21 Yanvar 2026 16:37
724
İDMAN
A- A+
Qurban Qurbanov: “Qarabağ” Bundesliqada çıxış etsəydi, autsayder olmazdı

Qurban Qurbanov: “Qarabağ” Bundesliqada çıxış etsəydi, autsayder olmazdı


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azərbaycanlı jurnalist Rasim Mövsümzadənin əməkdaşlıq etdiyi Almaniyanın ən məşhur idman nəşrlərindən biri olan “Kicker” jurnalına müsahibə verib.

- Siz vaxtilə almaniyalı məşqçilərinin yanında təcrübə keçmisiniz. Alman futbol mədəniyyətindən nələri mənimsəmisiniz?

- 2010-cu ilin avqustunda Avropa Liqasının pley-off oyunları zamanı biz "Borussiya Dortmund" ilə yaxşı münasibətlər qurmuşduq və bunun nəticəsi olaraq, bir qədər sonra orada Yurgen Kloppun yanında təcrübə keçmək imkanım oldu. Bir neçə gün ərzində onun məşq prosesini izləmək və məşqçilik işinin peşəkar tərəfləri haqqında onunla müzakirələr aparmaq mənim üçün əvəzolunmaz təcrübə idi. Fürsətdən istifadə edib ona salamlarımı çatdırır və peşəkar inkişafıma mühüm töhfə verən bu qeyri-adi şansı mənə yaratdığı üçün dərin minnətdarlığımı bildirirəm.

- Alman futbolunun hansı aspektləri sizin üçün xüsusilə maraqlıdır?

- Alman futbolu hər zaman ciddi daxili intizam və hər oyuna yüksək konsentrasiyalı hazırlıqla seçilib. Bunlar Avropa futbolunun inkişafına təkan verən faktorlardır. Əsas güc isə hələ uşaq futbolundan aşılanan, sadə oyun, sürət və kollektiv nizama üstünlük verən mentalitetdir. Bu "dəmir intizam" alman futbolçularının rəqibdən və ya hesabdan asılı olmayaraq, final fitinə qədər məsuliyyəti üzərlərinə götürmələrini və diqqətli qalmalarını təmin edir. Bu sadəlik və dözümlülük prinsiplərini öz məşqçilik fəlsəfəmə daxil etməyim karyerama çox müsbət təsir göstərib.

- Futbolçu və ya məşqçi kimi nə vaxtsa Almaniya klublarından təklif almısınızmı?

- Xatırladığım qədərilə 1997-ci ildə - oyunçu olduğum vaxt məni məşhur almaniyalı məşqçi Bernd Ştangeyə məsləhət görmüşdülər, lakin bundan bir nəticə çıxmadı.

- Əgər “Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?

- Bütün mövsüm boyu alman komandalarına qarşı oynamaq çətindir və avrokuboklarda onlarla bir-iki dəfə qarşılaşmaqdan tam fərqlidir. Hesab edirəm ki, biz rəqabət apara bilərdik, yəni autsayder olmazdıq, lakin ilk 10-luğa düşmək asan olmazdı.

- 2010-cu ildə Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzan “Qarabağ” artıq 2024-cü ildə "Bayer"ə qarşı 2:2 hesablı nəticə əldə etdi. Bu müddət ərzində nə dəyişdi?

- O vaxt bizim avrokuboklarda ilk illərimiz idi, "Borussiya" isə özünün ən güclü dövrlərindən birini yaşayırdı. Sonradan Almaniya çempionu da oldular. Klopp yüksək sürətlə oynayan çox maraqlı komanda formalaşdırmışdı. "Bayer"ə qarşı isə biz artıq daha təcrübəli idik, lakin qrup mərhələsində onlara 1:5 hesabı ilə uduzduq və keyfiyyət fərqi aydın görünürdü. Amma onlarla yenidən qarşılaşdıqda, rəqibi daha yaxşı analiz etdik, səhvləri düzəltdik, daha özünəinamlı və diqqətli olduq. Yenə qalib gələ bilməsək də, bu oyunlar bizə böyük təcrübə və öz gücümüzə inam qazandırdı.

- İndi "Ayntraxt"a qarşı oynayacaqsınız. Gözləntiləriniz nədir?

- Dərk edirik ki, onlar bütün cəhətlərdə bizdən üstündürlər. Hazırda əsas məqsədimiz bütün oyunçuların sağlam olmasıdır ki, heyətdə rotasiyalar üçün daha çox seçimimiz olsun. Bakıda oynamağımızın üstünlüyündən də mümkün qədər yararlanmaq istəyirik. Avrokuboklardakı qələbələrimizdən sonra rəqiblər artıq bizi daha ciddi qəbul edirlər. Əminəm ki, "Ayntraxt" bizə qarşı çox ciddi hazırlaşacaq. Bu qarşılaşmada xallar hər iki komanda üçün vacibdir və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirmək üçün sona qədər mübarizə aparacağıq.

- 2013-cü ildə "Ayntraxt"a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?

- Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə məğlub olsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.

- Komandanız yeddi xalla 22-ci yerdədir. Pley-off mərhələsinə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?

- Real yanaşsaq, qalan iki oyundan birində qazanacağımız qələbə ilə də ilk 24 komanda arasında yerimizi təmin edə bilərik. Lakin bu, təkcə bizim çıxışımızdan deyil, həm də rəqiblərin nəticələrindən asılıdır. Buna görə də, qalan oyunların hər birində hətta bir xal belə bizim üçün həlledici ola bilər.

- "Qarabağ" ardıcıl 12-ci mövsümdür avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?

- Bütün uğurlarımızın təməlində "Qarabağ" adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu, bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.

- "Qarabağ"ı öz futbol fəlsəfəsinə görə "Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?

- Təbii ki, bu ləqəbi yüksək qiymətləndiririk. "Barselona"nın fəlsəfəsi və bu oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz "Barselona"nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla sadəcə tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdırlar. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.

- Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırırlar. "Qarabağ" isə bu məsələdə daha təmkinli davranır. Bunun səbəbi nədir?

- Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10 faizini heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verirlər. Əvvəllər komandaya, əsasən, azad agent olan futbolçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.

- Son vaxtlar, əsasən, Portuqaliya ikinci liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?

- Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğu üçün biz diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır. Biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.

- Komandanızda vaxtilə "İnqolştadt"da oynamış xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç də var. Nə üçün o, əsas qapıçı kimi özünü təsdiq edə bilmir?

- Qapıçı mövqeyindəki rəqabət daha böyük olur, çünki komandada bu mövqe üçün yalnız bir yer var. Amma mən Fabianın peşəkarlığından və nümunəvi xarakterindən çox razıyam. Onun hələ Çempionlar Liqasında oynamaq imkanı qazanmaması ondan narazı olmağım anlamına gəlməməlidir. O, çox çalışqan oyunçudur və əminəm ki, gələcəkdə komandaya kömək etmək üçün hələ çox şansı olacaq.

- Sizin haqqınızda deyirlər ki, məşq bazasına səhər hamıdan tez gəlir, axşam isə hamıdan gec çıxırsınız. Bu iş rejimi sizi yormur ki?

- Artıq 40 ildir futboldayam və bu idman növünə sevərək gəlmişəm. Əgər insan işini sevirsə, bezməkdən və tükənmişlikdən söhbət gedə bilməz. Əlbəttə ki, mövsüm ərzində eniş-yoxuşlar, fiziki yorğunluq və ya komandanın zəif çıxışı olur. Amma bu, futbolun təbiətində var. Tarix göstərir ki, hətta ən böyük klublar belə daim zirvədə qala bilmirlər. Əsas məsələ öz təyin etdiyin çərçivədə sabitliyi və uğuru qoruyub saxlamaqdır. Mən bu işi həqiqətən sevirəm və bezdiyimi hiss etdiyim an futbolu tərk edəcəyəm.

- Siz hər zaman çox təmkinli görünürsünüz. Niyə oyunlar zamanı emosiyalarınızı, demək olar ki, büruzə vermirsiniz?

- Bu, ilk növbədə mənim xarakterimlə bağlıdır. Bütün tapşırıqlarımı, hisslərimi və düşüncələrimi oyundan əvvəl paltardəyişmə otağında və ya məşqdə oyunçulara ötürürəm. Əgər komanda tam hazırlıqlıdırsa və hər kəs meydanda nə etməli olduğunu dəqiq bilirsə, meydanın kənarından həddindən artıq müdaxiləyə və ya süni emosiya nümayişinə ehtiyac görmürəm. Oyunun gedişatından asılı olaraq, əlbəttə, hisslərimi cilovlaya bilmədiyim anlar olur. Lakin ümumilikdə təmkinli olmağa çalışıram.

- Futbolçu olduğunuz dövrdə tez-tez klub dəyişirdiniz. Amma məşqçi kimi belə deyil: 2008-ci ildən "Qarabağ"dasınız. Başqa bir komandada, bəlkə də başqa bir ölkədə çalımağı təsəvvür edirsinizmi?

- "Qarabağ"da qurduğumuz peşəkar sistemə və bu adın daşıdığı mənəvi məsuliyyətə görə, düzünü desəm, heç vaxt başqa komanda haqqında düşünməmişəm. Futbolçu olduğum vatlarda böyük klublarda oynamaq xəyallarım var idi. Lakin bura məşqçi təyin olunduğum gündən bütün diqqətimi və enerjimi yalnız bu komandaya həsr etmişəm. Həm ölkə çempionatında, həm də Avropa arenasında hiss etdiyim daimi məsuliyyət məni bu kluba elə sıx bağlayıb ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!