Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərində səfərdədir. Səfər çərçivəsində Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaiminin dəvəti ilə nümayəndə heyəti Qətər Dövlətinin Baş Prokurorluğunda görüş keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qətər Dövlətinin Baş prokuroru qurumlar arasında yüksəksəviyyəli işgüzar münasibətlərin ölkələrimizin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını qeyd edib. O, ölkəmizə səfərini xatırlayaraq göstərilmiş xüsusi diqqətə görə minnətdarlığını bildirib.
Baş prokuror yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.
Bununla yanaşı, daha əvvəl imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Baş prokuror həmkarını ölkəmizə səfərə dəvət edib.
Tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların və ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.
Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Baş prokuror Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, ölkəmizdən olan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək qurumlar arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin olmasını vurğulayıb.
Bu il ölkəmizə səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini bildirib. Bununla yanaşı, birgə fəaliyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüslərinin dəstəkləndiyi ifadə edilib.
Baş prokuror Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanıb. O, Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edərək ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini bildirib.
Bundan başqa, Baş prokuror İranın Ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə ikitərəfli görüş keçirib.
Görüşdə dövlət başçıları arasında formalaşmış dost münasibətlərinin ölkələrimizin bütün sahələrdə ikitərəfli əməkdaşlığını yeni mərhələyə qaldırması vurğulanıb, hüquq-mühafizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayət törətmiş şəxslərin və məhkumların verilməsi sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib.
Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüşdə Azərbaycanın Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü çatdırmaqla tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Tədbir müddətində, həmçinin Baş prokuror Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın Baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.