Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında yük daşımalarını sürətləndirmək və daha səmərəli etmək baxımından böyük strateji əhəmiyyətə malikdir. Bu layihə vasitəsilə Yaponiya, Çin, Cənub-Şərqi Asiya və Hindistanın şirkətləri Avropaya bağlanır. Bu layihə çərçivəsində Azərbaycanın Asiya ilə Avropa arasında əlaqəni təmin etməkdə rolu kritik əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev XIII Qlobal Bakı Forumunda “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” mövzulu paneldə çıxışında bildirib.
O bildirib ki, Orta Dəhlizin aparıcı qüvvəsi Çin-Avropa ticarətidir. Dəmir yolu vasitəsilə ticarət dəniz yolu ilə müqayisədə daha sərfəli, sürətli və səmərəli olur. “Keçən il Orta Dəhliz vasitəsilə Çin-Avropa mal dövriyyəsi təxminən 70 milyard dollar həcmində olub. Şimal dəhlizi hələ də bazarın 90 faizini təşkil etsə də, Orta Dəhliz sürətli artım nümayiş etdirir – keçən ilin ilk yarısında konteyner daşımaları 93 faiz artıb”, – deyə Otorbayev vurğulayıb.
O bildirib ki, bu uğurun əsas səbəbi qonşu ölkələrin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın ahəngdar tənzimləyici mühit yaratmaqla sərhəd və gömrük prosedurlarını asanlaşdırmasıdır. Layihəyə indiyədək təxminən 40 milyard dollar sərmayə qoyulub və bu davam etdiriləcək.
C.Otorbayev əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq “quru ilə əlaqəli” bölgələrə çevrilir və bu səbəbdən Orta Dəhliz layihəsi prioritetdir. Keçən il tikintisinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Avropa ilə Çin arasındakı məsafəni 900 kilometr qısaldacaq, malların çatdırılmasını sürətləndirəcək və etibarlılığı artıracaq. Çin ilə Almaniya arasında mallar 12 gündə çatdırılacaq ki, bu da yüksəkkeyfiyyətli məhsullar üçün vacibdir.