mövzulu filmlərdə fərqli kadrlar çəkirik. Odur ki, məlumatlı olmalısan, daim yenilikləri izləməlisən. Pirotexniksənsə ilk növbədə özün-özünü öyrətməlisən. Hazırlıqlı olmalısan ki, rejissorlar kadrda necə səhnə qurmaq istəyirlərsə, onu reallaşdıra biləsən". 

 

Soyuq Moskva günlərinin isti xatirələri...

 

Xatirələri onu yenidən pirotexnik olmağa sövq edən illərə qaytarır: "Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırıldım. Altı ay Xarkovda hazırlıq kursu keçib istehkamçı-kəşfiyyatçı oldum. Sonra Qorkidə hərbi xidmətə başladım. Biz Böyük Vətən müharibəsi illərindən qalmış minaları, bombaları axtarırdıq, tapanda zərərsizləşdirirdik. Bir gün mən də daxil olmaqla on nəfər istehkamçı-kəşfiyyatçını Moskva Kinostudiyasına göndərdilər. Bütün SSRİ-də məşhur olan rus aktyoru Vyaçeslav Tixonovun baş rolda oynadığı "Cəbhə arxasında cəbhə" ("Front za liniey fronta") filmi çəkilirdi". 
Moskva Kinostudiyasının Müdafiə Nazirliyinə müraciətinə əsasən, istehkamçı-kəşfiyyatçılar, hərbi hücumdan müdafiə qüvvələri, piyadalar və tank bölmələri çəkilişlərdə iştirak edirdilər. Əlibala Məmmədovun da olduğu  istehkamçı-kəşfiyyatçıların işi Moskva Kinostudiyasının pirotexniklərinə kömək etmək idi. Böyük miqyaslı film olduğu üçün işlər həddindən artıq çox olub: "Filmin yaradıcı heyəti gərgin çalışırdı və hərənin öz işləri vardı. Odur ki, pirotexnika ilə bağlı kiçik əhəmiyyətli işləri bizə - istehkamçı-kəşfiyyatçılara gördürürdülər. Təbii ki, briqadir böyük risklər etmirdi. Təhlükəli səhnələr olanda bizə vermirdi. İşlərə çox diqqət göstərdiyimə, verilən tapşırıqlardan qaçmağa, baş girləməyə çalışmadığıma görə briqadir məni fərqləndirirdi".
Möhkəm qar yağmışdı. Moskvanın ətrafı ağappaq örtüyə bürünmüşdü. Çadırlarda qalırdılar. Gənc Əlibala Məmmədov maraq və heyrət içində idi. Hərbi xidmətdə partlayışlar görmüşdü. Orda olanların hamısı - aşkar etdikləri silah-sursatlar da, onların partladılması da real idi. Əlibala Məmmədov danışır: "Biz əsgərlikdə tapılan silahları doğrudan partladırdıq. Kinoda isə hər şey yalandı. Filmdə guya alman faşistləri ilə sovet qoşunları vuruşurdular. İlk dəfə görürdüm ki, bombalar, minalar gerçəkdən partladılmır. Bütün diqqət ona yönəldilir ki, kadrlar real kimi görünsün, ancaq iştirakçılar sağ qalsınlar, heç kim xəsarət almasın. Xoşuma gəldi. Biz iki ay kömək etdikdən sonra Moskva Kinostudiyasının əməkdaşlarından ayrıldıq. 1977-ci ildə hərbi xidməti başa vurub Bakıya qayıtdım. Amma mənim üçün o qarlı, soyuq havalarda çəkdiyimiz səhnələr, gördüyüm mənzərələr unudulmaz oldu..."

 

Arzulardan həyata...

 

Moskva Kinostudiyasında tanış olduğu pirotexnik peşəsinə olan böyük marağı onu 1977-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasına gətirdi. Kinostudiya rəhbərliyinə müraciət etdi. İşə qəbul olundu. Elə o vaxtdan burada çalışır.
Pirotexnik kimi ilk işi də həmin il "Şir evdən getdi" filmində oldu. Hərbi mövzuda olmadığından çox mürəkkəb səhnələr qurmaq lazım deyildi. Odur ki, tək də işləyə bilərdi. Sonra bir müddət filmlərdə pirotexnik köməkçisi kimi çalışdı. "Sizi dünyalar qədər sevirdim", "Babək" filmlərində köməkçi pirotexnik kimi işlədi. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu nəzdində ixtisasartırma kursunda təhsil aldı. 1992-ci ildən əsas pirotexnik kimi fəaliyyət göstərir.
Əlibala Məmmədov "Babamızın babasının babası", "Qətl günü", "Şahid qız", "Tələ", "Fəryad", "Laçın dəhlizi" "Ağ atlı oğlan", "Qaçaq Süleyman", "Yük", "Özgə vaxt", "Güllələnmə təxirə salınır", "Ovsunçu", "Biz qayıdacağıq", "Cavad xan" və digər çoxsaylı filmlərdə pirotexnik köməkçisi və pirotexnik olub. Rusiya istehsalı olan "Dronqo" (2002) serialında pirotexnik kimi çalışıb. 2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

 

Pirotexnik təhlükəli peşədir

 

Hərbi xidmətdə silah-sursatla davranmağı, partlayış törədilməsi və digər işləri yaxşı mənimsəməsinin faydasını çox görüb. Sonralar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu nəzdində ixtisasartırma kursunda oxuması və filmdən-filmə qazandığı təcrübələr onu bu sahənin peşəkarı edib. Elə peşəkar olduğu üçün də iş başında hər zaman diqqətli, sərvaxtdır. Çünki bəzən kiçik bir səhv belə insan ölümü ilə nəticələnə bilər. İndiyədək müxtəlif ölkələrdə filmdə müəyyən səhnələrin çəkilməsi üçün qurulmuş bombanın ya vaxtından tez, ya da yanlış yerdə partladılması faciələrə səbəb olub.
Əlibala Məmmədov işlədiyi filmlərdə adətən təhlükəli anın olmadığını bildirir: "Mən çəkilişlərdə öz bildiyim kimi hərəkət edirəm. Bu elə bir sahədir ki, gərək çox diqqətli olasan. Çünki ən kiçik yanlışlıq nəticəsində çox böyük faciələr baş verə bilər". 
Pirotexniklərin işinin nəzərə çarpması, tanınması filmdən asılıdır. "Film nə qədər uğurlu alınırsa, ondan danışacaqlar, mənim işim də görünəcək. Əgər film zəifdirsə, onda orda mən lap doğrudan da, bomba partladım, yenə də heç kim əhəmiyyət verməyəcək", - deyir Əlibala Məmmədov. 
Azərbaycan kinosunun incilərindən olan "Bəyin oğurlanması" filmindən söz salırıq. Soruşuruq ki, bütün filmlərin çəkiliş prosesində pirotexniki həmişə belə təlaşla axtarırlar, yoxsa bu filmdə belə göstərirlər?
"Bəyin oğurlanması"nda pirotexniklərin təqdimatı müsahibimizi qane etməyib. Dərhal cavab verir: "Yox, filmdə elə göstərirlər. İşlədiyim vaxt mənimlə çox zarafat etsələr, işləyə bilmərəm. Görünür, o dövrün nəsli başqa cür baxırdı bu peşəyə. "Mosfilm"in istehsalı olan "Gitara ilə qız" ("Devuşka s qitaroy") filmində Yuri Nikulinin çəkildiyi uğursuz pirotexnik rolunda da bunu görmək olar. Nikulin nəsə yandırır, partlayır, deyir ki, bacarıram. Elə olsaydı, filmin çəkilişlərində heç kim sağ qalmazdı. Heç kino da olmazdı. Bəziləri belə baxırlar ki, guya bizim sənətimiz yaradıcı deyil, sırf texniki işdir. Xaricdə bu peşəyə yüksək münasibət göstərirlər".

 

Vətən müharibəsindən bəhs edən filmlərin çəkilməsi ən böyük arzusudur

 

"Hər filmin öz romantikası, öz əhəmiyyəti var" deyir Əlibala Məmmədov. "Hər film həm də canlandırdığı dövrü anladır. "Babək" bir zamanın, "Cavad xan" başqa bir dövrün tarixi hadisələrini əks etdirir... Ancaq "Fəryad" filminin mahiyyəti mənim üçün bambaşqa oldu. Ən çox bəyəndiyim, uğurlu işim də rejissor Ceyhun Mirzəyevin həmin filmidir. Aktyorlar onlara həvalə edən rolu sadəcə oynamırdılar. O zaman hələ təzə olan yaralarımızı, dərdlərimzi bütün qəlbi, ruhu ilə hiss edərək canlandırırdılar".
Ümumiyyətlə, hərbi mövzuda, xüsusilə də müasir döyüş səhnələrinin geniş yer aldığı filmlər çəkmək onun üçün olduqca maraqlıdır. Məsələyə peşəkar pirotexnik yanaşması belədir: "Adətən belə filmlərdə tamaşaçıların həyəcanla izlədiyi döyüş epizodları, qəhrəmanların yaralanması və başqa səhnələr qurulur. Həmin filmlərdə pirotexnikin üzərinə də çox məsuliyyətli işlər düşür".
Ən böyük arzusu Vətən müharibəsindən bəhs edən filmlərin çəkilişlərində iştirak etməkdir. Amma bu, Əlibala Məmmədovun sadəcə peşəsi ilə bağlı, kinoda döyüş səhnələri qurmaq istəyi deyil. Bu arzusuna pirotexnik eyni zamanda mənəvi borc kimi baxdığını söyləyir: "44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğulları rəşadət göstərdilər. Onlar günümüzün real qəhrəmanlarıdırlar. Oğullarımızın hünərləri ilə nə qədər fəxr etsək, öyünsək, azdır. Arzumdur ki, onların rəşadətini layiqincə əks etdirən ekran əsərləri yaradaq". 
Bu, kino işçilərinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş, bizi qalib xalq kimi qürurlandırmış qəhrəmanlara həm də minnətdarlığın ifadəsi olar.... 

Zöhrə FƏRƏCOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video