24 İyul 2025 08:40
540
SİYASƏT
A- A+
Rusiyanın azərbaycanlı miqrantlara qarşı qərəzli mövqeyi nədən qaynaqlanır

Rusiyanın azərbaycanlı miqrantlara qarşı qərəzli mövqeyi nədən qaynaqlanır


Son həftələr Rusiya Federasiyasının müxtəlif bölgələrində Azərbaycan əsilli şəxslərə qarşı cinayətkarlıqla mübarizə adı altında aparılan siyasi kampaniyaya qoşulan tanınmış ictimai və dövlət xadimlərinin sayı günbəgün artır və sanki bu marafona qoşularaq hərə öz siyasi kimliyini bir daha yada salmaq, qabartmaq niyyətini büruzə verir.

Bu baxımdan Yekaterinburq şəhərində diaspor fəaliyyətində fəal şəxslərdən olan Şıxlinskilərə qarşı hüquq-mühafizə orqanlarının basqısı ilə bağlı proseslərin necə cərəyan etməsi narahatlıq doğurmaya bilməz. Adıçəkilən həmvətənlərimizin necə yaxalanmasını KİV vasitəsilə çoxsaylı insanlar izləmişlər və bu prosesin hansı kobud və qəddarlıqla, mötəbər hüquqi əsaslar olmadan, eləcə də adıçəkilən şəxslərin cəmiyyətdəki müsbət imici nəzərə alınmadan həyata keçirilməsinin şahidi olmuşlar. Belə bir ajiotajlı vəziyyətdə avtomobilə hücum edən şəxslərin kimliyini ayırd etməyə imkanı olmadığından və onu atası ilə oğurlamaq cəhdinin olduğu ehtimalı ilə dərhal geriyə hərəkət etdiyindən, qanunazidd hərəkət barədə niyyəti olmadan hansısa əməliyyatçıya xəsarət yetirilməsini bildirən Mutvalı Şıxlinski bir müddət sonra sərbəst buraxılmışdı. Lakin aradan ötən qısa müddətdən sonra araşdırma yenidən canlanaraq ali hüquq təhsilli, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, şəhərdə daimi yaşayış yeri olan Mutvalı barədə həbs qətimkan tədbiri seçilmişdir. Gözlənilməyən bir dönüş. Nə baş verdi ki, istintaq fikrini qəfildən radikal şəkildə dəyişdi? 

Bu sualın cavabı çox gecikmədi. İnternet resurslarında "Ədalətli Rusiya" partiyasının rəhbəri Sergey Mironovun müsahibəsindən aydın oldu ki, M.Şıxlinski məhz onun xahişilə saxlanılmış, partiya sədri şəxsən RF Baş Prokuroru İqor Krasnova müraciət edərək hadisənin nəzarətə götürülməsini, eləcə də Azərbaycan diasporlarının və onların bütün ölkə üzrə bizneslərinin, o cümlədən ən iri kapital bazarları "Food sity" və "Sadovod"un, habelə Şıxlinskinin biznesinin yoxlanılmasını gündəmə gətirmişdir. Rusiyanın bu "dövlət xadimi" ali hüquq təhsilli bir gənci - Mutvalını tanımadan belə onun haqqında "…bu başdanxarab gənc qaçmaq istəyərkən xüsusitəyinatlının üzərinə maşın sürüb" kimi qərəzli fikirlər səsləndirib. Nədir bu qərəzin səbəbi, nədən şimal qonşumuz azərbaycanlıların üzərinə sanki bir səlib yürüşunə başlamışdır?

Cavabı bir neçə aspektdən analiz etmək mümkündür. İlk növbədə, Rusiyanın ölkəmizə qarşı gərginliklə müşahidə olunan anormal münasibəti və bu münasibətdən irəli gələn sərt hərəkətlərlə müvafiq xidmət orqanları vasitəsilə soydaşlarımıza təzyiqlər edib incitməklə, Azərbaycanın siyasi yanaşmalarında dəyişiklik olunmasını ehtimal etmələri və ən azından ötən ilin dekabrında Rusiya səmasında-Qroznı üzərində sərnişin təyyarəmizin vurulması, həmvətənlərimizin həlak olması ilə bağlı müvafiq tələblərimizin bir növ unudulmasını istəmələridir. Həmçinin görünən odur ki, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə ərazilərimizin erməni separatçılarından tam təmizlənməsi, bundan sonra isə Rusiyanın "sülhməramlı" adlandırdıqları hərbi birləşməsinin respublikamızdan çıxarılması faktını şimal qonşumuz heç cür həzm edə bilmir və imperiya düşüncəsi hələ də onu rahatsız edərək digər postsovet ölkələrinə qarşı aqressiv hərəkətlərə sövq edir.

Digər tərəfdən, suveren Ukrayna dövlətinə qarşı 4-cü ildir davam edən "xüsusi hərbi əməliyyat" adlandırdıqları müharibədə milyondan artıq vətəndaşını itirməsi və ölkə daxilində dövlət və hökumət rəhbərliyinə qarşı yaranan kütləvi narazılıqları başqa səmtə  yönəltmək istəyidir. Yeri gəlmişkən, bu taktika əvvəllər də Rusiyada mövcud olmuşdur. Məsələn, çar Rusiyasının çətin iqtisadi durumları dövründə əhalinin fikrini yəhudilərin üzərinə yönəldərək, "yəhudiləri döyün, Rusiyanı xilas edin" kimi milliyyətçi toxumları səpməklə cəmiyyətdəki problemlərin səbəbini qeyri-rusların üzərinə atmışlar. Təbii ki, səbəblər sırasında adi insan qısqanclığı, paxıllıq, gözügötürməzlik faktorlarını da nəzərdən qaçırmaq olmaz. Qıraqdan asan görünsə də, soydaşlarımız Rusiyada özlərinə layiqli həyat qurmalarına xeyli zəhmət və əziyyət çəksələr də, rus əhalisi sanki bu əziyyətləri görməmiş kimi bütün qeyri-rusların boş yerdən varlandıqları barədə həsədlə dedi-qodular yayırlar. Obyektivlik naminə, bəzi üzdəniraq soydaşlarımızın Rusiyada kriminal işlərlə məşğul olmalarını da etiraf etmək lazımdır. Hərçənd ki, vaxtilə SSRİ və Rusiyanın prokurorluq orqanlarında xidmət etdiyimdən dəqiq deyə bilərəm ki, Qafqaz və Mərkəzi Asiya respublikaları vətəndaşlarının törətdikləri qanunazidd əməlləri rus millətindən olan şəxslərin anoloji əməlləri ilə nisbətdə faiz baxımından çox-çox aşağı səviyyədə olmuşdir…

İndi gələk Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsinə. Mutvalı Şıxlinski ali təhsilli hüquqşünasdır, Yekaterinburqda vəkil kimi fəaliyyət göstərir, məhkum olunmayıb, daimi yaşayış yeri var. Lakin RF Cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq, təqsirləndirilən şəxs barədə həbsin seçilməsi zamanı bu amil, həmçinin onun istintaqdan yayınacağı, istintaqın gedişatına mane olacağı, sübutları məhv edəcəyi barədə xüsusatların olmadığı nəzərə alınmamış, yalnız ona verilmiş ittihamın ağırlığı əsas götürülmüşdür. İttihamın özünün isə absurd olması aşkar görünür, çünki əvvəldə qeyd etdiyimiz kimi, naməlum şəxslərin qəfildən M.Şıxlinskinin idarə etdiyi avtomobilə aqressiv hücumu zamanı onun real vəziyyəti dərk etmək, həmin şəxslərin məhz hüquq-mühafizə orqanları əməkdaşlarının olmasını dürüstləşdirməyə real imkanı olmadığından avtomobili geriyə sürmüş və bu zaman  ifadəsində də bildirdiyi kimi, kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Bu da cinayətin tərkibinin əhəmiyyətli komponenti olan subyektiv tərəfin mövcudluğunu inkar edir. Hər bir halda ən azından psixoloji ekspertiza keçirilərək, belə gərgin şəraitdə onun ətrafındakı vəziyyəti düzgün qiymətləndirmək iqtidarında olub-olmaması, həmçinin hadisəni görən mülki şəxslərin dairəsi müəyyən edilərək obyektiv ifadələri alınmalı, yalnız bundan sonra sübutların məcmusuna hüquqi qiymət verilməli idi. Əvəzində isə tam əksinə olaraq, S.Mironovun zəngi əsas götürülməklə siyasiləşdirilmiş qərar qəbul olunmuşdur.

Niyə S.Mironov və digər Rusiya rəsmiləri bu məsələdə bu qədər "canfəşanlıq" edirlər? Bu, düşündürücü sualdır. KİV və internet resurslarında olan məlumatlardan göründüyü kimi, S.Mironov həqiqi hərbi xidmətini Azərbaycanda - Gəncə şəhərində keçirmiş, Bakı Slavyan Universitetinin fəxri doktoru adını almışdır. O, iki dəfə Rusiya prezidentliyinə namizədliyini irəli sürsə də, heç 1 faiz də olsun belə, seçici səsi toplaya bilməmiş, bu azmış kimi, seçki sonu namizədinin əslində V.Putin olmasını elan etmişdir. Yəni uğursuz və öz ölkəsində belə, nüfuzu olmayan, nankor, oyunbaz bir siyasətçidir və indiki halda azərbaycanlılara qarşı sərt ritorika ilə çıxış etməklə özünə siyasi dividend qazanmağa cəhd edir.

RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də miqrantlara qarşı radikal mövqe tutmasının, mənim qənaətimə görə, özəl səbəbləri var. Bu şəxsin tutduğu vəzifədə qalma müddəti bitməsinə baxmayaraq, Rusiya Prezidenti 2024-cü ilin payızında sərəncam imzalayaraq 71 yaşlı A.Bastrıkinin səlahiyyət müddətini 27 avqust 2025-ci ilədək uzatmışdır. Sanki bundan ruhlanan baş istintaqçı miqrantlara və qeyri-ruslara qarşı müstəsna radikal mövqe tutaraq Rusiya cəmiyyətinin milliyyətçi kəsimində yüksək imic qazanmaq və ölkəsinin rəhbərliyinin gözündə özünün hələ də dövlətə gərəkli olması barədə fikir formalaşdırmaq siyasətini həyata keçirir. Səbəb aydın görünür - 27 avqustdan sonra da vəzifəsini qorumaq istəyi.

Ona görə də cərəyan edən hadisələri soydaşlarımız düzgün analiz etməli, hansı dövlətdə yaşamalarından asılı olmayaraq qanunlara və sivil davranış qaydalarına hörmətlə yanaşmalı, hüquqlarının qorunması üçün bütün qanuni vasitələrdən istifadə etməli, doğulduğu Azərbaycan torpağının və xalqının adını şərəflə qorumalıdırlar və sonda mübaliğəsiz deyərdik ki, sadaladığımız bu proseslər xalqımızın iradəsini heç cür qıra bilməz. Çünki xalqımız işgüzar, cəsur xalqdır, dövlətimiz dünyəvi dəyərlərə söykənən hüquqi dövlətdir, Prezidentimiz qalib Prezidentdir, sozün əsl mənasında Qarabağ Fatehidir, Azərbaycan da əvvəlki Azərbaycan deyil və bunu qonşu dövlətlər nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.


Müqəddəs SULTANOV,

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!