TASS nə "Stepanakert"i, nə də "Naqornıy Karabax"ı diriltmək gücündədir
Rusiya tərəfi media və digər platformalarda Azərbaycana qarşı təxribat xarakterli kampaniyalarını davam etdirir. Bu günlər Xankəndi şəhərində rəssam İvan Ayvazovskinin büstünün sökulməsi məsələsini şərh edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan tərəfinin bu addımının dərin təəssüflə qarşılandığını, bunun Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini bildirib.
O, Azərbaycan tərəfini "ehtiyatlılıq nümayiş etdirməyə", "abidələrlə müharibə"yə, rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı, Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ ilə bağlı dərc edilmiş "informasiya"da Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırıb. Göründüyü kimi, faktları kobud şəkildə təhrif etməklə ölkəmizin suverenliyini şübhə altına alan şimal qonşumuz bununla imperiya maraqlarından əl çəkmək niyyətində olmadığını, Azərbaycanın regionun lider ölkəsi kimi müstəqil siyasət yürütməsini həzm edə bilmədiyini göstərir. Yaratdığı yeni reallıqlarla cəmi 5 il əvvələ qədər münaqişə zonası olan Cənubi Qafqazı inkişaf, qarşılıqlı əlaqələr üçün əlverişli bölgəyə çevirən ölkəmizin çoxvektorlu siyasət yürütməsi, müstəqil qərarlar qəbul etməsi, eyni zamanda yeni və ədalətli dünya nizamının qurulması naminə mühüm təşəbbüslərlə çıxış etməsi təbii ki, regionda hər zaman maraqları olan Rusiyanın diqqətindən yayınmır. Yeni Kaledoniya dövlətinin yaradılmasının fonunda Azərbaycanın başlatdığı dekolonizasiya hərəkatının uğurlarının beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurması da bir ayrı reallıq kimi Moskvanı dərindən düşünməyə vadar edir.
Reallıqdır ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olaraq bu münaqişənin heç zaman tənzimlənməməsi Rusiyanın marağında olub. Çünki işğal faktı və Azərbaycan ərazilərində separatizmin hökm sürməsi bu ölkənin Cənubi Qafqaza birbaşa müdaxiləsi üçün əlverişli zəmin yaradırdı. Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının törətdiyi qanunsuz əməllər də hər kəsin xatirindədir. Onlardan biri də 2021-ci ilin dekabrında "Rusiya şöhrət xiyabanı" layihəsi çərçivəsində Xankəndidə qanunsuz şəkildə separatçılar və Rusiya sülhməramlıları tərəfindən rəssam İvan Ayvazovskinin heykəlinin ucaldılması idi. Nə yaxşı ki, Qarabağda separatizmin məhvi ilə Rusiya sülhməramlılarının fəaliyyətinə bölgədə ehtiyac qalmadı və onlar vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etdilər.
İndi Qarabağ beynəlxalq tədbirlərin keçirildiyi və sülh mesajlarının verildiyi ünvana çevrilib. Laçında üç qardaş ölkənin - Azərbaycan, Türkiyə, Pakistan liderlərinin görüşləri, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən Zirvə görüşü dünyaya səs saldı. Paralel olaraq Azərbaycan-Ermənistan sülh danışıqları istiqamətində mühüm irəliləyişlər əldə olunub və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən ikitərəfli danışıqlar bu istiqamətdə mühüm addım kimi dəyərləndirilir. Etibarlı ölkə olaraq verdiyi bütün vədləri məsuliyyətlə gerçəkləşdirən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Yaxın Şərq siyasətini uğurla irəlilədən və ABŞ, Çin kimi dünya nəhənglərinin hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğu respublikamız beynəlxalq problemlərin həllində də yaxından iştirak edir. Sadalanan bütün bu gerçəkliklər həm də Rusiyanın Cənubi Qafqazla bağlı cızdığı məkrli planların suya düşürülməsi anlamına gəlir.
Rusiyanın Xankəndi dərdi
Buna görə də Moskva əlində olan bütün təsir alətlərini işə salaraq Bakıya təzyiq göstərmək istəyir. Sərnişin təyyarəmizi Qroznı üzərində vuran Rusiyadan Azərbaycanın qətiyyətlə cavab tələb etməsi, ölkədəki güc strukturlarının burada yaşayan həmvətənlərimizə qarşı vandal davranışlarının hesabını sorması Moskvanı özündən çıxarıb. Rusiyanın Əməkdar mədəniyyət işçisi və tanınmış jurnalisti Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi də Rusiyanın anti-Azərbaycan kampaniyasının halqasıdır. Bu qərarın verilməsinə isə Mixail Qusmanın Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak etməsi və Prezident İlham Əliyevə ünvanladığı sual olub. Xatırladaq ki, o, ölkəmizin rəhbərindən Prezident olaraq uğurlu xarici diplomatiyası, çoxvektorlu siyasəti, sözünə sadiq liderliyinin nədən qaynaqlandığını soruşmuş və bunun bir neçə təməl prinsiplərini sadalamasını xahiş etmişdi.
Obyektiv sualına görə qəzəbə gələn Mixail Qusmanın vəzifəsindən uzaqlaşdırılmasından az sonra Rusiya dövlət informasiya agentliyi TASS-ın sərgilədiyi və jurnalistikanın prinsiplərini ayaqlar altına atan anti-Azərbaycan ritorikası sübut etdi ki, bu agentliyin redaksiya siyasətinə kənardan yön verilir. Belə olmasaydı, o boyda dövlət informasiya agentliyi dərc etdiyi məqaləsində Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırmazdı.
Tarixi faktlarda da əksini tapıb ki, XX əsrin əvvəllərində Azərbaycanda sovet hakimiyyəti qurulub və həmin dövrdə Qarabağda sayları çox az olan ermənilər üçün heç bir hüquqi əsası olmadan və Azərbaycan xalqının iradəsi əleyhinə olaraq "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlandırılan bir qurum yaradılıb. Bu qurumun mərkəzi əvvəlcə Şuşa şəhəri elan olunub. Sonradan isə azərbaycanlıların tarixi şəhəri Xankəndiyə məqsədyönlü şəkildə daşnak, qatil, xalqımızın qanına əlini batırmış Stepan Şaumyanın şərəfinə Stepanakert adı verilib və mərkəz ora olub.
1988-ci il hadisələri də elə bu tarixi şəhərimizdən alovlanmış, erməni separatçıları düz 30 il Xankəndidə yuvalanmışdılar. Lakin bütün bu haqsızlıqlara indi son qoyulub, ədalət yerini tapıb. 15 oktyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldıb. "...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir...
...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər", - deyə Xankəndidə bayrağımızı qürurla ucaldan Prezident İlham Əliyev də dünyaya bəyan edib.
Bu mənada Xankəndi şəhərinin TASS agentliyi tərəfindən "Stepanakert" adlandırılmasında hansısa texniki səhvdən söhbət gedə bilməz, bu, qəsdən törədilmiş ideoloji təxribatdır.
Qeyri-dost addım
"Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur". Bu fikirlər Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli mətbuatın suallarına cavabında əks olunub.
A.Hacızadə qeyd edib ki, "erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub: "Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur".
XİN sözçüsü əlavə edib ki, cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib: "Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin "ləğv edilməsi" iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur".
A.Hacızadə vurğulayıb ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir: "Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi".
Həmçinin mətbuat katibi diqqətə çatdırıb ki, Rusiyanın rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər: "TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasından sonra TASS geri addım atmağa məcbur olub, amma yenə də qərəzindən əl götürməyib. Agentlik verdiyi xəbərin başlığında "Stepanakert" sözünü silərək, bu dəfə də "Dağlıq Qarabağ" ifadəsindən istifadə edib. Halbuki dünyada "Naqornıy Karabax" adlı coğrafi ərazi yoxdur və olmayacaq.
Görəsən, son bir həftə ərzində nə dəyişdi?!
Sözügedən məsələ ilə əlaqədar Azərbaycan İnformasiya Agentliyi - AZƏRTAC-ın bəyanatında deyilir ki, iyulun 31-də Rusiya Federasiyasının TASS İnformasiya Agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yayıb: "Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış "Stepanakert" toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından - Xankəndidən istifadə edirdi. TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi "diriltmək" qərarına gəldi?"
Bəyanatda daha sonra bildirilir: "Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sucuk-Qala), Yujno-Saxalinsk (Toyohara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İdil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq".
Azərbaycanın tarixə, ədalətə, beynəlxalq hüquqa söykənən qələbəsi Cənubi Qafqazda status-kvonu dəyişib. Separatçıların "Stepanakert", "Dağlıq Qarabağ" kimi uydurma toponimləri də gedər-gəlməzə - cəhənnəmə göndərilib. Buna görə də Rusiya tərəfinin media ruporları vasitəsilə baş verən hadisələri manipulyasiya etmək, faktları təhrif olunmuş şəkildə çatdırmaq, "ölü toponim"ləri diriltmək kimi çirkin əməlləri sayəsində bölgədə münaqişəni canlı saxlamaq cəhdləri də əbəsdir. Çünki Azərbaycan milli maraqlarımıza qarşı törədlən istənilən təxribata qarşı adekvat cavab vermək gücündədir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"