Son beş ildə Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcmi təxminən iki dəfə artıb. Bu ilin sonuna tranzit yükdaşımalarının 16 milyon tona, 2030-cu ilədək isə 30 milyon tona çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində “Nəqliyyat və logistika – Orta Dəhliz: Azərbaycanın strateji rolu və tərəfdaşlıqları” mövzusunda paneldə çıxışı zamanı deyib.
Konteyner daşımalarının da sürətlə artdığını qeyd edən nazir müavini deyib ki, ilin ilk doqquz ayında Bakı Limanında konteynerlərin emalı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıb.
Onun sözlərinə görə, əməliyyatların təkmilləşdirilməsi hesabına limanın konteyner emalı gücü 100 min TEU-ya çatdırılıb. İkinci mərhələnin başa çatdırılması ilə bu göstəricinin 500 min TEU-ya yüksəldilməsi nəzərdə tutulur.
R.Həsənov bildirib ki, Naxçıvan üzərindən Türkiyəyə planlaşdırılan bağlantı – Zəngəzur dəhlizi Azərbaycanın qərbə çıxış imkanlarını genişləndirəcək və 15 milyon tonadək əlavə yükdaşıma potensialı yaradacaq.
O, Xəzər dənizində yükdaşımaların təmin edilməsində Azərbaycan donanmasının roluna da toxunub. Qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunda “AD Ports” və Qazaxıstan Dəmir Yolları üçün dörd konteyner gəmisi inşa edilir. Bu sifarişlərin zavodun ilk beynəlxalq sifarişləri olduğu bildirilib.
Nazir müavini Almaniya və digər Avropa ölkələrinin şirkətlərini Orta Dəhlizin növbəti mərhələsində yük sahibləri, logistika operatorları, texnologiya təminatçıları və investorlar qismində görməkdə maraqlı olduqlarını vurğulayıb.