"ATƏT-in Minsk qrupu BMT-nin 4 qətnaməsinin icra edilməsi, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması və münaqişənin danışıqlar yolu ilə həll olunması üçün yaradılmışdı. Amma torpaqlarımızda erməni işğalı davam etdiyi dövrdə bu qrupun heç bir fəaliyyəti olmadı və münaqişənin danışıqlar yolu ilə həll olunması istiqamətində hansısa addımın atılmasına təşəbbüs göstərilmədi".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, 28 ildə Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regionumuza turist səfəri ediblər: "Cənubi Qafqaz Minsk qrupunun həmsədrləri üçün istirahət mərkəzi olub. Özlərinin fəaliyyətsizliyindən heç utanıb-qızarmırdılar və boş-boşuna danışıb qayıdırdılar". Təbii ki, onlara Qərbdən verilmiş tapşırıq münaqişəni əbədiləşdirmək və Azərbaycanı işğalla barışdırmaq idi. "Dövlət başçımız isə xalqımızın işğal faktı ilə heç vaxt barışmayacağını dəfələrlə bildirmiş və münaqişə danışıqlar yolu ilə həll olunmazsa, ədaləti güc yolu ilə bərpa edəcəyimizi açıq şəkildə bəyan etmişdi. Belə də oldu. Nəhayət, 44 günlük savaşda işğala son qoyulmaqla ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ildə isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərimizdə konstitusion quruluş bərpa olundu və erməni separatçılığına son qoyuldu", - deyə deputat əlavə edib.
Azərbaycanın müharibədən sonra Ermənistana düşmənçilik səhifəsini bağlamağı və münasibətlərə təmiz vərəqdən başlamağı təklif etdiyini xatırladan A.Badamov bildirib ki, iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün müəyyən etdiyimiz tələblər Ermənistan tərəfindən birmənalı icra olunmalıdır. Bu tələblərimizdən biri də tarixin arxivinə göndərdiyimiz Minsk qrupunun ləğv olunması üçün ATƏT-ə birgə müraciətin ünvanlanmasıdır. Azərbaycan Vətən müharibəsi başa çatdığı ilk gündən Ermənistanı belə bir müraciət etməyə çağırıb. Amma təəssüf ki, Ermənistan digər məsələlərdə olduğu kimi, bu məsələdə də konstruktivlikdən uzaq olaraq razılığını bildirməyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra Ermənistanda müəyyən hərəkətlilik müşahidə edilir: "Belə ki, Paşinyan administrasiyası Ermənistanın Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirdiyinə dair açıqlama verib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və belə addımı Azərbaycandan da gözlədiyini bildirərək Qərbi Azərbaycana özlərinin düşüncəsi ilə yanaşıblar. Ermənistanın belə açıqlamalar verməsi sülh məsələsinin onların da gündəliyində olduğunun görüntüsünü yaratmaq məqsədini daşıyır. Əgər Paşinyan sülh müqaviləsinin imzalanmasını istəyirsə, burada çətin riyazi alqoritmlərin həll olunması lazım deyil. Azərbaycanın tələbləri aydın və dəqiqdir, o cümlədən bu tələblər beynəlxalq hüquqa əsaslanır və suveren ölkələr arasında münasibətlərin qurulması üçün müəyyən olunmuş normalardır. Amma ermənilər boş-boşuna bir-iki cümləni dövriyyəyə buraxır və dayanıqlı sülhün əldə olunması üçün hər hansı ciddi addım atmırlar".
A.Badamov xatırladıb ki, Ermənistan buna oxşar açıqlamanı 2023-cü ilin avqustunda da vermişdi, amma həmin ilin sentyabrında Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur olmuşdu. İndi də Ermənistanın ikibaşlı açıqlamaları bizi ikitərəfli münasibətlərin formalaşdırılması prosesində düşünməyə vadar edir. Paşinyan manipulyativ açıqlamalar verməklə, ictimaiyyəti çaşdırmağa çalışır.
Deputat hesab edir ki, Qərb Ermənistanı silahlandırmağa davam etdikcə iki ölkə arasında sülh məsələsi ancaq danışıqlar predmeti olaraq qalacaq.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"