Bu gün Rabatda “Dinlərarası harmoniya: Sülh içində birgəyaşayışın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Mərakeşdəki səfirliyinin birgə əməkdaşlığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, ICESCO-nun baş qərargahında keçirilən konfransda sülh içində birgəyaşayış, qarşılıqlı hörmət və dini dözümlülüyün qlobal əhəmiyyəti ilə bağlı müzakirələr aparılır, Azərbaycanın dini müxtəliflik sahəsində uğurla tətbiq etdiyi nümunələr təqdim olunur.
Dini liderlər, siyasətçilər və din alimləri arasında dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də dinlərarası anlaşmanın təşviqi və dini dözümsüzlük halları ilə mübarizə üçün ən yaxşı təcrübə mübadiləsi konfransın müzakirə mövzularıdır.
Konfransda Azərbaycan və Mərakeşin nüfuzlu elm və fikir adamları, eləcə də Misir, Liviya, Tunis, İtaliya, İngiltərə və digər ölkələrdən dini mövzular üzrə mütəxəssislər iştirak edirlər.
Tədbir çərçivəsində “Ortaq insanlıq və fərqli dinlər” adlı sərgi də təşkil olunub. Sərgidə Azərbaycanda mövcud tolerantlıq mühiti, ICESCO tərəfindən 2024-cü ilin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinin tarixi və mədəni abidələri ilə bağlı fotolar və digər nümunələr nümayiş olunur.
Bu tədbir müxtəlif dinlərdən olan cəmiyyətlər arasında dialoq, anlaşma və birgəyaşayış dəyərlərinin daha da inkişaf etdirilməsi yolunda mühüm bir addım olacaq.