"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir və bütün bunlar Azərbaycanın bu missiyanın Ermənistanda yerləşdirilməsinə etiraz etməsində nə qədər haqlı olduğunu isbatlayır.
Deputat qeyd edib ki, müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edir: "Bu prosesdə Fransa daha çox fəallıq göstərir. "Mülki missiya" adı ilə hərbi-kəşfiyyat qrupunun bu ölkənin ərazisində mövcudluğu da sözügedən məqsədlər sırasındadır. Əslində, ötən dövrdə sübut olunub ki, regionda Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) gerçək məqsədi sülhə töhfə vermək deyil. Aİ-nin missiyası indiyədək şərti sərhəddə Ermənistanın hərbi təxribatlarının qarşısını ala bilməyib. Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqdan Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Halbuki bu müddətdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar. Sadəcə, missiyanın üzvlərinin sayı artırılaraq 200 nəfəri ötüb. Bu da Qərbin, xüsusilə Fransanın müəyyən maraqlarının göstəricisidir. Bütün bunların fonunda Avropa İttifaqı missiyasının müddətini daha iki il - 2027-ci ilin fevralın 19-dək uzadılmasında rəsmi Paris xüsusi rol oynayıb".
S.Fətəliyevanın sözlərinə görə, missiya üzvlərinin son zamanlar şərti sərhəddə tez-tez görünmələri, Azərbaycan tərəfini müşahidə etmələri bir sıra məqamlardan xəbər verir: "Bununla Aİ missiyasının guya şərti sərhəddə "fəal iş apardıqları" görüntüsü yaratmağa çalışılır. Digər tərəfdən, son vaxtlar onların gecələr də "patrul xidməti" həyata keçirmək istəyi müəyyən suallar doğurur. Görünür, Fransa gündüzlər yerinə yetirilən "missiya"dan narazıdır. Ona görə də, belə bir qərar verilib. Regionda vəziyyəti gərginləşdirmək istəyən Fransa yəqin ki, Aİ missiyasına "gecə təxribatları" törətmək barədə göstəriş verib. Bilirsiniz ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini tez-tez Azərbaycanla şərti sərhədə gəlib hansısa "təftiş" aparır. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxardı. Bütün bunlar təsdiqləyir ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ermənistan anlamalıdır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. Son vaxtlar Ermənistanın şərti sərhəddə hərbi təxribatlar törətməsi də ciddi suallar doğurur. Rəsmi Bakının mövqeyi belədir ki, sözügedən missiya regional sabitlik, habelə tərəflər arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Ona görə də, rəsmi İrəvan Fransanın regionla bağlı çirkin planlarına alət olmamalıdır".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"