20 Sentyabr 2025 08:20
559
CƏMİYYƏT
A- A+
Rəşadət dolu həyat

Rəşadət dolu həyat


Gecənin sükutunu yeddi yaşlı uşağın divarlarda əks-səda verən səsi pozdu. Sanki ruhunu parçalayan bir boşluğun içindən gəlirdi bu hıçqırıq səsi. Ana tələsik otağa girdi, titrək əlləri ilə ona toxundu:

- Burdayam, - dedi - oğlum, burdayam. Yuxu görmüsən?..

- Atamı gördüm… Mən atamı istəyirəm… Ana, görəsən Allaha çox-çox dua etsəm, atamı geri gətirər?..

Və anasının sinəsinə sığındı. Hıçqırtılar azaldı, amma qəlbinin dərinliyindəki səs susmadı, heç vaxt susmayacaq da...


Atasının arzusunu yerinə yetirdi


Yağı düşmən təkcə vətən torpaqlarımızı yaralamadı, təkcə neçə-neçə nər igidlərimizin canına qıymadı, yüzlərlə, minlərlə ailənin ocağını söndürdü, gözləri yaşlı, ürəkləri nisgilli, intizarlı, həsrətli qoydu. Hər şəhidin arxasında sükuta qərq olmuş bir ev, gözü yaşlı, ürəyi dağlı ana, həyat yoldaşı, övlad qaldı. Düşmən yalnız torpağımızı deyil, ailələrimizin sevincini, ömrümüzün ən dəyərli parçalarını da bizdən aldı.

Vətənini öz həyatından üstün tutan şəhidlərimizin hekayəsi isə ayrı bir dastandır. O dastanlardan biri də Çevik Polis Alayının çavuşu Ramil Şirinovun həyat yoludur. Uşaqkən xəyal etdiyi arzuları, gənclik illərində qazandığı uğurları, son səfərinə gedərkən söylədiyi sözləri ilə o, yaddaşlarda silinməz iz buraxdı. 

Şirinov Ramil Arif oğlu 1987-ci il avqustun 8-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ziyalı ailəsində anadan olub. İlk təhsilini qəsəbədəki Rəhim Alışov adına tam orta məktəbində alıb. Daha sonra ailəsi ilə birlikdə Sumqayıta köçüb və təhsilini 12 saylı tam orta məktəbdə başa vurub.

Ramil hələ 18 yaşında ikən həyatının ən sərt sınağıyla qarşılaşır. Bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan və son günlərini yaşayan atası onu yanına çağırıb hara qəbul olduğunu soruşur. Atasının bu dünyadakı son gününün olduğunu hiss edən Ramil hələ cavablar çıxmasa da, onun nigaranlığına son qoymaq üçün Azərbaycan Texnologiya Universitetinə qəbul olduğunu deyir. Bu, onların son söhbəti olur. Bir neçə gün sonra nəticələr elan edilir və məlum olur ki, Ramil həqiqətən Azərbaycan Texnologiya Universitetinə qəbul olunub.

Universiteti bitirib, həqiqi hərbi xidmətə yollanır. Sonra bir müddət mülki işlərdə çalışır. Uşaqlıqdan idmanla məşğul olan Ramil həm intizamı, savadı, həm də fiziki hazırlığı ilə həmişə seçilir. Günlərin birində təsadüfən polis orqanlarına qəbulla bağlı elan görür, sənədlərini hazırlayıb müraciət edir. Sıra baxışı zamanı Ramil DİN rəhbərliyinin diqqətini cəlb edir və birbaşa nazirliyin Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı taboruna göndərilir.


O dünyadan gələn qonaq...


2017-ci ildə sevib-seçdiyi Aynur xanımla ailə həyatı qurur, Arif və Şəms adlı övladları dünyaya gəlir. Aynur xanım deyir ki, onu belə erkən itirəcəyini bilsəymiş, yenə də onu seçərmiş: "Heç küsmədik, incimədik biri-birimizdən. O qədər xoşbəxt idim ki... Heyif ki, xoşbəxtliyimiz uzun çəkmədi. O, mənim yalnız həyat yoldaşım deyildi, dostum, sirdaşım idi. Tanıdığım heç kimə bənzəmirdi, sanki bu dünyaya aid deyildi. Yanımda olanda dünya mənim idi. Hərdən düşünürdüm ki, ona, bizə nəsə olacaq... Qorxduğum başıma gəldi".

Aynur Şirinova deyir ki, polis xanımı olmaq nə qədər qürurverici olsa da, bir o qədər çətin idi: "Ailəmiz üçün önəmli olan günlərdə, bayramlarda çox zaman yanımızda olmurdu. Ad günlərimizi çox vaxt bir neçə gün sonra qeyd edirdik. Onun evdə, yanımızda olması bizim üçün həmişə toy-bayram idi. Ramilin istirahət gününü səbirsizliklə gözləyib, uşaq kimi sevinirdik".

2023-cü ilin  sentyabrında Ramil deyib ki, yaxın günlərdə təlimə gedəcəklər. Elə o gündən Aynurun yuxuları ərşə çəkilib: "Bugünkü kimi yadımdadır. Sentyabrın 13-ü idi. Gecə 3-də qəfil oyandım, öz-özümə dedim ki, Ramilə bir şey olsa nə edərəm, necə yaşayaram, uşaqları necə böyüdərəm. Özü də evdə idi. O qədər ağırlıq vardı ki üstümdə..."

Şəhid xanımının həyat yoldaşı ilə son görüşü sentyabrın 18-də olub. İşdə olan xanımına zəng edib, Qarabağa gedəcəyini deyib. Aynur onu yola salmaq, çantasını hazırlamaq üçün evə gedib. "Sanki son sözlərini demək üçün çağırmışdı. Ağlaya-ağlaya gəldim, onu bir daha görməyəcəyimdən elə qorxurdum ki. Sağollaşıb qapıdan çıxanda arxaya dönüb gördü ki, ağlayıram. Dedi ki, "ağlama, üç günə qayıdacam..." Sözünü tutdu, düz üç gün sonra qayıtdı... Ramil gedəndən sonra heç yerə sığmırdım. Sanki dünya balacalaşıb bapbalaca olmuşdu. Həmin gün axşam telefonla düz 40 dəqiqə danışdıq. Həmişə iş vaxtı, yoldaşları yanında olanda bizimlə çox danışmazdı. Bu dəfə vəziyyətin fərqli olduğunu o da bilirdi".

Sonuncu dəfə Füzulidə olublar. Ramil yazıb ki, telefonun enerjisi az olduğu üçün söndürür, bir də  mənzil başına çatanda zəng edəcək.


Gözü yolda qalan var...


O gecə Aynurun gözünə yuxu getməyib. Səhər xəbərlərdə Xocavənd rayonu istiqamətində polislərin minaya düşdüyünü, şəhidlərimizin olduğunu oxuyub. Telefon əlindən yerə düşüb. Nigaran olsa da, məcbur işə getsə də, özünə yer tapa bilməyib. Həyat yoldaşları hərbçi olan iş yoldaşları bəzən günlərlə əlaqə yarada bilmədiklərini deyib, təskinlik veriblər. Məktəbin direktoru onu kabinetinə dəvət edəndə evə, övladlarına tələsib. Sanki dəhşətli xəbərdən qaçırmış kimi. Həyətlərinə çatanda onu Ramilin polis yoldaşlarının gözlədiyini görüb...

"Ramil şəhid olanda oğlumun hələ 5 yaşı tamam olmamışdı, 15 gün sonra ad günü olacaqdı. Qızım isə iki yaş yarımlıq idi. Nitq ləngiməsi var idi deyə, fikirlərini ifadə edə bilmirdi. Sadəcə, atasının şəkillərini qucaqlayıb yavaşdan ağlayırdı. Oğlum həmişə deyirdi ki, "atam mənim dünyamdır". Onunla fəxr edirdi, qürur duyurdu. Əbəs deyilmiş", - deyir şəhid xanımı.

Şəhid Ramil Şirinovun timsalında Azərbaycan polisinin qətiyyəti, peşəkarlığı və mərdliyi tarixə yazıldı. Onun göstərdiyi igidlik və qorxmazlıq gənclərimiz üçün örnəyə, xalqımız üçün qürur mənbəyinə çevrildi. Düşmənin 23 saat 43 dəqiqəlik müqaviməti məhz belə qəhrəman oğulların sayəsində puç oldu. Bu gün biz xalqımızın yenilməz iradəsi, ordusuna inamı, ölkəmizin rəhbərinin sərkərdəlik qüdrəti və Ramil kimi oğullarımızın canı bahasına qazandığımız qələbənin verdiyi qürur hissilə Qarabağımızda azadlığın, ədalətin və əbədi Zəfərin təntənəsini yaşayırıq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!