29 Avqust 2024 08:25
238
İQTİSADİYYAT
A- A+

Neft layihələri: əsas şərtlərdən biri ətraf mühitə ziyan vurmamaqdır

 

Neft və qaz ehtiyatlarına sahib olduğu üçün hər hansı bir ölkəni heç kəs səbəbsiz günahlandıra bilməz. Çünki əsas məsələ onlardan necə istifadə etməkdir. Prezident İlham Əliyev son aylar ölkəmizdə və xaricdə keçirilən bir sıra mötəbər tədbirlərdə bu fikirləri dönə-dönə vurğulayıb.
Təəssüf ki, hazırda dünyanın müxtəlif yerlərindən olan bəzi dairələr neftlə və qazla zəngin ölkələrin üstünə "hücum çəkirlər" ki, atmosferi çirkləndirən, ekologiyanı korlayan sizsiniz. Ölkəmizdən söz gedərsə, deməliyik ki, bizdə bu sərvət müxtəlif vasitələrlə cəmiyyətə yönəldilib, inklüziv cəmiyyət qurulub, yoxsulluq 50 faizdən 5 faizə endirilib. Xarici borc təxminən 100 faizdən 7,7 faizə düşüb. Üstəlik də enerji keçidi məsələsində irəlidəyik, "yaşıl gündəli"yimiz artıq hamıya bəllidir. Vacib məsələlərdən biri də odur ki, gerçəkləşdirdiyimiz neft, qaz və ixrac layihələrinin hamısında ətraf mühitə təsirin minimum olması üçün böyük səylər göstərilir.
Hər bir layihənin həyata keçirilməsinə başlamazdan əvvəl onun ƏMSSTQ sənədləri hazırlanır və hökumət tərəfindən imzalanır. Bu, karbohidrogenlərin hasilatı və ixracı ilə məşğul olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda da belədir. 
ƏMSSTQ - Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi deməkdir. "Əsrin müqaviləsi" çərçivəsində gerçəkləşən layihələrin də hər birinin ƏMSSTQ sənədləri olub, onlar əvvəlcə ictimaiyətin müzakirəsinə verilib və sonra hökumət tərəfindən təsdiqlənib.
"Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin həyata keçirilməsinin hər bir mərhələsində ƏMSSTQ qarşıda ümdə məsələ kimi dayanıb. Bu baxımdan ən maraqlı məqamlardan biri Səngəçal terminalının genişləndirilməsi zamanı müşahidə olundu. Tikinti işləri prosesində bir sıra yerli və qlobaləhəmiyyətli canlı növləri təsirə məruz qala bilərdi. "Qırmızı kitab"a düşmüş Aralıq dənizi tısbağaları xüsusilə həssas idi. Ona görə də tısbağalar qış yuxusunda ikən ayrı-ayrı qutulara yığıldı. Terminalın ərazisində qeyri-adi bir ferma - tısbağa ferması yaradıldı. Beləliklə, bu canlılar təhlükədən qorundu, böyüdü, artdı... Fürsətdən istifadə edib tısbağalara alimlər, mütəxəssislər baş çəkdilər, onları müşahidə edərək yeni bilgilər qazandılar. Məktəblilər ekskursiyaya gələrək maraq dünyalarını zənginləşdirdilər... "Aralıq dənizi tısbağaların müdafiəsi və artırılması proqramı" uğurla başa çatdırıldı.
Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə, AÇG-nin yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Bu, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi öz təsdiqini tapıb. Təkcə bir neçə faktı xatırlatmaq kifayətdir. Məsələn, layihənin əvvəlindən 2021-ci ilin sonuna qədər AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi, dəniz, quru və sahilyanı ərazilərdə 266 monitorinq tədqiqatları aparılıb.
Ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətinin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) qaydaları da olduqca ciddidir. "Hər kəs evindən işə sağ-salamat gəldiyi kimi, beləcə də geri dönməlidir!" Bu, sözügedən layihələrdə işləyənlər üçün bir şüara çevrilib. Onların hər biri özünü intizamı, məsuliyyəti, keyfiyyətli işi ilə doğruldur.
SƏTƏMM-in şərtlərinə əraziyə gələn qonaqlar, o cümlədən BP-nin təşkilatçılığı ilə vaxtaşırı səfərdə olan jurnalistlər də əməl etməlirdirlər. Belə ki, sahəyə daxil olarkən onlar da kombinezon və çəkmə geyinir, gözlərinə qoruyucu eynək taxır, başlarına dəbilqə qoymalı olurlar. Ərazini tərk edərkən həmin əşyalar təhvil verilir. Lakin bu qeydlərin müəllifinə müstəsna hal kimi, yadigar olaraq bir neftçi kombinezonu bağışlayıblar... Bunlar kövrək və qürur doğuran xatirələrdir.
Məlum olduğu kimi, BP şirkəti öz tərəfdaşları ilə birlikdə ölkəmizdə çoxsaylı sosial proqramlar da həyata keçirir və bunları əsas əməliyyatların ayrılmaz bir hissəsi sayır. Bu sırada ekologiya ilə bağlı sosial layihələr də özünə yer alır. Məsələn,"Yaşıl ürək" layihəsi.
"Yaşıl ürək" torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon emissiyalarını azaltmağa yönəlmiş iri ekoloji layihədir. Layihə çərçivəsində görüləcək işlər 251 min yeni ağacın əkilməsini və birinci mərhələdə Samuxda daha əvvəl əkilmiş 110 min ağaca qulluq edilməsini nəzərdə tutur. Bundan əlavə, Qobustan rayonunda seçilmiş bir hektar ərazidə suya qənaət edən avadanlıqdan və qabaqcıl əkin üsulundan istifadə olunmaqla innovativ yaşıllaşdırma sistemi yaradılacaq. Layihə çərçivəsində indiyə kimi Samux, Şəmkir və Qobustan rayonlarında on minlərlə ağac əkilib.
Əslində "Yaşıl ürək" digər bir sosial layihədən - "Şirin qızıl"dan ayrılmazdır. Belə ki, BP həmçinin beş ilə yaxındır iki mərhələdə "Şirin qızıl" adlı layihə həyata keçirir. Nəticədə, 6 rayonda 530 ailə öz şəxsi arıçılıq biznesinə başlayıb. Bu layihənin bir növ davamı olaraq arıçılıq təsərrüfatlarına yaxın ərazidə Azərbaycanın ilk "nektar meşəsi" salınıb. 
Keçən ilin payızında BP-nin təşkilatçılığı ilə Samux rayonunda səfərdə olan jurnalistlər bu meşələri əyani görmək üçün imkan qazandılar. Həmin səfər zamanı "Yaşıl ürək" layihəsinin meneceri Vüqar Bəşirov bu barədə məlumat verərək dedi:
- 2019-cu ilin ikinci yarısından arı ailələrinin saxlandığı ərazilərə yaxın yerlərdə ağaclar əkməyə başladıq. Yem bazası olan bu meşə massivindəki ağacların hamısı nektarverəndir. Akasiya, ağcaqayın, badam, xaricdə "bal ağacı" kimi tanınan evodiya ağacları əkdik. Deyim ki, evodiyanın çiçəkləmə prosesi avqust-sentyabr aylarına qədər davam edir. Bu da arıların qidalanması üçün çox əlverişlidir. 
Təkcə Samuxda 110 min ağac əkilib. Rayonun torpaq və iqlim şəraiti nəzərə alınaraq ağacların suvarılması üçün infrastruktur da yaradılır. Bu məqsədlə istifadəsiz qalmış üç artezian quyusu bərpa edilib.
 Ümumilikdə isə "Yaşıl ürək" və "Şirin qızıl" layihələri çərçivəsində indiyədək Qobustanda min ağac əkilib. Samuxda və Şəmkirdə ağacların əkildiyi sahələr isə ümumilikdə 315 hektar təşkil edir. 
Layihə birinci mərhələdə Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında 100-dən çox ailəni əhatə edib. Növbəti mərhələdə bu rayonların sırasına Tovuz və Ağstafa da qoşulub. Bu mərhələdə adıçəkilən 6 rayonda daha onlarla ailə arıçılıqla məşğul olmağa başlayıb.
Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP-nin rəhbər işçiləri dəfələrlə "Yaşıl ürək" meşə sahələrində olub, əraziyə baxış keçirib, eləcə də burada yeni ağaclar əkiblər. Məsələn, keçən ilin may ayında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz "Yaşıl ürək" meşəsinə səfər ediblər. Onlar birlikdə Samux rayonunun Çobanabdallı kəndində yerləşən meşəyə baxış keçirib, layihənin gedişi ilə ətraflı tanış olub və sahədə 100 pavloniya ağacı əkiblər.
BP-nin Xəzər regionunda xarici işlər və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə haqqında belə deyib: "Biz fəaliyyət göstərdiyimiz bölgələrdəki icmalarda insanlara dayanıqlı mənfəət və faydalar gətirməyimizlə fəxr edirik. "Şirin qızıl" layihəsində qarşıya qoyduğumuz məqsədlər tam həyata keçirilib - kənd icmalarında insanlar üçün gəlir imkanları açılıb və yeni bacarıqlar yaradılıb. Həmçinin çox məmnunuq ki, bu layihə ölkədə ağacəkmə və yeni meşəsalma hərəkatına əhəmiyyətli töhfə verib. İnanırıq ki, layihə çərçivəsində yaradılmış "bal meşəsi" həm arıçılıq üçün bir nektar mənbəyi olaraq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək".
Neft və ekologiya... Sadaladıqlarımız bu mövzuya aid yalnız bəzi cizgilərdir. "Yaşıl həyat naminə həmrəylik ili"ndə və COP29 ərəfəsində bu məsələ daha böyük önəm daşıyır, ətraf mühitin mühafizəsinin gündəmdən düşmədiyini tam ciddiliyi ilə bir daha xatırladır. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video