Azərbaycanla Moldova arasında iqtisadi əlaqələr SSRİ dövründə ittifaqın subyektləri səviyyəsində olmuşdur. Sovet imperiyası dağıldıqdan sonra isə iki ölkəni qarşılıqlı maraqların təminatına söykənən ticari, iqtisadi, eləcə də mədəni əlaqələr birləşdirir.
Bu əlaqələr Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. 2003-cü ildən sonra isə Azərbaycan-Moldova əlaqələrində yeni dövr başlamış və tərəflər bütün platformalarda bir-birini dəstəkləməyə başlamışlar. Xüsusən GUAM çərçivəsində Moldova və Azərbaycan arasında əksər sahələr üzrə əlaqələr genişlənərək yüksək səviyyəyə çatmışdır.
2022-ci ildə Moldova Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə dəstək vermək niyyətini ifadə etmişdir. Bu təklif həmin il Bakıda keçirilən Azərbaycan-Moldova biznes-forumunda səsləndirilmişdi. Söz düşmüşkən xatırladaq ki, həmin forum ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan vermiş, işgüzar dairələr üçün əlavə imkanlar, başqa sözlə, möhkəm və faydalı iqtisadi əlaqələr qurmağa qapı açmışdır. Forum həmçinin birgə müəssisələrin yaradılmasına, qabaqcıl texnologiyaların və həllərin tətbiqinə, təcrübə mübadiləsinə şərait yaratmışdır.
Nəticədə bu gün Azərbaycanda qeydiyyatdan keçmiş Moldova kapitallı 20 şirkət nəqliyyat, sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. İndiyə kimi hər iki dövlət arasında onlarla sənəd imzalanıb. Bu sənədlər azad ticarət rejimi, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi və qorunması daxil olmaqla geniş sahələri əhatə edir.
Məlumdur ki, Moldova aqrar ölkədir. Bu baxımdan o, Azərbaycana daha çox aqrar məhsullar ixrac etmək imkanına malikdir. Azərbaycan isə Moldovaya neft və neft məhsulları, ağac, meyvə və tərəvəz ixrac edir. Hər iki ölkə böyük bazara sahibdir və bu sadalananlar ticarət əlaqələrini qarşılıqlı olaraq inkişaf etdirmək üçün böyük fürsətdir.
Bu günlər Bakıda növbəti Azərbaycan-Moldova biznes-forumu keçirilmişdir. Hər iki ölkənin iş adamları, biznes qurumlarının nümayəndələri, dövlət və hökumət təmsilçilərinin iştirak etdikləri biznes-forumda çıxış edən Moldova Baş nazirinin infrastruktur və regional inkişaf üzrə müavini Vladimir Bolyan bildirmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinə dair göstəricilər hər iki tərəfin müşahidə etdiyi müsbət dinamikanı əks etdirir: "2024-cü ildə Dnestr çayının sol sahilində yerləşən müəssisələr və Bender bələdiyyəsi nəzərə alınmadan Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 12 milyon dollar təşkil edib. Bunun 6,75 milyon dolları ixracın, 5,64 milyon dolları isə idxalın payına düşür. Azərbaycan Moldovanın bütün ticarət tərəfdaşları arasında 57-ci yeri tutub və bu, bizim üçün yalnız bir şey deməkdir - biz ticarət-iqtisadi münasibətlərimizi gücləndirməli və hər iki ölkənin maraqları naminə əməkdaşlıq potensialını tam şəkildə açmalıyıq".
Azərbaycan hökumətinin elektron idarəedilməsi sahəsində müxtəlif uğurlu layihələri mövcuddur. Belə uğurlu layihələrdən olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) modeli əsasında Moldovanın müxtəlif regionlarında pilot layihələr icra olunur. Artıq bu istiqamətdə Moldova ilə əməkdaşlığı davam etdirmək barəsində və ən yaxşı təcrübələri bölüşmək istiqamətində birgə razılıq əldə edilmişdir.
Bu dəfə də forumda dəfələrlə vurğulandı ki, belə biznes-forumlar, komissiya iclasları, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı gücləndirməyə xidmət edir. Bunun nəticəsidir ki, 30 ildir Azərbaycan və Moldova arasında bütün sahələr üzrə əlaqələr dinamik inkişaf edir.
Hazırda Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizin dəniz limanları, dəmir yolu şəbəkəsi, hava limanları və avtomobil yolları, Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturu səmərəli ticarət əlaqələrini qurmaq üçün böyük üstünlüklərə malikdir. Ona görə də Azərbaycan və Moldova arasında iqtisadi əlaqələrin inkişafı üçün bu üstünlüklərdən investorların maksimum yararlanmasının faydalı olacağını proqnozlaşdırmaq elə də çətin deyil.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"