1997-ci ilin iyulundan Azərbaycanın Olimpiya hərakatında başlanan islahatlar, yeniliklər MOK-un davamlı uğurları üçün real zəmin yaratdı. Məhz bu tarixi gün ərəfəsində Fransada keçirilən Yay Olimpiya Oyunlarında cüdoçumuz Hidayət Heydərovun fəxri kürsünün ən yüksək zirvəsinə qalxması, Parisdə Dövlət himnimizi səsləndirməsi Prezident İlham Əliyevin Azərbaycan idmanına, hər bir idmançıya göstərdiyi xüsusi diqqətin bariz təcəssümü oldu.
İdmanda yüksəliş mərhələsi
Tarixə nəzər yetirsək görərik ki, bu uğurlara elə də asan nail olunmayıb. Müstəqilliyinin bərpasından sonra, ötən əsrin 90-cı illərində Azərbaycanda mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalmışdı.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider yaxşı bilirdi ki, ölkənin parlaq gələcəyi gənclər və idman siyasətinin düzgün yeridilməsi ilə bağlıdır. Odur ki, onun təməli vaxtında qoyulmalıdır. Buna görə də dahi liderin fərmanına əsasən, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, Azərbaycanın müasir idman tarixinin başlanğıcı oldu. Ardınca isə 1995-ci ildə Prezident yanında İdman Fondu yaradıldı.
Prezidentin imzaladığı fərmanda qeyd edilirdi ki, bu fondun yaradılmasında məqsəd ölkə əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahəyə ümumxalq yardımının təşkil olunması, gənclərin idmana marağının artması, Azərbaycan idmanının beynəlxalq miqyasa çıxması üçün real zəmin yaratmaqdır. Bu məqsədlə Prezident Fondundan müstəsna hal kimi İdman Fonduna
2 milyard manat məbləğində vəsait ayrıldı. Bütün bunlar Ulu Öndərin idmana nə qədər böyük önəm verdiyinin göstəricisi idi.
İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Bu gün dünyanın mötəbər idman yarışlarında, Olimpiya Oyunlarında Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalanır. Həmçinin paytaxt Bakının ən nüfuzlu beynəlxalq yarışların təşkilinə, yüksəksəviyyəli evsahibliyinə görə Azərbaycan böyük nüfuz qazanıb.
I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının, "Formula-1" Qran-prilərinin, müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər ölkəmizdə bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.
2022-ci ildə Azərbaycanda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi keçirildi. Prezident İlham Əliyev MOK-un 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. Sənəddə qeyd olunur ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur.
Xatırladaq ki, sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına qatılırdılar. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət tamam başqadır. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız hətta iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından qatıla bilmirdilər. 1992-1997-ci illərdə MOK-un fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı.
Əslində, həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ümumən, qurumun fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya Oyunlarında yüksək nəticələr göstərmək lazım idi.
MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə belə əlaqəsi yox idi.
Bu vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində həmin vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçdi. Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı.
İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edirdi. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətlərini də müəyyənləşdirdi.
Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.
Maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası qoyuldu
MOK-un fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də bu sahədə maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Bununla da ölkədə idmanın sürətli inkişafını təmin etmək və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu. MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi oldu. Bu sahədə paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bölgələrdə Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi üçün çox önəmli rol oynadı.
Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Paytaxtımızda ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub, eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya stadionunu xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.
Ümumilikdə son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Olimpiadalarda medal yağışı
İdmana və gənclərə göstərilən qayğı çox keçmədi ki, öz bəhrəsini verdi. Atletlərimiz çıxış etdikləri son 7 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atdılar. Onları bir daha xatırladırıq. 1996-cı ildə ABŞ-də keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. İdmançılarımız arasında yeganə olaraq gümüş medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanmışdı.
2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla dünyada 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
21-ci minilliyin ilk Olimpiya Oyunlarında - "Afina-2004"də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000" Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
2008-ci ildə Pekində təşkil edilən Olimpiadada Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) gətirdi. Gümüş medalı yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandı. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər.
Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 6 medalla
(1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci oldu. İki qızıl, iki gümüş və beş bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yeri tutdular. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər iki bürünc medalları isə boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal
(1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən
11 mindən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.
Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016"da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər. Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.
Pandemiya səbəbindən bir il təxirə salınan "Tokio-2020" Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.
Beləliklə, Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı nüfuzlu yarışlarda da yüksək nəticələr göstərərək, əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğının bəhrəsidir.
Elçin CƏFƏROV,
"Azərbaycan"