18 Aprel 2023 01:17
1694
SİYASƏT
A- A+

Orta dəhlizə maraq artıb

 

İlham ƏLİYEV: "Bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır"

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) fəaliyyətinə mühüm töhfə verməsidir.  
Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təqdir olunmaqdadır. Çünki Prezident İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin daha səmərəli və etibarlı marşrut olması üçün mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması təklifidir. 
Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut "Şimal" dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. 
Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. 
Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.  
Yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır. Artıq xeyli müddətdir ki, İlham Əliyevin nəzarəti altında bu istiqamtdə böyük işlər həyata keçirilməkdədir. İndi əsas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə də 2 layihə reallaşdırılır -  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. 
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.
2021-ci il fevralın 14-də Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndislik qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşıb. 
Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. 
Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. 
Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədidə 330 kV-luq yarımstansiyanın tikilməsi və xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir. 
Ən önəmlisi isə bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
2021-ci il oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da tikintisi davam etdirilir. Uuzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən "Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir. 
Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli istisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolla bağlanacaq. Bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
2022-ci il iyunun 29-da Türkmənistanda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edərkən İlham Əliyev bir daha diqqəti Orta dəhlizin fəaliyyətinə yönəldərək bildirib ki, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq: "Biz "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub".
Bu il aprelin 10-da İlham Əliyev Qazaxıstana rəsmi səfəri zamanı da Orta dəhliz müzakirə mövzusu olub.  Dövlət başçılarının mətbuata bəyanatı zamanı Prezident Kasım-Jomart Tokayev bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, Orta dəhlizin potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir. 2022-2027-ci illərdə Orta dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir: "Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək".
İlham Əliyev isə vurğulayıb ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün iki ölkənin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar qəbul edilib: "Bu gün biz "Şərq-Qərb" marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik".
Dövlət başçılarının Astana Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyət ilə tanışlığı zamanı İlham Əliyev sərmayədarların sərbəst fəaliyyəti üçün etibarlı və münbit investisiya mühitinin əhəmiyyətini xüsusi vurğulayıb. Orta dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Prezident Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib: "Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk". 
Göründüyü kimi, regionun inkişafı, təhlükəsizliyin təmin olunması istiqamətində  mühüm işlər görən, təşəbbüslərlə çıxış edən Azərbaycan Orta dəhlizin imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin açılması ilə həm də bölgənin nəqliyyat mərkəzinə çevrilə bilər. Beləliklə, Azərbaycan üzərindən yükdaşımaların həcminin artması isə ölkəyə daxil olan valyutanı artıracaq ki, bu da iqtisadiyyatımızın inkişafına mühüm töhfə olacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video