Bunu "AzerGold" QSC reallaşdırır
"AzerGold" QSC Daşkəsən rayonu ərazisində bitən, "Qırmızı kitab"a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması, onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirmişdir.
"Çovdar" qızıl mədəni ərazisində təşkil edilən aksiyada QSC idarə heyəti sədrinin müavini Oqtay Məmmədov, Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun mütəxəssisləri və şirkət əməkdaşları iştirak etmişlər.
Aksiya zamanı "Rosa zangezura Jarosch." (Zəngəzur itburnusu), "Rosa nisami Sosn." (Nizami itburnusu), "Rosa pulverulenta M.Bieb" (qovuqlu itburnu), "Malus orientalis Mill." (şərq alması), "Fagus orientalis L." (şərq fıstığı), "Carpinus betulus L." (adi vələs), "Acer trautvetteri L." (trautvetter ağcaqayını), "Fraxinus excelsior L". (adi göyrüş), "Pyrus caucasica L." (Qafqaz armudu), "Pyrus salicifolia Pall." (söyüdyarpaq armud), "Euonymus grandiflorus Wall." (iriyarpaq gərməşov), "Frangula grandiflora A.Pool." (iriyarpaq kövrək mürdəşər), "Jasminum fruticans L." (kolvarı yasəmən), "İnula grandiflora" (iriçiçək andız), "Centaurea pseudocabiosa Boiss." (yalançı çətir güləvər) kimi nadir bitki növlərinin kütləvi əkini həyata keçirilmişdir.
Xatırladaq ki, "AzerGold" QSC tərəfindən nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və reintroduksiyası layihəsi ilk dəfə 2021-2022-ci illərdə icra edilib. Layihə çərçivəsində noyabr-dekabr aylarında Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə "Çovdar" mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər aşkarlanaraq toxumları yığılıb. 1 il ərzində həmin toxumlar çeşidlənib, müvafiq dərman vasitələri ilə qurudulduqdan sonra xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib. Birinci layihə çərçivəsində 2022-ci ilin noyabr ayında "Rosa zangezura Jarosch." (Zəngəzur itburnusu), "Rosa nisami Sosn." (Nizami itburnusu), "Rosa pulverulenta M.Bieb" (qovuqlu itburnu) və "Frangula grandiflora A.Pool." (iriyarpaq kövrək mürdəşər) aşkarlanaraq tarixən yetişdiyi ərazilərdə çoxaldılıb.
Qeyd edək ki, bu cür aksiyalar çərçivəsində indiyədək "Çovdar" mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 14 mindən artıq ağac və kol bitkisi əkilmiş, yaşıllıqlar salınmışdır.
S.YUNİSOĞLU,
"Azərbaycan"