Ermənistanın təxribatları sülh sazişinin gecikdirilməsi məqsədi daşıyır
"Tarixi Zəfərimizdən sonra regionda uzunmüddətli sülhün yaradılması üçün real şanslar yaranıb. Azərbaycan dövləti tarixi qələbəmizdən sonra qarşı tərəfə sülh təklifini irəli sürüb. Bu istiqamətdə aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O xatirladıb ki, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuata bəyanatında bu gün Azərbaycan və Ermənistanın sülhün əldə edilməsində mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını qeyd edib. Amma Ermənistan tərəfi üzdə konstruktiv görünsə də, əslində, müqavilənin imzalanmasından yayınır. "Azərbaycanın haqlı və ədalətli şərtləri yerinə yetirilməlidir. Bu şərtlərə Ermənistan tərəfindən indiyə qədər konkret cavab verilməyib. ATƏT-in keçmiş Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun mandatı keçmiş Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib. Münaqişə həll olunduğu və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas yoxdur. Ermənistanın bu məsələdə qeyri-müəyyən mövqeyi şübhələr yaradır. Digər məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi legitimdir. Qarşı tərəf Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir, amma Ermənistan tərəfi prosesi pozmaq üçün müxtəlif təxribatlara əl atır", - deyə o əlavə edib.
Siyasətçi qeyd edib ki, şərti sərhəddə baş verən müxtəlif təxribatlar, mövqelərimizin ardıcıl şəkildə atəşə tutulması sülh sazişinin imzalanmasını gecikdirmək məqsədi daşıyır. Paşinyan hakimiyyəti ikili oyun oynamaqla özünü dünyaya sülh göyərçini kimi təqdim etməyə çalışır. Amma bu təxribatlar, kütləvi silahlanma, Azərbaycanın legitim şərtlərini qəbul etməmələri onların əsl simasını ortaya qoyur.
V.Rəhimzadə bildirib ki, Ermənistan və havadarları sülh təklifinin sonsuza qədər masa üzərində qala bilməyəcəyini anlamalıdırlar: "Sülh müqaviləsinin imzalanması Ermənistan tərəfinə daha çox lazımdır. Zaman Ermənistanın əleyhinə işləyir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib dövlətdir. İkinci Qarabağ müharibəsi, bir sutkadan da az davam edən antiterror tədbirləri Ermənistana dərs olmalıdır. Bu dərsdən nəticə çıxarmasalar, yenə uduzan tərəf olacaqlar".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"