Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi hər bir görüş beynəlxalq miqyasda Azərbaycana olan böyük maraqdan xəbər verir
Sentyabrın 23-dən etibarən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayıb.
Qurumun BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən debatlarda 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada əsas diqqət münaqişələrə, dayanıqlı inkişaf məqsədlərinə və iqlim böhranına ayrılıb.
Əlaqələrin inkişafına, yeni əməkdaşlıqlara yol açan platforma
Mötəbər beynəlxalq təşkilatların tədbirləri qlobal, dünyada maraq kəsb edən məsələlərin müzakirəsi ilə yanaşı, dövlətlər arasındakı əlaqələrin müzakirəsi baxımından da mühüm platforma hesab edilir. İkitərəfli münasibətlərin inkişafına xidmət edən razılaşmalar həm də belə tədbirlər çərçivəsində əldə olunur. Yeni əməkdaşlıq əlaqələrinin təməli məhz belə platformalarda qoyulur. Bu baxımdan BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edən Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər Azərbaycanın siyasi-iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı hər zaman böyük maraqla izlənilir. Bunun səbəbləri Prezident İlham Əliyevin özünün yüksək şəxsi keyfiyyətləri, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə bağlı baxışları, Azərbaycanın dünyanı düşündürən problemlərin həllinə verdiyi töhfələrdir. Tarixinin ən qüdrətli mərhələsini yaşayan, regionda və dünyada söz sahibi olan dövlət kimi tanınan Azərbaycan beynəlxalq səviyyədə aktuallıq kəsb edən məsələlərin müzakirəsində yaxından iştirak edir. Respublikamızın enerji siyasəti qlobal enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına dayaq durub. Elə buna görə də Prezident İlham Əliyev sayılıb-seçilən, ehtiram və etimad göstərilən siyasi liderlər sırasında yer alır.
ABŞ-yə işgüzar səfər edən Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər də bunu təsdiq edir.
Əlverişli biznes mühiti Azərbaycanı xarici sərmayə üçün cəlbedici edir
Prezident İlham Əliyevin ABŞ-də keçirdiyi görüşləri siyasi və iqtisadi əməkdaşlıqlar baxımından iki qrupa ayırmaq olar. Öncə ondan başlayaq ki, Azərbaycan hər zaman xarici biznes dairələrinə açıq olub. Respublikamızda əlverişli biznes mühiti bərqərar edilib və təsadüfi deyil ki, yatırılan sərmayələrin bir hissəsi məhz xarici şirkətlərin payına düşür. Azərbaycan iqtisadiyyatının bütün sferalarında xarici sərmayəyə rast gəlmək mümkündür.
Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ səfərinin bir daha təsdiq etdiyi həqiqətlərdən biri bundan ibarətdir ki, bu ölkənin biznes dairələri Azərbaycanda fəaliyyət göstərməkdə və ya ölkəmizdəki işlərini daha da genişləndirməkdə maraqlıdırlar. ABŞ-də olduğu müddətdə dövlətimizin başçısı dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin, beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edən "Neuberger Berman" şirkətinin, alternativ investisiyaları idarə edən "Blackstone" şirkətinin, kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərən "Ares Management" şirkətinin, 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edən "Franklin Templeton" şirkətinin, qlobal infra-struktur investisiya idarəetmə şirkəti olan "Global Infrastructure Partners"in rəhbərləri ilə görüşüb. Xüsusilə qeyd edilməlidir ki, bu görüşlər qarşı tərəflərin müraciəti əsasında baş tutub və bu da onların Azərbaycanla əməkdaşlığa olan maraqlarından irəli gəlir.
Azərbaycandakı sabitlik, şəffaf və əlverişli biznes mühiti xarici şirkətləri ölkəmizlə yeni tərəfdaşlıq əlaqələrinə sövq edir. Onların rəhbərlərinin müraciət edərək ABŞ-də Prezident İlham Əliyevlə görüşmələri Azərbaycanın enerji və investisiya potensialına olan marağın göstəricisidir.
Hər bir görüş Azərbaycanın güclü mövqelərinin ifadəsinə çevrildi
Prezident İlham Əliyevin Nyu York səfəri Azərbaycanın xarici siyasi əlaqələri baxımından çoxsaylı görüşlərin keçirilməsi ilə əlamətdardır. Dövlətimizin başçısı BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, Keniya Prezidenti Uilyam Samoei Ruto, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza və Bolqarıstanın Baş naziri Rosen Æelyazkov ilə görüşüb.
Əlbəttə ki, bu görüşlərin hər biri Azərbaycanın xarici əlaqələri baxımından böyük əhəmiyyət kəsb edir. Bütün görüşlərdə Azərbaycanla Ermənistan arasında avqust ayında Vaşinqtonda əldə olunan razılaşmaların yüksək qiymətləndirilməsi isə həm də sülh gündəliyinin təşəbbüskarı olan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətinin təqdir olunmasıdır.
Bu gün Azərbaycan dünyada yalnız Qafqazın lideri və aparıcı dövləti kimi tanınmır. Azərbaycan həm də regional və qlobal proseslərin əsas iştirakçılarından, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarından biri kimi tanınır. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi olmaqla yanaşı, Azərbaycanın regionda və dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. İndi Azərbaycan qlobal miqyasda müharibədə qalib gəlmiş dövlət kimi tanınır.
Dünya həm də Azərbaycanı qlobal sülhə və təhlükəsizliyə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən ölkə kimi tanıyır. Və bütün bu həqiqətlər zəncirvari şəkildə birləşərək tarixin ən güclü Azərbaycanını dünyaya bəyan edir.
Beynəlxalq səviyyədə Azərbaycanla əməkdaşlığa olan yüksək marağın əsas səbəbi də bunlardır. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ səfəri həm də Azərbaycanın xarici əlaqələrinin inkişafına və genişlənməsinə xidmət edən görüşlərlə əlamətdar oldu. Dövlətimizin başçısının keçirdiyi hər bir görüş Azərbaycanın regionda və dünyada malik olduğu güclü mövqelərinin ifadəsi, rəsmi Bakının qlobal nüfuzunun təsdiqi baxımından böyük əhəmiyyət kəsb etdi.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"