Mart ayı üçün neft sifarişlərinin qiyməti 2 faiz artaraq “Brent” markalı neftin 1 barelinin qiymətini 96 dollara kimi yüksəldib. Həftənin əvvəlində 0,9 faiz ucuzlaşan neftin qiymətinin artması yenə də geosiyasi proseslərlə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, ötən həftə Omanda İran-ABŞ və Rusiya-Ukrayna arasında aparılan danışıqlar nəticəsiz qalsa da görüşdən çıxan nümayəndələr pozitiv fikirlər söyləyərək irəliləyişin olduğunu bəyan etdilər. Lakin danışıqların ikinci hissəsi Cenevrədə keçirildi və yenə də heç bir nəticə əldə edilmədən başa çatdı. Əlbəttə bu cür qlobal siyasi problemləri iki dəfə görüşməklə həll etmək olduqca çətindir. Lakin danışıqlar masasının arxasında baş verənlər alternativ fikir söyləmək üçün əsas verir.
ABŞ-nin “Axios” xəbər agentliyi Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşına istinadla yazır ki, son 24 saat ərzində rəsmi Vaşinqton Yaxın Şərqdəki hərbi bazalarına 50 ədəd qırıcı təyyarə göndərib ki, bunların da arasında F-35, F-22 və F-16-lar var.
“The Wall Street Journal” yazır ki, İran nüvə proqramından tamamilə imtina etmək niyyətində olmadığı üçün müharibəyə hazırlaşır və bu gün Körfəzdə Rusiya ilə hərbi təlimlərə başlayacaq.
İsrail kəşfiyyatının keçmiş rəhbəri Amos Ydlin bildirib ki, müharibə ehtimalı 90 faizdən çoxdur. Çünki nə ABŞ, nə də İran qırmızı xətlərindən çəkilmək niyyətində deyillər.
Rusiya-Ukrayna danışıqlarında da heç bir irəliləyiş əldə edilməyib. Danışıqlarda iştirak edən Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Vladimir Medinski danışıqları “işgüzar görüş” adlandırıb. O dolayısı ilə bildirib ki, hərbi əməliyyatlar hələlik dayanmayacaq.
“IG Grop” beynəlxalq onlayn ticarət şirkətinin analitiki Toni Sikamor bildirib ki, bazar artıq dərəcədə gərginləşib və yaxın gələcəkdə Yaxın Şərqdən (Səudiyyə Ərəbistanı, Əl-Küveyt, Qətər) dünya bazarına neft ixracının dayanmasından qorxaraq qiymətləri yüksəldir.
Yaxın Şərqdə davam edən gərginlik, Şərqi Avropada isə müharibə dünya bazarında neftin qiymətinin yüksəlməsi tendensiyasının əsasını yaradıb. Bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar artaraq 70,48 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar artaraq 65,38 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 2,03 dollar və ya 2,9 faiz artaraq 70,95 dollar olub.
Qarşıdakı həftədə gərginliyin davam etməsi və ABŞ-nin neft ehtiyatlarının 8 milyon ton azalması səbəbindən dünya bazarında neftin bahalaşması tendensiyası davam edəcək.