27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Vətən təəssübü çəkən mərd oğullarımız heç bir çağırış gözləmədən silaha sarılaraq yurdumuzun müdafiəsinə qalxdılar. Bu cəsurlar döyüşlərə atıldılar ki, illərdən bəri davam edən erməni işğalına son qoysunlar. Düşmən tapdağında qalmış Qarabağı, eləcə də başqa bölgələrimizi işğalçılardan azad etsinlər. Elə ilk döyüşlərdən düşmənə sarsıdıcı zərbə vuran zabit və əsgərlərimiz məqsədlərinə çatdılar. Qarabağı da, onun ətrafındakı əraziləri də 30 ilə yaxın davam edən işğaldan azad etdilər. Azərbaycan xalqına Zəfər sevinci yaşatdılar.
Təəssüflər ki, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə itkilərimiz də oldu. Bir-birindən cəsur olan oğullarımız torpaqlarımızın azadlığı naminə şirin canlarından keçdilər. Döyüşlərdə göstərdikləri igidlikləri ilə adlarını qəhrəmanlıq tariximizə yazdılar. Belə cəsur oğullarımızdan biri də baş leytenant Vüsal Sübbün oğlu Babayev idi. Gənc zabit İkinci Qarabağ müharibəsinin ilk günlərindən artilleriyaçı kimi yurdumuzun müdafiəsinə atıldı, döyüşlərdə böyük hünər göstərdi. Vətənimizin azadlığı naminə canından keçdi, torpaq uğrunda şəhid oldu. Özü o günü görməsə də, arzuları çiçək açdı. Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Yurdumuzun azadlığı uğrunda gedən əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş baş leytenant Vüsal Babayevin ömür və döyüş yoluna nəzər salaq. Öyrəndik ki, Vüsal gələcək nəsillərə nümunə olacaq bir ömür yaşayıb, şərəfli döyüş yolu keçib.
Körpə dünyaya gəlişi ilə ailəyə böyük sevinc gətirdi
8 yanvar 1992-ci ildə Xəzərin sahilində yerləşən Pirallahı qəsəbəsində yaşayan Sübbun kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Uşaq gəlişi ilə ailəyə xoş ovqat gətirdi. Valideynləri vüsala yetişdiklərinə görə körpənin də adını Vüsal qoydular. Xeyir-dualarını verərək "Adı ilə böyüsün, xoşbəxt olsun!" dedilər.
Kiçik yaşlarından hərbçi olmağı arzulayan Vüsal 2010-cu ildə orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Hərbi İnstitut) üz tutdu. Hazırlığı yaxşı olduğuna görə Vüsal imtahanlarda yüksək nəticə göstərəcəyinə əmin idi və xəyalları gerçəkləşdi. Vüsal ali hərbi məktəbə qəbul oldu. Onun qazandığı uğur yaxınlarını ürəkdən sevindirdi.
Orta məktəbdə olduğu kimi, Vüsal hərbi təhsil müəssisəsində də dərslərini yaxşı oxuyurdu. Yerüstü artilleriya ixtisasına, silahların sirlərinə dərindən yiyələnirdi. Gələcəyin zabiti olacaq Vüsal Babayev təkcə nəzəri biliklər qazanmır, əməli məşğələlərdə də fəal iştirak edirdi. 2014-cü ildə ali hərbi təhsilini uğurla başa vurub "leytenant" rütbəsi alan Vüsal bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit ixtisasartırma kursunu da uğurla keçdi. Gənc zabit 2015-ci ildə taqım komandiri kimi cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətə başladı. Vüsal zabit kimi şərəf dolu xidmət yollarında ilk addımlarını atdı.
2015-ci ilin yay günlərində, iyulunda qızların içindən sevib-seçdiyi Aynur adlı gözəl bir xanımla ailə qurdu. Yaxınları, doğmaları onun toyunda qol açıb oynadılar, gənc ailəyə xoşbəxtlik arzuladılar. Vüsalına yetişən Vüsal da yaxınlarının arzuladığı kimi xoşbəxt günlər yaşamağa başladı.
Aprel döyüşlərində iştirak etdi
Gənc zabit 2016-cı ildə ordumuzun böyük uğuru ilə yekunlaşan Aprel döyüşlərində də fəal iştirak etdi. Vüsal Babayev dörd gün davam edən bu döyüşlərdə Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində vuruşdu. Zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi.
2017-ci il martın 12-si Vüsalın həyatında yaddaqalan bir gün oldu. Həmin gün onun qız övladı dünyaya göz açdı. Körpənin adını Selcan qoydular. Selcan gəlişi ilə ailəyə böyük sevinc bəxş etdi. Belə bir sevinci Vüsal 4 yanvar 2019-cu ildə də yaşadı. Həmin gün onun ikinci qız övladı dünyaya gəldi. Körpənin adını Rüqəyya qoydular. Ailənin sevinci daha da artdı.
Artıq Vüsal baş leytenant rütbəsi almışdı. Xidmət illəri arxada qaldıqca onun döyüş təcrübəsi də artırdı. Başqa hərbçilərimiz kimi, torpaqlarımızın uzun illərdən bəri erməni işğalında qalması onu da narahat edirdi. Yurdumuzun ərazilərinin işğaldan azad olunacağı günü intizarla gözləyirdi. Gənc zabit əmin idi ki, getdikcə güclənən ordumuz müharibə olarsa, erməni qəsbkarlarına qalib gələcək. Baş leytenant Vüsal Babayev topaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşləri intizarla gözləyirdi. Arzulayırdı ki, işğalçılarla vuruşsun, mərmilərini düşmənin başına yağdırsın.
Axır ki, gənc zabitin gözlədiyi gün gəldi. 27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Baş leytenant Vüsal Babayevin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də elə həmin gün əks-hücum əməliyyatlarına cəlb olundu. Onun döyüş yolu Füzuli rayonundan başladı. Vüsal mərmiləri düşmənlərin başına dolu kimi yağdırırdı. Dəqiq atəş zərbələri nəticəsində işğalçıların ön mövqeləri yarılmışdı. Erməni qəsbkarları belə güclü əks-hücumların qarşısında çox dayana bilməyib geri çəkilirdi. Vüsal zabit kimi üzərinə düşən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirərək hədəfləri dəqiq vururdu.
Vətən müharibəsi 24 gün idi ki, uğurla davam edirdi. Artıq Füzuli rayonunun mərkəzi erməni işğalçılarından azad olunmuşdu. Oktyabrın 21-i idi. Vüsalgil Füzuli rayonunun Gecəgözlü kəndində mövqe tutmuşdular. Torpaqlarımızın hər qarışı uğrunda qanlı döyüş gedirdi. Vüsalın ürəyindən keçirdi ki, mədəniyyət beşiyimiz olan Şuşa uğrunda da vuruşsun, onun azad olunmasında iştirak etsin. İstəyirdi ki, müharibədən qızları Selcanın, Rüqəyyanın, həyat yoldaşı Aynurun yanına qalib ordunun qalib zabiti kimi dönsün. Təəssüf ki, Vüsalın başqa arzuları kimi, bu arzusu da ürəyində qaldı. Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən döyüşdə şəhid oldu. Yaxınları oktyabrın 24-də Vüsalı acı göz yaşları içində İkinci Şəhidlər xiyabanında torpağa tapşırdılar. Gənc zabitin şərəf dolu ömrü bir payız günündə sona çatdı.
Qəhrəmanlar unudulmur
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Vüsal Sübbün oğlu Babayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azəbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülmüşdür.
Gənc zabit Vüsal Babayev bu gün onu tanıyanların işıqlı xatirələrində yaşayır. Şəhid xatirələri kədərli olur. Amma şəhid zabit haqqında bu xatirələri dinləmək qürurvericidir. Çünki qəhrəmanların ömür və döyüş yolları hamımız üçün örnəkdir.
Həyat yoldaşı - Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Aynur Babayeva ilə iş yerində görüşüb söhbət etdik. Aynur xanım Vüsallı günlərindən söz açaraq dedi:
- Vüsal mənim üçün dünyanın ən əziz və doğma adamı idi. Həyatda doğmasını itirmək çox ağrılıdır. Təsəllim yalnız odur ki, həyat yoldaşım Vətən yolunda, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vüsalın yoxluğu hər addımda hiss olunur. Mən Bakının qədim kəndlərindən biri olan Zirədə anadan olmuşam. Onunla uşaqlığımız demək olar ki, bir yerdə keçib. Xalamgil onlarla qonşu idi. Hər il məktəblər yay tətilinə bağlananda xalamgilə gedərdim. Həmin günlərdə Vüsalla bir yerdə oynayardıq. Günlərimiz bir-birindən şən keçərdi. Amma bir az böyüyəndən sonra xalamgilə getmədim. Ona görə də Vüsalla görüşə bilmirdik. İllər dayanmadan bir-birinin ardınca ötüb keçirdi. Artıq ikimiz də böyümüşdük, uşaqlığımız ötüb arxada qalmışdı. İçərişəhərdəki kitabxanada işləyirdim. Bilirdim ki, Vüsal hərbi məktəbdə oxuyur. Həyatda təsadüfi görüşlər çox olur. Bax, belə görüşlərdən biri bizi marşrut avtobusunda üz-üzə gətirdi. Amma əvvəlcə bir-birimizi tanımadıq. İkinci dəfə də təsadüfən görüşdük. Yəqin ki, tanış gəldiyimdən mənə çox diqqətlə baxırdı. Bu baxışlardan sevgi və məhəbbət süzülürdü. Hiss edirdim ki, tanış olmağa, söhbət etməyə məqam axtarır. Üçüncü dəfə rastlaşanda axır ki, dili "açıldı". Onda bildim ki, bu suyuşirin oğlan mənim uşaqlıq dostum Vüsaldır.
Onun Vüsal olduğunu bilsəm də, tanışlıq vermədim, bunu ona demədim. Amma "sirrimi" çox gizli də saxlaya bilmədim. Bir həftədən sonra hər şeyin üstü açıldı. Görüşmələrimizin ikinci ayında Vüsal sevgisini dilə gətirdi. Görünür ki, mənə qarşı olan məhəbbəti hələ uşaqlıqdan ürəyində var imiş. Mən bu sevgiyə biganə qalmadım.
2015-ci ildə, yay günlərinin birində ailə həyatı qurduq. Ömrümüzün ən gözəl günlərini yaşamağa başladıq. Vüsal çox ailəcanlı insan idi. Çox mehriban idik. İki qız övladımız dünyaya gəldi. Vüsal mənə təkcə həyat yoldaşı deyil, həm də ən etibarlı sirdaş və dost idi. O, Tanrıya yaxın adam idi. Namaz qılar, oruc tutardı. Heyf ki, xoşbəxt günlərimizin ömrü çox uzun olmadı.
Vüsal 27 sentyabr 2020-ci ildə döyüşlərə qatıldı. Evdən çıxanda dönə-dönə uşaqları mənə tapşırdı. Dedi ki, "Aynur, mən müharibəyə, erməni işğalçıları ilə döyüşə gedirəm. Dünyanın işlərini bilmək olmaz. Kim bilir, bəlkə də bu gedişin dönüşü olmayacaq. Uşaqlara yaxşı bax, gözün həmişə onların üstündə olsun". Vüsal cəbhədən tez-tez zəng vurub uşaqlardan xəbər tuturdu, uğurlu döyüşlədən danışırdı. Hər dəfə onun zəngi gələndə sanki dünyanı mənə verirdilər. Arxayın olurdum ki, sağ-salamatdır. Sonuncu dəfə mənimlə oktyabrın 21-də danışdı. Ondan sonra həyat yoldaşımdan zəng gəlmədi. Nigarançılığımdan bilmirdim ki, nə edim. İntizar içində ondan zəng gözləyirdim.
Oktyabrın 23-də telefonuma zəng gəldi. Amma bu, Vüsalın zəngi deyildi. Bu kədər dolu, qəm yüklü bir zəng idi. Çünki həmin zəng mənə həyat yoldaşımın ölüm xəbərini verdi. Acı xəbəri eşidən kimi dünya-aləm başıma fırlandı. Aman Allah, mən Vüsalsız necə yaşayacaqdım, onun yadigarlarını necə böyüdəcəkdim? Oktyabrın 24-də göz yaşları içində Vüsalı İkinci Şəhidlər xiyabanında torpağa tapşırdıq. Çox kədərli bir gün yaşadıq. Mənim üçün nə qədər çətin olsa da, çalışıram ki, Selcanı, Rüqəyyanı Vüsalın adına layiq böyüdüm...
Aynur xanımın ürəyi Vüsallı günlərin xatirələri ilə dolu idi. Amma kövrəldiyindən danışa bilmədi, dili söz tutmadı...
Vüsal yaddaşlarda cəsur komandir kimi qalıb
Əsgər Rəşad Hüseynli 44 günlük Vətən müharibəsində Vüsalla çiyin-çiyinə vuruşub. O günləri xatırlayaraq dedi:
- Mən gənc zabit Vüsalla müharibədə tanış oldum. Çox cəsur, qorxmaz bir hərbçi idi. Gənc olsa da, döyüş təcrübəsi, hərbi biliyi yüksək idi. Onun komandası düşmən hədəflərini dəqiq vururdu. Erməni işğalçılarını geri oturtduqca, torpaqlarımızı azad etdikcə daha da həvəslə döyüşürdük. Ümid edirdik ki, Qarabağı azad edənədək çiyin-çiyinə olacağıq. Təəssüflər olsun ki, ümidlərimiz çiçək açmadı. Oktyabrın 21-də düşmən bizi minaatanlardan atəşə tutdu. Vüsal ayağından yaralandı. Əsgərlər Orxan Qəhrəmanov və Çərkəz Teyyublu komandiri bir az təhlükəsiz yerə apardılar ki, ona ilkin tibbi yardım göstərsinlər. Bu vaxt işğalçılar onları yenidən atəşə tutdular. Orxan da, Çərkəz də, komandirimiz Vüsal Babayev də şəhid oldular. Çox kədərli bir gün yaşadıq. Biz sonrakı döyüşlərdə torpaqlarımızı azad etdik, düşmənlərdən şəhidlərimizin qisasını aldıq.
Qarabağ müharibəsi əlili əsgər Tural Abdullayev komandirini belə xatırladı:
- Baş leytenant Vüsal Babayev komandirim idi. O, təlim-məşqlərdə bizə artilleriya qurğusunun sirlərini dərindən öyrətməyə çalışırdı. Deyirdi ki, müharibə zamanı hansı tərəfin zabiti, əsgəri hazırlıqlıdırsa, o tərəf də qalib gəlir. Biz də komandirin dediklərinə qulaq asaraq hərbi biliklərə yiyələnməyə çalışırdıq. Hazırlığımız yüksək olduğuna görə işğalçıların hədəflərini dəqiq vururduq. Üstümüzə hücum çəkən düşmənin zirehli texnikalarını məhv edir, atış mövqelərinin külünü göyə sovururduq. Vüsal Babayev çox alicənab, təvazökar insan idi. O çox cəsarətli, bacarıqlı zabit idi. Təəssüflər olsun ki, onu tez itirdik. Belə bir insanın ölümü bizim düşmənə qarşı olan qisas hissimizi daha da artırdı. Komandir yaddaşımda cəsur hərbçi kimi qalacaq. Onu həmişə bu cür xatırlayacağam.
Kövrəldiyindən Vüsalla bağlı olan xatirələrini bizimlə sonacan bölüşə bilməyən Aynur xanım üçün nə qədər çətin olsa da, həyat yoldaşının son tapşırığını yerinə yetirəcəyinə bizdə inam yarandı. Selcanı da, Rüqəyyanı da Vüsalın adına layiq böyüdəcək.
Yurdumuzun azadlığı uğrunda şəhid olmuş baş leytenant Vüsal Babayev haqqında eşitdiklərimizi xatırlaya-xatırlaya onun dəfn olunduğu Hərbi Memorial Məzarlığa getdik. Məzarı önündə dayanıb birdəqiqəlik sükutla xatirəsini yad etdik. Belə kövrək anlarda dilimizdən bu sözlər qopdu: "Məzarında rahat yat, Vüsal! Torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Qanınız yerdə qalmadı, düşməndən şəhidlərin qisası alındı!"
Pirallahı qəsəbəsindəki küçələrdən birinə Vüsal Babayevin adı verilib. Şəhidin adını daşıyan bu küçədən keçənlər cəsur zabiti hörmətlə anır, böyük ehtiramla yad edirlər. Bəli, şəhidlər heç vaxt unudulmur. Heç vaxt da unudulmayacaqlar. Onların igidliyi, qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"