26 Iyun 2024 10:10
271
Səhiyyə
A- A+

Sabahımıza bu gün sahib çıxaq

 

Yaşadığımız cəmiyyətin ən ağrılı problemlərindən olan narkomaniya bəşəriyyətin bu günü və gələcəyi üçün böyük təhlükədir. 
O üzdən ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə 26 iyun 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, həmin gün "Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü" kimi qeyd olunur.
Hazırda bütün dünya narkomaniyaya qarşı mübarizə aparır. Çünki narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurur, insanların sağlamlığına böyük təhlükələr törədir, cinayətkarlığın artmasına səbəb olur. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin siyasətinin mərkəzində insan amili, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması dayanırdı. Ümummilli Liderin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli fərman cəmiyyətimizi narahat edən bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına münbit şərait yaratdı. Məhz bu fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də isə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Bunların ardınca 2000-2006-cı, 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən dövlət proqramları icra edildi. Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" icra olunur.
Bu sosial bəlaya qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın mövcud şəraitə və tələblərə uyğunlaşdırılması da Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Buna görə də tam inamla demək olar ki, hazırda dünyada narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır.
Narkotik yunanca "narke" sözündən götürülüb, mənası yuxu, huşsuzluq, cəzbetmə, ağılsızlıq deməkdir. Bu sözün ifadə etdiyi mənaya əsaslanıb demək olar ki, narkomaniya, sözün həqiqi mənasında, qorxulu, təhlükəli bir bəladır. Bu bəlaya bir dəfə düçar olan insanın sağalması çox çətin olur. Mütəxəssislərin rəyinə görə, narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Narkomaniya yaddaş və təfəkkürü pozur, real həyata laqeydlik yaradır, orqanizmin zəifləməsinə, daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Bundan başqa, ən çox QİÇS virusuna yoluxanlar da narkomanlardır.
Təəssüf ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu hal çox qorxuludur. Çünki gənclər hər bir xalqın, cəmiyyətin gələcəyidir. Elə isə gəlin, gələcəyimizi qoruyaq, onu narkomaniyaya qurban verməyək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video