Orta Dəhliz qlobal miqyasda kritik resurslar uğrunda gedən rəqabətdə sürətlə ön plana çıxır. Fevral ayının əvvəlində Bişkekdə Center for International Private Enterprise (CIPE) tərəfindən təşkil olunan və hökumətlərarası C5+1 formatını müşayiət edən B5+1 biznes forumunda ABŞ tərəfi regionda mövcudluqla bağlı yanaşmasında ciddi dönüş etdiyini açıq şəkildə nümayiş etdirib. ABŞ artıq deklarativ dəstəkdən sistemli iqtisadi strategiyaya keçid etdiyini və bu strategiyanın mərkəzində kritik və nadir torpaq metallarının dayandığını ortaya qoyub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında nəqliyyat və təhlükəsizlik məsələləri üzrə ekspert Dastan Ospanov deyib.
O qeyd edib ki, hazırda Çin nadir torpaq elementlərinin dünya üzrə hasilatının təxminən 70 faizinə, emal prosesinin isə 85 faizdən çoxuna nəzarət edir. Bu şəraitdə ABŞ üçün tədarük zəncirlərinin şaxələndirilməsi texnoloji suverenlik, müdafiə dayanıqlığı və enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Mərkəzi Asiya alternativ resurs bazası təqdim edə bilən nadir regionlardan biri kimi nəzərdən keçirilir.
D.Ospanov vurğulayıb ki, Bişkekdə aparılan müzakirələrdə iqtisadi gündəmin C6 formatına qədər genişləndirilməsi və bu çərçivədə Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında birləşdirici həlqə kimi rolu xüsusi qeyd olunub. Kritik minerallar və investisiyalar məsələsi regional bağlantısallıq kontekstində dəyərləndirilib və Azərbaycan ABŞ üçün logistika, enerji və institusional inteqrasiyanın təminində əsas tərəfdaş kimi çıxış edir.
Ekspert ABŞ Ticarət Palatasının mövqeyinə istinad edərək bildirib ki, Mərkəzi Asiyada kritik mineralların hasilatı üzrə layihələrin genişlənməsində əsas maneə resurs çatışmazlığı deyil, nəqliyyat və tranzit infrastrukturunun məhdudluğudur. Rusiya–Ukrayna müharibəsi ənənəvi marşrutlarla ağır sənaye avadanlıqlarının daşınmasını çətinləşdirib, Çinlə rəqabət isə vəziyyəti daha da mürəkkəbləşdirib. Nəticədə ABŞ həm texnologiyanın regiona daşınmasını, həm də xammal və emal olunmuş məhsulun Qərb bazarlarına çıxarılmasını təmin etməli olur.

Bu səbəbdən Orta Dəhlizin strateji əhəmiyyət qazandığını deyən D.Ospanov qeyd edib ki, hazırkı geosiyasi şəraitdə siyasi baxımdan qəbulolunan və iqtisadi cəhətdən səmərəli alternativlər məhduddur. Çin və Rusiya üzərindən keçən marşrutlar strateji müstəqillik baxımından qənaətbəxş deyil. Trans-Xəzər istiqaməti isə Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışı təmin edən ən optimal marşrut kimi önə çıxır.
“Yüklərin həcminin sürətlə artdığını nəzərə alan ABŞ yalnız marşrutdan istifadə etməklə kifayətlənmir, onun institusional və infrastruktur baxımından möhkəmləndirilməsində də maraqlıdır. Vaşinqton Orta Dəhlizin inkişafına, xüsusilə liman infrastrukturunun modernləşdirilməsinə, Xəzər logistikası imkanlarının genişləndirilməsinə və tranzit prosedurlarının rəqəmsallaşdırılmasına yönəlmiş hədəfli investisiyaları nəzərdən keçirir. Bu prosesdə regionda fəaliyyət göstərən ixtisaslaşmış konsaltinq qurumları ABŞ və Avropa investorları ilə koordinasiyada mühüm rol oynayır”, - deyə D.Ospanov bildirib.
Ekspertin sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə 2026-cı il iyunun 8–10-da Astanada “Central Asia Transport”, “Logistics and Investment Forum 2026” forumunun keçirilməsi planlaşdırılır. Forumda iri Amerika və Avropa investisiya fondlarının iştirak edəcəyi, Orta Dəhlizin infrastruktur xəritəsinin və strateji layihələrinin təqdim olunacağı bildirilir. Bu, artıq siyasi bəyanatlardan praktik investisiya mərhələsinə keçidin göstəricisi kimi qiymətləndirilir.
ABŞ və Avropa İttifaqı müharibədən sonra Orta Dəhlizin Ukrayna liman infrastrukturu hesabına genişləndirilməsini də mümkün variant kimi nəzərdən keçirir. Xüsusilə “Belqorod-Dnestrovski dəniz ticarət limanı” perspektivli obyektlər sırasında göstərilir.
Ekspert onu da qeyd edib ki, TRIPP layihəsi regional bağlantıların arxitekturasını dəyişə biləcək strateji infrastruktur elementi kimi çıxış edir. Azərbaycanın Naxçıvanla quru əlaqəsinin yaradılması və Türkiyə istiqamətinə inteqrasiya Xəzərdən Avropa bazarına birbaşa çıxışı təmin edir, tranzit məsafəsini qısaldır və tədarükün proqnozlaşdırılmasını artırır.
Sonda D.Ospanov vurğulayıb ki, Orta Dəhliz artıq alternativ logistika marşrutu olmaqdan çıxaraq strateji rəqabət və iqtisadi transformasiya məkanına çevrilir. Onun “onurğa sütunu” Qazaxıstan, “ürəyi” isə Xəzər və Qafqaz seqmentlərini birləşdirən Azərbaycan hesab olunur. Bakı və Astana arasında strateji koordinasiya yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanında uzunmüddətli dayanıqlığın təmin olunmasında həlledici rol oynayır.