09 May 2024 08:55
637
Mədəniyyət
A- A+

O, ən gözəl əsərlərini Qarabağ mövzusuna həsr edib

 

Mən heykəltaraş Rahib Qarayevi ilk dəfə 2016-cı ilin Aprel savaşından sonra tanımışam. Azərbaycanın tarixi Zəfərə gedən möhtəşəm yolunun başlanğıcı sayılan həmin döyüşlərdə şəhadət məqamına yüksəlmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istedadlı məzunu, Şamaxının Çuxuryurdunda doğulub böyümüş Samir Kaçayev haqqında məqalə hazırlamaq məqsədilə bu təhsil ocağına getmişdim.
O zaman Rahib emalatxanada şəhid heykəltaraşın qəbirüstü abidəsini hazırlayırdı. Xeyli fikirli, qayğılı və dalğın idi. Həm əziz dostunu, gələcəyin istedadlı heykəltaraşını itirdiyi, həm də onun nakam həyatını, arzularını tişə vasitəsilə necə dolğun əbədiləşdirəcəyi barədə düşüncələrə qərq olduğu üçün… Artıq o vaxtdan 8 il keçib. Bu müddət ərzində Rahib və həmkarları gecələrini gündüzlərinə qatıb öz üzərlərində çalışdılar, nəzəri və praktiki cəhətdən sənətin dərinliklərinə nüfuz etdilər, təkmilləşdilər, kamilləşdilər… Ən başlıcası, nəinki ömrü yarıda qalmış sənət dostlarının, eyni zamanda ixtiyar yaşlı ustadların yolunu davam etdirəcəklərinin, bütöv bir sənət yükünü çiyinlərinə götürəcəklərinin, Azərbaycan incəsənətini dünya miqyasında tanıdılmasının məsuliyyətini hiss etdilər.
O, 2007-ci ildən müxtəlif respublika, regional, beynəlxalq sərgi və müsabiqələrin mütəmadi iştirakçısıdır. 2008-ci ildə Türkiyədə keçirilən sərgidə "Əkizlər", Amerikaya həsr olunmuş sərgidə "Amerika" adlı əsərləri ilə iştirak edərək fəxri fərmanlarla təltif olunub.
Gənc tişə ustası dəfələrlə tarixi mövzulara müraciət edib və yaradıcılığında bu istiqamət də uğurlu alınır. Belə ki, təhsilinin bakalavr pilləsində diplom işi "Leonardo da Vinçi" olmuşdur. 2011-ci ildə tamamladığı "Koroğlu" əsərində xalq qəhrəmanımızı döyüş zamanı, hücuma keçdiyi anda təsvir edib. Bu da hələ torpaqlarımızın düşmən tapdağında qaldığı dövrdə müəllifin xalqa, xüsusən də gənclərə bir mesajı idi. Qarabağ mövzusunda ərsəyə gətirdiyi "Qarabağ-Şuşa", "Qarabağ", "Zəfər" kompozisiyaları da bu qəbildəndir və özündə təsirli vətənpərvərlik duyğuları ehtiva edir. Yuxarıda qeyd olunduğu kimi, o, həmçinin Qarabağ müharibəsi iştirakçılarının qəhrəmanlıqlarını əbədiləşdirməkdən ötrü barelyef və xatirə lövhələri üzərində işləyir. Samir Kaçayevin memorial abidəsindən başqa, Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü ərsəyə gətirib. Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakimin heykəlini hazırlayıb. Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsinin yəhudiəsilli şəhidi Albert Aqarunovun 2019-cu ilin sentyabrında Bakı şəhərində ucaldılmış heykəlinin müəlliflərindəndir.
Daim yenilik axtarışlarında olan heykəltaraşın müxtəlif dövrlərdə yaratdığı "Düşünən beyin", "İmtina", "Afrikalı qadın", "Adəm və Həvva", "Yuxu", "Göydələnlər", "Məhəllə", "Keçmişə qayıdış", "Biz", "Üzgüçülər", "Yay yağışı", "Şahmat", "Bakı", "Günəbaxanlar", "Odlar yurdu", "Dəyirman", "Yeni Bakı", "Beyin", "Xocalı", "Kəpənək" və digər əsərləri təbiiliyi, dəqiqliyi və dərin məna ifadəliliyi ilə fərqlənir.
Rahib Qarayevin istedadı, zəhmətkeşliyi və yaradıcılıq imkanlarından çox danışmaq olar. Məncə, oxucularda dolğun təəssüratın formalaşması üçün iki əsərin üzərində dayanmaq kifayətdir. Azərbaycan-Türkiyə dostluğuna həsr etdiyi "Əkizlər"in kompozisiya quruluşu çox sadədir. Sakit, mehriban, qayğılı tərzdə ana və onun isti qucağına sığınmış iki əkiz körpə obrazları təsvir olunub. Heykəltaraş bu əsəri ilə bir soydan olan iki qolu, Azərbaycan və Türkiyə dövlətinin qardaşlıq rəmzini ifadə edib. 2012-ci ilin məhsulu olan digər əsərinin mərkəzində natural insan fiquru - Leonardo da Vinçi stulda əyləşmiş, özünün məşhur "Qızıl bölgü" əsərinin eskizini edərkən təsvir olunub. 
Rahib Arif oğlu Qarayev Masallı rayonunun Qasımlı kəndində dünyaya göz açıb. 2000-2008-ci illərdə İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri alıb. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, iki il sonra magistr pillələrini tamamlayıb. 2014-cü ildən sənətin sirlərini öyrəndiyi akademiyanın Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

Q.MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video