"Nikol Paşinyanın sülhlə bağlı bəyanatları Azərbaycanın formalaşdırdığı diktə diplomatiyası, siyasi təzyiq və hərbi güc komponentlərinin vahid şəkildə təzahüründən irəli gələn nəticələrdir. Yəni Azərbaycanın əlində güclü rıçaqların olması Ermənistanı ölkəmizin gündəliyi ilə uyğunlaşan bir siyasət yürütməyə məcbur edir".
Bu sözləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. O bildirib ki, bununla belə Ermənistan hələ də fürsət axtaran bir ölkə kimi Azərbaycanın yaratdığı reallıqları geri oxutmaq üçün müəyyən cəhdlər göstərir: "Həmin səylər fonunda Paşinyanın verdiyi sülh bəyanatları bir qədər şübhəli görünür, çünki bir tərəfdən Ermənistanın silahlanması, bu silahlanma fonunda müstəqil qərar qəbul etmə mexanizmindən məhrum olması Azərbaycanı alternativlər üzərində düşünməyə vadar edir", - deyən A.Kərimov onu da bildirib ki, Ermənistan baş nazirinin sülhlə bağlı səsləndirdiyi fikirlər razılaşdırılmış bəndlər çərçivəsində imzalanması gözlənilən sazişi əhatə edir: "Lakin Azərbaycan hələ razılaşdırılmış bəndlər çərçivəsində sülh sazişinin imzalanmasında maraqlı deyil. Çünki görünür, detallar və alt bəndlərə zərurət var. Azərbaycan həmin konseptual məsələlərdən irəli gələn razılıqları detallarla möhkəmləndirmək istəyir. Ermənistan isə həmin detallardan boyun qaçırır. Bu yaxınlarda Paşinyan bildirdi ki, ATƏT-in Minsk qrupunun ləğvi ilə eyni zamanda Azərbaycanla sülh sazişi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan Minsk qrupunun ləğvinə nail ola bilər, lakin mövcud razılaşma çərçivəsində də müqavilə imzalanmalıdır. Bu isə təbii ki, Azərbaycanı qane etmir, çünki mövcud razılaşdırılmış məqamlar ümumi konseptual yanaşmaları əhatə edir".
A.Kərimov əlavə edib ki, qərbi azərbaycanlıların qayıdışı, Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı detalların olmaması Azərbaycan tərəfini qane etmir: "Yəni Ermənistan tərəfinin təqdim etdiyi mexanizmlər Azərbaycan üçün uyğun deyil. Bu isə o deməkdir ki, Azərbaycan proseslərə Ermənistanın gələcəkdə müharibəyə barmaq yeri qoya bilmək təhlükəsi prizmasından yanaşır. Beləliklə, Bakı Ermənistanın imzalamaq istədiyi sülh sənədini qəbul etməyə tələsmir. Bunun da regional və beynəlxalq konfiqurasiya ilə əlaqəli məqamları mövcuddur. Eyni zamanda elə bir müstəvi olmalıdır ki, Azərbaycan Ermənistanı sülh sazişi ilə çox böyük öhdəliklərə məruz qoya bilsin".
Ekspert vurğulayıb ki, Ermənistanın hərbisizləşdirilməsi də Azərbaycanın gündəmindədir: "Düşünürəm ki, sülh müqaviləsində də bu məsələlər öz əksini tapacaq. Amma Ermənistan hələ ki bir çox məsələdən boyun qaçırır. Ona görə də Azərbaycan Ermənistanın "sülh müqaviləsini imzalayaq" çağırışlarına tələsik cavab verməkdə maraqlı deyil".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"