11 İyul 2025 08:55
853
Mədəniyyət
A- A+
O, yüksək sənət amalları ilə yaşayırdı

O, yüksək sənət amalları ilə yaşayırdı


O, Azərbaycan incəsənət tarixində adı fəxarətlə çəkilməyə layiq rəssamlarımızdandır. Xalq rəssamı İsmayıl Mir Hüseyn oğlu Axundov təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan sənətkarlarımızdandır. 

İ.Axundov Bakının Maştağa qəsəbəsində anadan olmuşdu. Sənətə gəlişini belə qeyd edirdi: "Mənim incəsənət aləminə gəlməyimə əsas səbəbkar Mirzə Cəlil olmuşdur. Bizim ailəmiz M.Cəlilə və "Molla Nəsrəddin" jurnalına böyük rəğbət bəsləyirdi. Atam axund olmasına baxmayaraq, açıqfikirli bir şəxs idi, elmə, mədəniyyətə yüksək qiymət verirdi" ("Bakı" qəzeti, 27 may 1967-ci il). 

İ.Axundov ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1924-1928), sonra isə Moskva Poliqrafiya İnstitutunda (1928-1932) almışdı. O, təsviri sənətin qrafika və teatr dekorasiya rəssamlığı sahəsində davamlı bədii yaradıcılıq fəaliyyəti göstərərək, bir-birindən maraqlı, diqqəti cəlb edən və yüksək bədii estetik məziyyətə malik əsərlər qalereyası ərsəyə gətirmişdi. İ.Axundov həmçinin uğurlu ictimai fəaliyyəti ilə də ölkəmizin mədəniyyət tarixində silinməz iz qoymuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru (1937-1940), Azərbaycan Rəssamlar İttifaqının ilk sədri (1940-1944, 1947-1952), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradıcılarından, muzeyin direktoru və baş rəssamı (1940-1969) olmuşdu. Sadalanan nüfuzlu sənət ocaqlarında rəssam özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə çalışaraq, xalqımızın minilliklərlə formalaşdırmış olduğu incəsənətə sevgisini və bağlılığını sübut etmişdi. 

İ.Axundov Moskvada təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra "Azərnəşr"də rəssam, qrafika şöbəsinin müdiri vəzifəsində çalışmış, "Molla Nəsrəddin" və "Kirpi" jurnalları üçün satirik və yumoristik karikaturalar çəkmiş, II Dünya müharibəsi illərində 100-dən çox agitpəncərə və plakatlar hazırlamışdı.

Əhatəli və gərgin fəaliyyəti dövründə rəssam daim yüksək yaradıcılıq əzmi ilə çalışaraq diqqəti cəlb edən sənət nümunələri yaratmışdı. Onun akvarel texnikasında yaratdığı "Mənzərə" (1927), "Köhnə Bakı" (1928), "Qəzet oxuyan qadın" (1928), "Pionerlərin yığıncağı" (1928), "Çoban" (1928) adlı əsərlər şərti-dekorativ, siluet formasında işlənilib. Rəssam yaradıcılığının birinci mərhələsində kontur xətt, cizgi, kontrastlıq və lokal rəng qammasına üstünlük verib. İ.Axundovun ötən əsrin 60-cı illərində yaratdığı akvarel əsərlər isə səlis işlənilmə, professional perspektiv və kolorit həlli ilə diqqəti cəlb edir. Sadalanan xüsusiyyətləri rəssamın "Atabəy məqbərəsi", "Şirvanşahlar Sarayında məscidin portalı", "Divanxana. Şirvanşahlar Sarayı", "Qrafik rəsm", "Mənzərə" və s. akvarel əsərlərinə aid edə bilərik. Rəssam tuşla şair M.P.Vaqifin olduqca bədii ifadə və güclü emosional təsir qüvvəsinə malik portretini yaratmışdır. Akvarellə işləmiş olduğu "M.Ə.Sabirin portreti" (1962) əsərində o, bənzərsiz satirik şair Sabirin xarakterik xüsusiyyətlərini, onun pisixoloji obrazını ustalıqla yarada bilmişdir. 

İ.Axundovun M.Ə.Sabirin "Hophopnamnə" (1934), N.Gəncəvinin "İsgəndərnamə" (1940) və "Molla Nəsrəddin lətifələri" (1958) üçün çəkdiyi illüstrasiyalar özünün məna-məzmun dolğunluğu, lokonik ifadəliyi ilə seçilir, mətnin süjeti ilə təsvirin bağlılığı diqqəti cəlb edir və oxucunun zövqünü oxşayır.

İsmayıl Axundov yaradıcılığının əhəmiyyətli hissəsini teatr dekorasiya rəssamlığına həsr etmişdi. Onu teatra məşhur rejissor Adil İsgəndərov dəvət etmişdi. O, bir çox teatr tamaşasının səhnə tərtibatını və geyim eskizlərini hazırlamışdı. Buna nümunə olaraq Akademik Milli Dram Teatrında M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" (1938), C.Məmmədquluzadənin "Ölülər" (1939), (1948), O.Balzakın "Ögey ana" (1939), Z.Xəlilin "İntiqam" (1942), A.N.Ostrovskinin "Tufan" (1945), C.Cabbarlının "Yaşar" (1947), M.F.Axundzadənin "Lənkəran xanının vəziri" (1949), S.Rəhmanın "Aydınlıq" (1949), C.Cabbarlının "Solğun çiçəklər" (1949), "Dönüş" (1960), N.Hikmətin "Şöhrət" (1960), S.Rəhmanın "Əliqulu evlənir" (1961), M.Hüseynin "Alov" (1961), H.Cavidin "Siyavuş" (1963), Musiqili Komediya Teatrında Ü.Hacıbəylinin "Məşədi İbad", S.Rüstəmovun "Durna" (dramaturq S.Rüstəm) (1959), F.Əmirovun "Gözün aydın" (1966) (dramaturq M.Əlizadə), N.Məmmədov və T.Bakıxanovun "Məmmədəli kurorta gedir" (1970, dramaturq A.Zeynallı) və başqalarını göstərmək olar. 

Rəssam teatr rəssamlığı ilə bağlı fəaliyyəti haqda "Ədəbiyyat və incəsənət" qəzetinin 27 oktyabr 1962-ci il tarixli nömrəsində  yazırdı: "Böyük dramaturqumuz M.F.Axundzadənin pyeslərindəki obrazlar silsiləsi hər bir tərtibatçı rəssamın yaradıcılığı üçün tükənməz ilham mənbəyidir. Bu pyeslərdə cərəyan edən hadisələrin səhnə tərtibatı da rəssamın həyata müdaxiləsinə böyük material verir. Axundovun pyeslərinin tərtibində sadəcə olaraq etnoqrafiyanı nəzərə almaqla kifayətlənmək olmaz. Bu obrazlar silsiləsi, bu zəngin material rəssam təhlilində dövrün ictimai ziddiyyətlərini dərk etmək üçün ən etibarlı çıxış nöqtəsidir". Sənətşünaslıq doktoru Mürsəl Nəcəfov rəssamın yaradıcılığı ilə bağlı "Ümumiyyətlə, yaradıcılığında satira və yumor motivləri güclü olan rəssam M.F.Axundzadə və C.Məmmədquluzadənin satirik surətlərini olduqca real, sözün əsl mənasında milli formada təsvir etmişdir", - deyə qeyd edirdi. 

İsmayıl Axundovun muzey işi və ictimai təşkilatlarda göstərdiyi fəaliyyətinin əsas mayasında incəsənətimizə milli bağlılıq dayanırdı. Rəssam "Ədəbiyyat" qəzetinin 17 sentyabr 1960-ci il nömrəsində dərc olunmuş məqaləsində Teatr Muzeyi ilə bağlı "Təşkilat işlərini gücləndirmək, eksponatlar üzərində geniş və ətraflı elmi iş aparmaq, daimi ekspozisiya yaratmaq üçün muzey kollektivini elmi kadrlarla təmin etmək vaxtı gəlib çatmışdır", İncəsənət Muzeyi haqqında isə "Muzeyin Azərbaycan şöbəsi üzrə daimi ekspozisiya yoxdur", - deyə ürək yanğısı ilə əsl vətənpərvər, ziyalı mövqeyini sərgiləyirdi.

Məşhur ədəbiyyatşünas alim Abbas Zamanov rəssam dostu haqqında demişdir: "İsmayıl müəllim Nizami muzeyinin yaradıcısı və rəhbəri idi. Ana öz balasının üzərində necə əsərsə, İsmayıl müəllim Nizami muzeyinin üzərində elə əsirdi. İsmayıl müəllim Nizami muzeyi üçün canını qurban verməyə hazır idi".

Akademik Həmid Araslı rəssamın 60 illik yubileyi ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetində (22.04.1967) dərc etdirdiyi "Gözəl tərtibatçı" adlı məqaləsində yazmışdır: "İ.Axundov sərgilərin bədii tərtibatında respublikamızda xüsusi məktəb yaratmış bir rəssamdır. Bu isə rəssamın yazıçıların üslub xüsusiyyətlərini bir ədəbiyyatşünas kimi gözəl bilməsi, bədii axtarışların, müasirlik duyğusunun və ümumi biliyinin qüdrəti ilə yaranmışdır. İ.Axundov həmişə axtaran, öyrənən, narahat bir sənətkardır".

Ayrı-ayrı tanınmış sənət adamlarından gətirdiyimiz sitatlar bir daha Xalq rəssamı İ.Axundovun həyatı və yaradıcılığı haqqında oxucuda dolğun təəssürat yaradır. Rəssamın çoxşaxəli bədii yaradıcılığı və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq rəssamı kimi fəxri adlara, SSRİ Dövlət mükafatına layiq görülüb.

Xalq rəssamı Böyükağa Mirzəzadə 1956-cı ildə rəssam dostu İsmayıl Axundovun  diqqəti cəlb edən portretini  ərsəyə gətirib. Biz bu əsərə tamaşa edərkən kresloda iş masası qarşısında düşüncələrə dalmış vəziyyətdə əyləşmiş rəssam və ictimai xadimin bədii obrazı ilə qarşılaşırıq. Yüksək sənət amalları ilə yaşayan və daim xalqının işıqlı gələcəyi üçün çalışan Xalq rəssamı İ.Axundovun adı təsviri sənət tariximizdə əbədi yaşayacaq. 


Əsəd QULİYEV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!