Yaxud Rusiyada erməniəsilli rəssama görə isterikanın məqsədi nədir?
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin Ermənistan silahlı qüvvələri və Xankəndidə yuva salmış hərbi-kriminal xuntanın işğalı altında olduğu illərdə məhv edilən, tarixi saxtalaşdırılan və ya ən yaxşı halda ciddi zərər vurulan dəyərlərimizdən biri də maddi mədəniyyət abidələrimiz olub. Onlarla məscidlərimiz amansızlıqla təhqir edilib və dağıdılıb, məzarlıqlarımız yer üzündən silinib.
Tariximizdə, mədəniyyət və incəsənətimizdə, ədəbiyyatımızda görkəmli rol oynamış şəxsiyyətlərimizin abidələri uçurdulub, Şuşanın simvollarından olan Natəvan, Bülbül və dahi Üzeyir bəyin büstləri təhqir edilib, satılmaq üçün İrəvana aparılıb. Yalnız Ulu Öndər Heydər Əliyevin səyləri ilə onlar geri qaytarılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə yenidən azad olunmuş Şuşada tarixi yerlərində quraşdırılıb.
Təəssüf ki, 30 ilə yaxın bir dövrdə dünya bu vəhşətə göz yumub, münaqişənin guya ki, nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu üzvlərindən heç biri Ermənistana irad bildirməyib. Əksinə, bu illər ərzində biz başqa mənzərənin şahidi olmuşuq: erməni separatçıları bizə məxsus tarixi abidələri saxtalaşdırıb öz adlarına çıxıblar, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və əlləri xalqımızın qanına batmış canilərin heykəl və büstlərini yaşayış məntəqələrimizdə quraşdırıblar. Məsələn, Şuşada şəhərin işğalına rəhbərlik edən şəxslərdən biri - Ermənistanın o vaxtkı müdafiə naziri, sonra hökumətinin başçısı Vazgen Sarkisyanın heykəli qoyulmuşdu. Laçında isə İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin abidəsi saxtalaşdırılaraq Qarabağın işğalçılarının "xatirə lövhəsi"nə çevrilmişdi. Bu cinayətlərin ən təəccüb doğuran və bəlkə də gülməli olan tərəfi odur ki, ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu qanunsuz qurğuları sökdükcə Ermənistan tərəfindən elə "ah-nalə" qaldırılır ki, sanki biz torpaqlarımızı işğal etmiş canilərin heykəl və büstlərini qoruyub saxlamalı, hətta vaxt olanda onları tər əklillərlə "yad etməliyikmiş". Bu anormal təxəyyülün daha bir problemli tərəfi odur ki, dünya ya bu reallıqdan xəbərsizdir, ya gerçək vəziyyəti bilmək istəmir, ya da ənənəvi ermənipərəstliyindən qurtulmaq imkanında deyil.
Erməniəsilli rəssamın heykəlinin Xankəndidə nə işi vardı?
Azərbaycan dövlətinin heç bir icazəsi olmadan, özbaşına formada quraşdırılan və ya tikilən abidə və obyektlərin bir qismi də 2020-2023-cü illər arasındakı dövrə təsadüf edir. Erməni separatçıları Rusiya sülhməramlılarına güvənərək ötən illərdə törətdikləri qanunsuzluqları davam etdiriblər. Səlahiyyətlərini aşan və missiyalarının gerçək təyinatını "unudan" sülhməramlıların bəzi rəhbərləri isə separatçıların xoşuna gəlmək və onların dəstəyini qazanmaq üçün addımlar atmaqdan çəkinməyiblər. Məsələn, erməniəsilli sovet marşalı Baqramyanın heykəlini mütəmadi yad edib, qarşısına gül düzüblər.
İndi də son bir neçə gündür ciddi müzakirəyə çevrilmiş hadisə - rəssam İvan Ayvazovskinin Xankəndidəki abidəsinin demontajı mövzusu Ermənistan və Rusiya mediası tərəfindən qəsdlə manipulyasiya edilir. Ermənilər bundan "Azərbaycanın Rusiyaya qarşı" addımı kimi istifadə edirlər, rus KİV-ində isə bilərəkdən Azərbaycanın "rus mədəniyyətinə münasibətində hörmətsizlik" axtarışına çıxıblar.
Ermənilərlə məsələ aydındır. Ancaq hansı səbəbdən Rusiya mediasında bu büstün tarixi ilə maraqlanıb əsl gerçəkliyi üzə çıxarmaq istəmirlər - aydın deyil. Əslində, aydındır. Amma yenə də maraqlıdır: bu, qərəzdir, yaxud qeyri-peşəkarlıq? Məsələn, əsl adı Hovanes Ayvasyan olan İvan Ayvazovskinin büstü hansı əsasla Azərbaycan torpağında qoyulmalı idi? Onu "ucaldarkən" Azərbaycan hökumətindən icazə alınmışdımı? Yaxud Qarabağdakı rus sülhməramlılarının missiyasında bu kimi fəaliyyət növü yazılmışdımı? İndi heç kim bu suallarla maraqlanmaq istəmir, çünki Azərbaycana qarşı qərəz kampaniyasının gerçək məramı başqadır - bizi gözdən salmaq və Bakı-Moskva münasibətlərini gərginləşdirmək.
Rusiya mediası "stepanakert" və "artsax" axtarışında
Erməniəsilli rəssamın qanunsuz abidəsinin demontajı hadisəsi fonunda Rusiyanın bəzi KİV-ində tüğyan edən anti-Azərbaycan kampaniyası təbii ki, təəssüf doğurur. Xüsusən də o media orqanlarındakı, onlar həmişə azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq ediblər, Azərbaycan dövlətinin diqqətində olublar. Avqustun 1-də TASS agentliyi tərəfindən dərc edilən materialda Ayvazovskinin heykəlinin demontajının "rus mədəniyyətinə qarşı qəsd" prizmasından yozulması, üstəlik bu zaman "stepanakert", "naqornıy Karabax", "artsax" kimi ifadələrə yer verilməsi isə bu diqqətin fonunda yumşaq desək, ədalətsizlikdir.
Maraqlıdır ki, TASS agentliyi Rusiya media orqanları arasında bu kimi məqamlara diqqətli yanaşması ilə seçilən KİV olub. Ancaq III Şuşa Qlobal Media Forumundakı iştirakından sonra qəflətən və müəmmalı şəkildə "təqaüdə göndərilən" Mixail Qusmanın yoxluğundan istifadə edən agentlik bu siyasətində dəyişiklik etmək qərarına gəlib.
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin "stepanakert" adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım idi, hətta bu "səhv" sonradan düzəldilsə də. Əgər dövlət agentliyində hesab edirlərsə ki, burada qeyri-adi heç nə yoxdur, onda biz də Rusiyanın yaşayış məntəqələri və coğrafi yerlərinin adlarını çəkərkən tarixə müraciət edə bilərik. Bizim tarixi toponimlərimiz son iki əsrdə necə erməniləşdirilib saxtalaşdırılmışdısa, Rusiyadakı bəzi şəhər, çay və dağların türk mənşəli adları da ruslaşdırılmışdır. Odur ki, bizim dilimizə və qulağımıza doğma olan adlardan istifadə etməyimiz çətinlik törətməz, hətta xoş olar.
Niyə məhz Ayvazovski...
Məsələyə münasibət bildirən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy da bu direktivdən, görünür ki, təlimatdan çıxış edərək Ayvazovskinin qanunsuz qoyulmuş büstünün demontajına "rus mədəniyyətinə hörmətsizlik" prizmasından yanaşmağa çalışıb. Artıq Azərbaycan XİN-i Şvıdkoyun da iştirakçısı olduğu Rusiyanın media orqanlarındakı bu təxribata dərhal reaksiya verib və irəli sürülmüş iddiaları əsaslı dəlillərlə alt-üst edib: "Erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub... Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları növbəti yalandır... Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin "ləğv edilməsi" iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur".
O da maraqlıdır ki, Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Şuşada olan zaman Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vandallıqlar, habelə törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlama verməyib. Bəs nədən indi erməniəsilli rəssam belə hay-küyə səbəb olub?
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Rusiya sülhməramlıları Xankəndidə rus mədəniyyətinin digər görkəmli nümayəndələrinin də heykəl və büstünü quraşdıra bilərdilər. Ancaq məhz Ayvazovskini seçdilər. Niyə? Yerli ermənilərə xüsusi münasibətlərinə eyham vurmaq məqsədiləmi? Yoxsa Azərbaycana göstərmək üçün ki, biz buraya separatçıları müdafiə etməyə gəlmişik?
Siyasət reallıq sənətidir. Reallıq isə ondan ibarətdir ki, bu gün bütün Qarabağ və Şəqri Zəngəzur kimi Xankəndi də Azərbaycandır. İndi bu torpaqlarda separatçıların heç bir izi ola bilməz. Ərazi bütövlüyümüzü təmin etmişik. Tarixi abidələrimiz bərpa olunur, yaşayış məntəqələrimiz yenidən qurulur. Başımızın üstündə isə öz bayrağımız dalğalanır, işğaldan azad edilmiş şəhərlərimizdə öz dahilərimizin abidələri qoyulur. O üzdən kimsə Ayvazovskinin büstünə görə "haray" qoparmaqla, Xankəndiyə "stepanakert" deməklə heç nəyi dəyişdirə bilməz.
İradə ƏLİYEVA,
"Azərbaycan"