20 Avqust 2026 18:04
64
Mədəniyyət
A- A+
Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Hazırda Londonda yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova üç yaşında Bakıda ilk solo çıxışını edib. Peşəkar musiqiçi ailəsində böyüyən N.Rəşidova beynəlxalq səviyyədə solist, resital ifaçısı, kamera musiqiçisi, orkestr rəhbəri, pedaqoq və tədqiqatçı kimi fəaliyyət göstərir. O, 21 yaşında Böyük Britaniyada 1950-ci illərdən sonra yaradılan ilk qadın kamera orkestri olan “FeMusa”nı təsis edib.

N.Rəşidova AZƏRTAC-a müsahibəsində 35 illik səhnə fəaliyyətindən, uşaqlıq illərindən, Azərbaycan mədəniyyətinin yaradıcılığına təsirindən, Böyük Britaniyadakı fəaliyyətindən, eləcə də Azərbaycan klassik musiqisinin beynəlxalq auditoriyaya daha geniş çatdırılması ilə bağlı planlarından danışıb.

– Siz cəmi üç yaşınızda Bakıda solo ifa ilə səhnəyə çıxmısınız. Bu, ictimai səhnədə çıxış etməyə başlamaq üçün olduqca erkən yaşdır. Həmin illərlə bağlı nələri xatırlayırsınız və skripkanın həyatınızın bu qədər mühüm hissəsinə çevriləcəyini ilk dəfə nə zaman anladınız?

– Skripka çox erkən yaşlarımdan həyatımın və kimliyimin ayrılmaz hissəsinə çevrildiyi üçün onun həyatımda bu qədər mühüm yer tutacağını anladığım konkret bir anı müəyyənləşdirmək mənim üçün çətindir. Valideynlərimin ailə arxivimizdə qoruyub saxladıqları foto və videolar sayəsində uşaqlıq illərimin məşq və səhnə anlarına yenidən qayıda bildiyim üçün özümü çox şanslı hesab edirəm.

– Hər iki valideyniniz musiqiçidir. Musiqiçi ailəsində böyüməyiniz bir sənətçi kimi formalaşmağınıza necə təsir edib? Peşəkar şəkildə musiqi ilə məşğul olmaq qərarınızda əsas təsir valideynlərinizdən gəlib?

– Valideynlərimin hər ikisi peşəkar skripkaçıdır. Onlar əvvəllər ifaçılıqla məşğul olublar, hazırda isə Böyük Britaniyada müxtəlif təhsil müəssisələrində və konservatoriyalarda dərs deyirlər.

Digər sənətçilərin uğur hekayələrini oxuyanda və onlar haqqında sənədli filmlərə baxanda çox vaxt təsir, təzyiq və sadəcə istiqamətləndirmə arasında çox incə bir xəttin olduğunu görürük. Mən sonuncu kateqoriyaya aidəm. Çünki mənə hər zaman ilhamlanmaq və bu peşə ilə yaradıcı şəkildə məşğul olmaq üçün kifayət qədər yer və sərbəstlik verilib.

– Azərbaycanda doğulsanız da, peşəkar karyeranızın böyük hissəsini Böyük Britaniyada qurmusunuz. Azərbaycanlı olmağınız musiqi kimliyinizə və bu gün fəaliyyətinizə yanaşmanıza necə təsir edib?

– Həyatımın üçdə birindən çoxunu Böyük Britaniyada yaşamışam. Yeddi yaşımdan etibarən məktəbdə təhsil aldığım əsas dil ingilis dili olub. Buna baxmayaraq, hiss edirəm ki, Azərbaycan köklərim dünyagörüşümə və özümü ifadə tərzimə əlavə çalarlar, ilham və zənginlik qatır.

Mətbəximizin zənginliyindən tutmuş ənənəvi və klassik musiqini, cazı və müasir incəsənəti əhatə edən zəngin mədəni irsimizə qədər bütün bunlar mənim üçün böyük ilham mənbəyidir. Odlar Yurdunda doğulduğum üçün özümü çox şanslı hesab edirəm.

– Bakıda gənc skripkaçı kimi başladığınız sənət yolundan Britaniyada beynəlxalq səviyyədə tanınan solist, resital ifaçısı və orkestr rəhbəri kimi fəaliyyət göstərməyə qədər olan karyera yolunuzdan danışa bilərsinizmi? Bu müddətdə qarşılaşdığınız ən böyük çətinliklər hansılar olub?

– Peşəmizin gözəlliyi ondadır ki, bu sənət yolu ömür boyu davam edə bilər. Artur Eşin dediyi kimi, “Uğur son mənzil deyil, bir səyahətdir”.

Müxtəlif sahə və rollarda özümü sınamaq imkanım çoxşaxəli karyera qurmağıma şərait yaradıb. Geriyə baxdıqda görürəm ki, istər ifaçılıq və pedaqoji fəaliyyət, istər tədqiqat, redaktə işi, istərsə də idarəetmə sahəsində olsun, üzərimə götürdüyüm və ya sıfırdan yaratdığım bütün layihə və fəaliyyətləri bir-birinə bağlayan ortaq bir yaradıcı xətt var.

Çətinliklərə gəlincə, insan daim inkişaf etməyə və öyrənməyə açıqdırsa, çətinliklər də hər zaman qarşısına çıxacaq. Burada başqa bir fikri öz həyat devizimlə birləşdirmək istərdim: “Əsas məsələ qarşınıza çıxan çətinliklərə necə cavab verməyinizdir”.

– Siz “FeMusa” orkestrini yaratmısınız. Bu kollektiv Britaniyada son 70 ildə yaradılmış ilk qadın kamera orkestri kimi təqdim olunur. Orkestri yaratmağa sizi nə ilhamlandırdı və məhz belə bir ansamblın yaradılmasına niyə ehtiyac olduğunu düşündünüz?

– “FeMusa”nı 21 yaşında, Kral Musiqi Akademiyasında magistratura təhsilimin son ilində yaratmışam. Akademiyaya 15 yaşında daxil olmuşdum. Bakalavriat təhsilimi başa vurduğum vaxt məktəb yoldaşlarım universitetdə təhsilə yenicə başlayırdılar. Bu səbəbdən 2008-ci ildə “FeMusa”nı yaradarkən orkestrin bütün üzvləri məndən yaşca böyük idi. Həmin dövrdə “FeMusa” 1950-ci illərdən sonra Böyük Britaniyada yaradılan ilk qadın kamera orkestri idi. Orkestrin idarə olunması, ona rəhbərlik edilməsi və bu prosesdə peşəkar baxımdan inkişaf etməyimlə yanaşı, qadın musiqiçilər üçün daha çox səhnə və çıxış imkanları yaratmaq mənim üçün əsas motivasiya mənbələrindən biri idi.

Oman və Azərbaycandakı çıxışlarımızdan sonra Şərq ölkələrində də bu cür qadın ansambllarının yaradılması üçün ilham mənbəyi olmağımız fəaliyyətimizin mühüm nəticələrindən biri oldu.

– İfaçılıqla yanaşı, pedaqoq və tədqiqatçı kimi də fəaliyyət göstərirsiniz. Biliklərinizi gələcək nəsil musiqiçilərə ötürmək sizin üçün nə dərəcədə vacibdir? Texniki bacarıqlardan əlavə, tələbələrinizdə hansı keyfiyyətləri inkişaf etdirməyə çalışırsınız?

– İş prosesimdə ifaçılıq, pedaqogika və tədqiqat arasında düşüncə baxımından çox az fərq hiss edirəm. Son vaxtlar enerjimi sonuncu iki istiqamətə daha çox yönəltmişəm. Çünki tələbələrlə işləməyi, onların beş yaşından başlayaraq magistratura səviyyəsinə və daha sonrakı mərhələlərə qədər inkişafını izləməyi olduqca faydalı hesab edirəm. Ən böyük məqsədlərimdən biri bütün yaş qruplarından olan tələbələr üçün elə bir mühit yaratmaqdır ki, onlar öz musiqi alətlərinə və öyrəndikləri sahəyə daim sevgi hiss etsinlər. Bu, mənim öz alətimlə ilk tanışlığımdan bəri məni heç vaxt tərk etməyən hissdir.

Tələbələrimdə inkişaf etdirməyə çalışdığım keyfiyyətlərə gəldikdə, ilk növbədə, özünəinam hissini qeyd edərdim. Bu özünəinam, eyni zamanda, onların möhkəm təməl hazırlığı üçün zəruri olan texniki bacarıq və əminliklə birlikdə formalaşır. Bununla yanaşı, onlara bədii sərbəstlik hissi verməyə çalışıram ki, özlərini müstəqil şəkildə ifadə edə bilsinlər.

– Beynəlxalq mühitdə fəaliyyət göstərməyinizə baxmayaraq, Azərbaycanın musiqi ictimaiyyəti ilə əlaqələrinizi davam etdirirsinizmi? Beynəlxalq auditoriyaya təqdim etməkdən xüsusi zövq aldığınız Azərbaycan bəstəkarları və ya musiqi ənənələri varmı?

– Konsert proqramlarıma Azərbaycan bəstəkarlarının əsərlərini tez-tez daxil edirəm. Ən son belə çıxışım Polşada olub. Həmkarım, istedadlı gitaraçı Stanislav Hvartçilkovla birlikdə hazırladığım “Dreams” (“Arzular”) albomu məni Azərbaycanla bağlayan ən dəyərli layihələrimdən biri olaraq qalır. Tofiq Quliyevin mahnılarının skripka və gitara üçün aranjiman edilməsi prosesi yalnız bu alətlərin kombinasiyası üçün repertuarın genişlənməsinə töhfə verməyib, həm də əsərlərin radio vasitəsilə daha geniş auditoriyaya çatmasına imkan yaradıb.

– Azərbaycan güclü klassik musiqi ənənəsinə malikdir və dünyada tanınmış çoxsaylı musiqiçilər yetişdirib. Sizcə, Azərbaycan musiqi mədəniyyətini fərqləndirən nədir və beynəlxalq klassik musiqi dünyasında bu musiqi necə qəbul olunur?

– Niyazinin, Qara Qarayevin və Fikrət Əmirovun Azərbaycan klassik orkestr əsərlərini xarici klassik musiqi mütəxəssislərinə təqdim etdiyim zaman ən çox eşitdiyim ifadə belə olur: “Sizin ölkənizin musiqisi necə də zəngin və dolğundur”. Mən də bununla tamamilə razıyam. Azərbaycan musiqisi ona görə fərqlənir ki, onun harmonik dili özünəməxsusdur və başqa heç bir musiqiyə bənzəmir. Bütün bunların kökündə muğamımızın mürəkkəb modal sistemləri dayanır. Muğam da son dərəcə geniş emosional çalarları ifadə etmək imkanına malikdir.

– Üç yaşınızda Bakıda etdiyiniz ilk çıxışdan bu günədək keçdiyiniz yola nəzər saldıqda, hansı nailiyyət və ya məqam şəxsən sizin üçün ən mənalı olub?

– Hər bir anı və nailiyyəti, eləcə də hazırlaşdığım növbəti işi mənim üçün ilk nailiyyətim qədər mənalı hesab etsəm də, dörd il yarım üzərində çalışdığım böyük bir layihə ilə bağlı bir neçə xüsusi yaddaqalan məqam var. Kral Musiqi Akademiyasında doktorantura layihəm çərçivəsində XIX əsrin məşhur fransız skripkaçısı Emil Sorenin “24 Études Caprices” əsərinin ilk səsyazması həyata keçirildi. Səsyazmaların bir neçə hissəsi Sorenin 35 il ərzində ifa etdiyi “Stradivari” skripkasında həyata keçirilib. Dörd cilddən ibarət CD seriyası “Naxos” səsyazma şirkəti tərəfindən buraxıldı.

Tədqiqat layihəmin ortalarında təntənəli mərasimdə “Worshipful Company of Musicians” təşkilatının ən nüfuzlu mükafatlarından biri olan “The John Clementi Collard Fellowship”ə layiq görüldüm. Ser Edvard Elqar və Ralf Von Uilyamsın imzalarının yer aldığı eyni kitabda mənim də imzamın olması böyük şərəf idi.

Bu layihə Sorenin “24 Études Caprices” əsərinin “Edition Peters” tərəfindən yeni nəşrinin işıq üzü görməsi ilə yekunlaşdı. Nəşrə mənim applikatura və kaman ştrixləri ilə bağlı təkliflərim, Emil Sorenin həyat və yaradıcılığına dair geniş bioqrafik material, eləcə də həmin dövrün ifaçılıq ənənələri haqqında əlavə məlumatlar daxil edildi.

– Hazırda hansı layihələr üzərində işləyirsiniz? Gələcəkdə Azərbaycanla bağlı həyata keçirmək istədiyiniz xüsusi çıxışlar, tədqiqat layihələri və ya əməkdaşlıqlar varmı?

– “The Strad Magazine” jurnalının 2026-cı il avqust buraxılışında həmmüəllifi olduğum “In Focus” məqaləsi yenicə dərc olunub. Məqalədə indiyədək ifa etdiyim və səsyazmasını həyata keçirdiyim, yəqin ki, ən qeyri-adi, gözəl və unikal skripkalardan biri təqdim edilir. Neapollu skripka ustası Nikolo Qalyano tərəfindən 1776-cı ildə hazırlanmış bu qeyri-adi “mute violin”un bu il 250 yaşı tamam olur.

Alət 2024–2025-ci illərdə ABŞ-nin Arizona ştatının Finiks şəhərindəki Musiqi Alətləri Muzeyində keçirilən “Stradivarius and the Golden Age of Violins and Guitars” sərgisində nümayiş etdirilib. Qeyd olunan sərgidə təqdim edilmiş bir neçə digər çox qiymətli alətlə bağlı da xeyli videogörüntümüz var. Hazırda onların yaxın zamanda ictimaiyyətə təqdim olunması üzərində işləyirəm. Böyük marağı nəzərə alaraq, gitaraçı Stanislav Hvartçilkovla birlikdə skripka və gitara üçün hazırladığımız digər aranjimanlar da hazırda nüfuzlu “Faber Music” nəşriyyatının kataloqunda yer alır.

Arzum Azərbaycan klassik musiqisi əsərlərinin notlarını beynəlxalq nəşr kanalları vasitəsilə dünyanın müxtəlif ölkələrindəki musiqiçilər və auditoriyalar üçün daha əlçatan səviyyəyə gətirməkdir. Hazırda bunun üzərində işləyirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

18:11
20 Avqust

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

18:04
20 Avqust

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

17:57
20 Avqust

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək

17:50
20 Avqust

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

17:45
20 Avqust

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi

17:40
20 Avqust

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

17:35
20 Avqust

Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq

17:30
20 Avqust

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

17:20
20 Avqust

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

17:15
20 Avqust

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir 

17:11
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ 

17:08
20 Avqust

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında

17:05
20 Avqust

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında

17:02
20 Avqust

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

16:10
20 Avqust

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

16:05
20 Avqust

İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi 

16:00
20 Avqust

Azərbaycan enerji mütəxəssisləri Çində qabaqcıl texnologiyalar üzrə təlim keçirlər

15:55
20 Avqust

AZAL sərnişinlərinə yeni imkan: əlavə xidmətlər üçün ödəniş göyərtədə mümkün olacaq

15:50
20 Avqust

Naxçıvanda ictimai nəqliyyata əlçatanlıq 95 faizə yüksəlib

15:45
20 Avqust

“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur

15:40
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!