Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr demək olar ki, ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir. Təbii ki, bu sırada aqrar sektorda da var. Həmin layihələr hesabına kənd təsərrüfatına aid müasir dünya təcrübəsi öyrənilir, yüksək texnologiyalar tətbiq olunur və bunun sayəsində fermerlərimiz ciddi nailiyyətlərə imza atırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Fermerlər Şurası bu yeniliklərin təbliğində fəal rol oynayır. Tərkibi 6 aydan bir rotasiya qaydasında yenilənən şurada ölkənin 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər təmsil olunurlar. Ölkənin aparıcı fermerlərinin belə bir formatda birləşməsi həm qabaqcıl təcrübənin sürətlə yayılmasına, həm də gündəmə çıxan problemlərin zamanında həllinə imkan yaradır.
Fermerlər Şurasının bir neçə gün əvvəl keçirilən toplantısında da kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış, bir sıra aktual məsələlər müzakirə edilmişdir. Tədbirdə fermerlər məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin ardıcıllığından, torpaq sahələrinin dincə qoyulmasından, aqrokimyəvi analizlərin aparılmasının zəruriliyindən danışmışlar. Müzakirə olunan mövzuların sırasında mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə, zərərvericilərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olmuşdur.
Qeyd edilmişdir ki, məhsuldarlıq yalnız yeni texnologiyaların tətbiqindən yox, həm də istehsalçılar arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsindən, qabaqcıl təcrübənin yayılma sürətindən asılıdır. Aparılan müzakirələrdə fermerlərin özləri də etiraf edirlər ki, yüksək məhsulun əldə edilməsi üçün mineral gübrələrdən düzgün istifadə etmək, toxum və texnikadan elmi qaydada faydalanmaq vacib rol oynayır. Əkin sahələrində bitkinin qida ehtiyacları bilinməyəndə, əkin düzgün becərilməyəndə, gübrələr kor-koranə veriləndə ildən-ilə həm torpağın münbitliyi, həm də məhsuldarlıq aşağı düşür.
Qubadan fermer Kərim Həsənov deyir ki, 7 hektar dəmyə torpaqda neçə ildir arpa əkir. Özü də bilir ki, torpaq zəifdir, amma pul xərcləməyə də əli gəlmir: "Artıq 7 ildir ki, hektardan güclə bir ton arpa biçirəm. Biz kəndlilər arpanı əkirik, sonra da ruzini Allahdan gözləyirik. Amma fasiləsiz əkilən torpaq gücdən düşür, tələb edir ki, onun qayğısına qalaq. Mütəxəssislər çağırmışam, analiz ediblər ki, torpaq çox zəifdir, qulluğa, gübrəyə ehtiyacı var. Gərək çoxdan məsləhətləşəydim".
Göründüyü kimi, Azərbaycanda fermerlər bağlara, əkin sahələrinə qulluq edilməsində aqranomlara getdikcə daha çox müraciət etməyə, aqrotexniki qaydalar çərçivəsində işləməyə meyillidirlər. Artıq bilirlər ki, əkin sahələrində torpaqlar analiz ediləndə tələb olunan qida maddələrinin miqdarı düzgün təyin edilir. Bundan başqa, torpaq mühitinin reaksiyasını, duzluluğunu da öyrənmək olur. Fermerlər belə geniş analizlərin nəticələrinə uyğun nə əkib-becərəcəklərini, necə dərman verəcəklərini asanlıqla dəqiqləşdirə bilirlər. Üstəlik, torpağın aqrokimyəvi analizi aparıldıqda ona qulluq etmək də asandır.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"