Azərbaycan ərazilərinin zəbt edilməsinin, ermənilərin yaxın və uzaq xarici ölkələrdən məqsədli şəkildə Cənubi Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına köçürülməsinin əsasını qoyanlardan biri də I Pyotr olmuşdur. Azərbaycan xalqına və torpaqlarına qarşı qəddar siyasəti ilə tarixə düşən I Pyotr ermənilərin Azərbaycan torpaqlarına genişmiqyaslı köçürülməsinin səbəbkarı olmuşdur. Bu fikr qədim məxəzlərdən olan "Russkiy Vestnik" sənədlər toplusunun 1867-ci il buraxılışında da qeyd olunmuşdur. Onun: "Əgər növbəti yay ticarətçi, sənətkar və köçkün ermənilər Dərbənddə, Bakıda məskunlaşsalar (Allah izniylə, oraları mənimsəyəcəyik) bizim üçün yaxşı olacaq" fikirləri 1867-ci ildə "Russkiy Vestnik" jurnalının 68-ci bölməsində açıq yer alıb.
I Pyotrun siyasəti, 1727-ci ildə ərinin ölümündən sonra taxta çıxan Yekaterina Alekseyevnanın hakimiyyəti zamanı, habelə Romanovlar dönəmində daha geniş miqyasda həyata keçirilib. Ötən əsrin 20-ci illərində sovet hakimiyyətinin əli ilə bu ənənə öz kluminasiya nöqtəsinə yüksəlib. Şükürlər olsun ki, əsrlər boyu davam edən işğalçılıq siyasətinə 2020-ci ilin sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində son qoyulub.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasındakı dərinməzmunlu çıxışında XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycanın başına gətirilən təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışaraq bildirdi ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı və onların həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı, fundamental insan hüquqları kobud şəkildə pozuldu. Prezident BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün bu qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadığını diqqətə çatdırdı. Həmçinin 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun öz missiyasını yerinə yetirə bilmədiyi, həmsədrlərin beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa çalışdığı vurğulandı. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Müharibə zamanı Ermənistanın şəhər və kəndlərimizə ballistik raketlər atması, 100-dən çox mülki vətəndaşımızı qətlə yetirməsi qeyd edilərək bunun əksinə, Azərbaycanın müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardığı, mülki şəxslərin mühafizəsini təmin etdiyi bildirildi.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli mətbuata açıqlamasında deyib: "Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Biz isə yerlə yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq və Böyük qayıdış dövlət proqramının icrası sayəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır. Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri isə Ermənistanın işğalı dövründə yerləşdirilmiş mina təhlükəsidir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Eynilə 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski müxbirimizə demişdir:
- Tarixin ən önəmli amillərindən biri budur ki, hansı xalqın həyatında olursa olsun, qəddarlıq və işğalçılıq hadisələri heç vaxt unudulmur, zamanın yaddaşında nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayır. Cənab Prezident 25 sentyabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında 2020-ci il noyabrın 10-u tarixinin Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdüyünü qeyd etdi. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi və beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdü. Bildirildi ki, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi və bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətni paraflandı. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Bundan əlavə, tərəflərin artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladığı, sentyabrın 1-də ATƏT-in bu strukturlarının birdəfəlik bağlanması barədə qərar qəbul etdiyi elan olundu. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi, Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) qeyd olundu. Vaşinqton Sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Prezident Trampla birgə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.
V.Şadlinski daha sonra vurğuladı ki, Prezident Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.
Cənab Prezident nitqində Azərbaycanın təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərərçəkən ölkələrə humanitar yardım göstərməsini də diqqətə çatdırdı. Azərbaycanın yeni bir dövrə qədəm qoyduğu, həm müharibəni udduğu, həm də sülhü qazandığı, ədalətin zəfər çaldığı və sülhün de-fakto təmin olunduğu qeyd edildi. Ən başlıcası, son illərdə əldə edilən nailiyyətlərin təkcə Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn mütləq üstünlük təşkil etməsinin sübutu olduğu vurğulandı.
Başda Qərbi Azərbaycan İcması olmaqla, biz qərbi azərbaycanlılar tam əminik ki, Böyük qayıdış proqramının uğurlu davamı kimi, Qərbi Azərbaycan İcmasının "Qayıdış Konsepsiyası" da dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, xüsusən də BMT-nin dəstəyi ilə tam reallaşacaq, ədalət zəfər çalacaq. Həmin təşkilatların zəmanəti və müşayiəti ilə qərbi azərbaycanlılar ləyaqətli şəkildə öz tarixi torpaqlarına, dədə-baba yurdlarına qayıdacaqlar.
Rəhman SALMANLI,
"Azərbaycan"