08 Fevral 2024 10:30
510
CƏMİYYƏT
A- A+
Naxçıvanda prezident seçkiləri yüksək fəallıqla başa çatdı

Naxçıvanda prezident seçkiləri yüksək fəallıqla başa çatdı

 

Dünən səhər saat 08:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlandı. Prezident postu uğrunda 7 namizəd mübarizə apardı. Bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirildi. Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində reallaşdı. 
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da növbədənkənar prezident seçkiləri fəallıqla başa çatdı. 
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verdi. 
"Şərq qapısı" qəzetinin əməkdaşlarının redaksiyamıza verdiyi məlumata görə,  muxtar respublikanın bütün rayonlarında da prezident seçkiləri uğurla başa çatdı.

 

Zəfər seçkisi ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir

 

7 fevral 2024-cü il! 
Xalqın Zəfər seçkisinin keçirildiyi gün Azərbaycanın dövlətçilik tarixinə çox əlamətdar bir gün kimi yazıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Prezident seçkiləri gününü xalqımız böyük ruh yüksəkliyi ilə qarşılayaraq öz konstitusiya hüququndan istifadə etdi. Şərur rayonunda da səhər saatlarından yüzlərlə seçicinin axışaraq seçki məntəqələrinə gəlməsi Oğuz elinin müasir inkişafının təntənəsi idi. Əsl bayram əhvali-ruhiyyəsi yaşanan rayonda səhər saat 08:00-da bütün məntəqələr qapılarını seçicilərin üzünə açmışdı. Məntəqələrdə seçkilər bütün prosedur qaydalara uyğun olaraq aparıldı. Seçicilərin seçdikləri namizədə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. 
Rayon mərkəzində yerləşən 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 1 saylı məntəqə seçki komissiyasının sədri Qulu Quliyev deyir ki, əslində, səhər tezdən bu qədər seçicinin məntəqəyə gəlməsi gözlənilən idi, çünki şərurlular ölkəmiz üçün taleyüklü məsələlərə həmişə həssaslıqla yanaşıblar. 
Məntəqədən çıxan seçici İsmət Məmmədova bildirdi ki, burada proses tam şəffaf təşkil olunub: "Seçki mədəniyyətinin hər seçkidə daha da yüksəlməsi məni olduqca məmnun edir. Seçki prosesi yüksək səviyyədə davam edir. Azad şəkildə seçimimi edərək ən layiqli namizədə səs verdim". Çərçiboğan kənd tam orta məktəbində yerləşən 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində də seçici aktivliyi müşahidə olundu. Məntəqə seçki komissiyasının sədri Vasif Nəcəfli bildirdi ki, aparılan hazırlıq işlərinin nəticəsidir ki, seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüquqlarından tam istifadə etdilər. 
İlk dəfə prezident seçkilərində iştirak edən Əfsanə Məmmədova  fikirlərini bizimlə bölüşür: "Birinci dəfədir, səsvermə prosesinin necə olduğunu görürəm. Çox qürurvericidir. Ölkəmizin gələcəyini düşünən layiqli namizədə səs vermək mənim üçün böyük şərəfdir. Mən də bir vətəndaş kimi seçmək hüququmdan istifadə edərək xalqımızın tərəqqisini, inkişafını tam mənası ilə təmin edə bilən namizədə səs verdim". 
2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 23 saylı məntəqəsində Vətən müharibəsi şəhidi Elməddin Meydanovun qardaşı İsmayıl Meydanov fikirlərini bölüşür: "Xalqın Prezidenti, adını Azərbaycan tarixinin səhifələrinə əbədi yazan qalib xalqın qalib sərkərdəsidir. Qalib xalqımıza qalib Prezident yaraşır. Bu gün seçkilərdə iştirak etməyi özümə borc bildim. Ailəmlə birlikdə seçkilərdə iştirak etdik, bu seçki digər seçkilərə bənzəmir. Bu seçkidə başıuca, alnıaçığıq. Vətənimizi bütövləşdirən şəhidlərin ruhu şad olsun". 

 

Zəfərli, inamlı və ümidli seçki yolunda xoş sabahlara doğru

 

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsinin 65 məntəqəsi, 47617 nəfər seçicisi var. İlk dəfə səsverənlərin sayı 2664 nəfərdir ki, bunlardan da 83 nəfəri 18 yaşlılardır. 6 nəfər seçici isə 96 yaşlıdır. Dairə üzrə 7 müşahidə kamerası quraşdırılıb. 
Babək şəhərindəki Babək Rayon Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqəsində seçki başlamamışdan izdiham hiss olunurdu. Məntəqədə seçki açıq elan edildikdən sonra hər bir seçici səsvermədə iştirak etmək üçün şəxsiyyət vəsiqəsini göstərir, bülleteni alıb səsvermə kabinəsinə keçərək öz namizədinə səs verirdi. Məntəqədə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Ümid Novruzlunun atası Bahadur Novruzovla həmsöhbət oluruq: "Biz də öz şəhid övladımızın səs verdiyi namizədə səsimizi verməkdən qürur duyuruq. Bu gün kim bayrağı Şuşada, Xankəndidə dalğalandırıbsa, ərazi bütövlüyümüzü, suverenliyimizi kim təmin edibsə, səsimiz onun səsidir".
Babək şəhərindəki 1 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində 1200 seçici var ki, onlardan da 65 nəfəri ilk dəfə səs verənlərdir. Qazi baş leytenant Abbasəli Tarverdiyev də hərbi formada əzəmətli və qürurlu, anlıaçıq, üzüağ bu məntəqədə səsvermədə iştirak edirdi: "Bu gün keçirilən prezident seçkiləri tam və bütöv Azərbaycan ərazisində keçirilir. Buna görə də biz bu xoş günləri yaşayırıq. Cənab Prezidentimizin özü də Xankəndi şəhərində səsvermədə iştirak etdi. Biz də döyüşlərdə iştirak etmiş hərbi qulluqçu, qazi olaraq vətənimizin, dövlətimizin yanındayıq. Mən və qazi yoldaşlarımız da səsimizi qalib liderimizə verdik". 
Cəhri qəsəbə xəstəxanasının binasında yerləşən 23 saylı seçki məntəqəsinin isə 1111 seçicisi var. Onlardan 44 nəfər seçkidə ilk dəfə olaraq iştirak edirdi. Bundan əlavə, Cəhri qəsəbəsindəki 20 saylı, Kərimbəyli kəndindəki 5 saylı, Kültəpə kəndindəki 6 saylı və Yuxarı Uzunoba kəndindəki 16 saylı seçki məntəqələrində də seçicilərdə aktivlik və yüksək əhvali-ruhiyyə müşahidə edirik. 

 

Zəfər seçkiləri xalqımızın arzularının təminatçısıdır

 

Ordubad rayonundakı seçki məntəqələrində də fəallıq müşahidə olunurdu. 6 saylı Ordubad-Culfa Seçki Dairəsinin 65 seçki məntəqəsi var. 1448 seçici qeydə alınan Ordubad şəhərindəki 3 saylı seçki məntəqəsində 7 daşınan qutu müəyyən edilmişdi. 
Məntəqədə həmsöhbət olduğumuz seçicilərdən yaşı 60-ı ötmüş Hüseyn Məmmədov deyir ki, ölkəmizdə keçirilən prezident seçkilərində mütəmadi olaraq iştirak edib. Bu dəfə daha böyük sevinclə, həvəslə seçimlərə qatılıb: "Seçimimdə isə ölkəmizin, Vətənimizin mənafeyini, xalqımızın tələblərini nəzərə alıb istədiyim namizədə səs verdim".
Rayon mərkəzindəki 2 saylı seçki məntəqəsində 1473 seçici qeydə alınmışdı ki, onlar arasında 18 yaşını tamam edərək ilk dəfə iştirak edən şəxslər də var idi. 4 saylı seçki məntəqəsində isə 1335 nəfər seçicinin səs verməsi nəzərdə tutulmuşdu. Həmin seçicilərdən də 4 nəfəri seçkilərə ilk dəfə qatılırdı.
Rayon üzrə ən çox seçicinin qeydə alındığı Dəstə kəndində yerləşən 17 və 18 saylı məntəqələr idi. 17 saylı seçki məntəqəsində 1488 nəfər, 18 saylı seçki məntəqəsində isə 1491 nəfərin səs verməsi nəzərdə tutulmuşdu. Hər iki məntəqə üzrə 134 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edən seçici vardı. 
Rayonun Nüsnüs kəndində yerləşən 10 saylı seçki məntəqəsində 1478 nəfər seçici qeydə alınmışdı. Məntəqədə 2 nəfər üçün daşınan qutu ayrılmışdı. 

 

"Ölkəmizin parlaq gələcəyi naminə seçkilərdə iştirak etdik"

 

Muxtar respublikadakı seçici fəallığı 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə seçki məntəqələrində də hiss olunurdu. Bu dairə üzrə 46 məntəqədə 48046 seçiciyə səs vermək üçün hərtərəfli şərait yaradılmışdı. 
Ən çox seçici sayı isə 38 saylı Ərəzin seçki məntəqəsində idi. Bu seçki məntəqəsində 1468 nəfər qeydə alınmışdı. 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsinin 20, 29, 33, 34, 38 saylı seçki məntəqələrində müşahidə kameraları quraşdırılmışdı.
Səhər saatlarından başlayaraq 5 saylı Babək-Naxçıvan-Culfa seçki Dairəsinin 34 saylı seçki məntəqəsində xalqının gələcəyi üçün səs verməyə gələn sakinlər fəallıqları ilə diqqəti çəkirdilər. 
Xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid ailələri də öz layiqli namizədinə səs vermək üçün seçkilərdə fəal iştirak edirdilər. Onlardan biri - İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş leytenant Yaqub Nəcəfovun anası Xuraman Nəcəfova idi. Şəhid anası bildirdi ki, 7 fevral prezident seçkiləri tarixi seçkilərdir. Çünki bu seçkilər Azərbaycanın bütün bölgələrində, o cümlədən qəhrəman oğullarımızın öz canları bahasına işğaldan azad etdiyi ərazilərdə keçirilir. Buna görə də bütöv Azərbaycan xalqı seçkilərdə iştirak etmək, səs vermək üçün bu günü gözləyirdi: "Ailəmiz də həmçinin. Biz də bütün ailə üzvlərimizlə birgə xalqımızın, ölkəmizin parlaq gələcəyi naminə seçkilərdə iştirak etdik və öz layiqli namizədimizə səs verdik. Düşünürük ki, Azərbaycanın gələcəyi daha yaxşı olacaq. Qürur duyuram ki, prezident seçkilərində yüzlərlə şəhid anaları kimi, mən də öz iradəmlə seçkidə iştirak edərək xalqımızın parlaq sabahlarına səs verdik". 
Kəngərli rayonunda da seçkilərə ciddi hazırlıq işləri görülmüş, seçicilərin rahat, sərbəst səs verməsinə şərait yaradılmışdı.  Qeyd edək ki, seçkilərlə bağlı 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə Kəngərli rayonunda seçicilər 15 seçki məntəqəsində öz namizədlərinə səs veriblər. Rayon üzrə 14 min 501 seçici qeydə alınmışdı. 
Bununla yanaşı, muxtar respublika üzrə ən yaşlı seçici də məhz bu dairədə səs verib. Adıçəkilən seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində seçicilər siyahısında adı olan Şərəf Hüseynəliyeva əvvəlki seçkilərdəki kimi, budəfəki prezident seçkisində də iştirak etmək arzusunda olub. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. Ş.Hüseynəliyevanın müraciətini nəzərə alaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. 104 yaşlı seçici ailəsinin köməyi ilə bülleteni dolduraraq istədiyi namizədə səs verib. 

 

"Böyüməkdə olan nəslin etibarlı sabahı naminə səs verdim"

 

Növbədənkənar prezident seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi, yüksək səviyyədə təşkili ilə yadda qaldı. 
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə 65 seçki məntəqəsindən 29-u bu rayonun ərazisində fəaliyyət göstərirdi. Məntəqələrdə səhər saatlarından başlayaraq qələbəlik müşahidə olunur, rayon sakinləri hamılıqla, ailəliklə bu prosesdə fəal iştiraka can atırdılar.  Şahbuz rayonunda yaradılmış 29 seçki məntəqəsində, ümumilikdə, 16 min 572 seçici qeydə alınmışdı ki, həmin seçicilərin 861-i ilk dəfə prezident seçkilərində iştirak edirdi. Seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılmış, 3-37 və 3-40 saylı məntəqələrdə isə veb-kamera quraşdırılmışdı. 
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə yerləşən və 1393 seçicinin qeydə alındığı 40 saylı seçki məntəqəsinə sakinlər böyük ruh yüksəkliyi ilə axın edirlər. Şəhər sakini Röya Əliyarlı ilk dəfə prezident seçkilərində iştirak edirdi. Bildirdi ki, bu seçki onun üçün iki mühüm amillə əlamətdardır. Həm birinci dəfədir öz layiqli namizədinə səs verir, həm də bu hüquqdan suverenliyi, ərazi bütövlüyü təmin olunmuş qalib ölkənin gənci kimi istifadə edir. Gənclərə göstərilən diqqət və qayğı, onların yüksək təhsil qazanmaları üçün yaradılan şərait, dövlət idarəetməsində önə çəkilmələri barədə danışan, ümumilikdə, dövlət gənclər siyasətinin məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayan Röya bu siyasəti davam etdirə biləcək namizədə səs verdiyini deyir. 
Ucqar dağ kəndi olan Biçənəkdə yerləşən 3-51 saylı seçki məntəqəsində seçki prosesi üçün ideal şərait yaradılıb. Məntəqə sədri Həsənxan Quliyev bildirir ki, burada 883 seçici qeydə alınıb, 70 nəfər ilk dəfə səs verəcək, səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçirilir. Kənd sakinləri artıq səhər saatlarından başlayaraq öz seçimlərini etmək üçün məntəqəyə üz tuturlar. Burada hər bir seçici yüksək əhvali-ruhiyyə ilə seçici siyahısından adını taparaq məntəqə seçki komissiyasından aldığı seçki bülletenində dəstəklədiyi namizədə səs verir. 
Rayonun digər ucqar yaşayış məntəqəsi sayılan Kolanıya kəndində 1189 seçicinin qeydiyyata alındığı 3-48 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunurdu. Məntəqəyə üz tutan seçicilərin seçki prosesi ilə bağlı fikirlərini öyrənirik. Aydın İsmayılov kəndin ən yaşlı sakini kimi bu ümumxalq tədbirində iştirak edir. Bildirir ki, yaşının 90-ı ötməsinə baxmayaraq, daşınan qutudan istifadə üçün müraciət ünvanlamayıb, məntəqəyə gələrək Zəfər seçkisində iştirakı mənəvi borcu hesab edib: "Ölkəmiz müstəqillik qazandıqdan indiyədək bütün seçkilərdə iştirak etmişəm. Düşünürəm ki, bu prosesdə gələcəyini düşünən hər bir vətəndaşın iştirakı vacibdir. Proses ötən seçkilərdə olduğu kimi tam şəffaf, demokratik şəraitdə keçirilir. Bizim gələcəyimiz gənclərdir, nəvələrimiz, nəticələrimizdir. Ona görə mən də öz nəvələrimin timsalında böyüməkdə olan nəslin etibarlı sabahları naminə səs verdim. İnanıram ki, bu günümüz dünəndən daha yaxşı olduğu kimi, sabahımız da bu gündən aydın, işıqlı olacaq".

 

"Qalib xalqın gəncləri olaraq seçkilərdə iştirak etməyimiz xoşbəxtlikdir"

 

Ölkəmizin qeyrət qalası sayılan Sədərək rayonunun Sədərək kəndindəki 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 37 saylı seçki məntəqəsində də səsvermə çox mütəşəkkil və şəffaf keçirildi. 
Hələ seçkiyə başlamazdan əvvəl məntəqə yerləşən ərazidə çoxlu sayda seçici yığışmışdı. Hər bir seçici yüksək əhvali-ruhiyyə ilə seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, nəzərdə tutduğu namizədə səs verirdi. Adıçəkilən dairə üzrə yaradılmış 49 seçki məntəqəsindən 12-si Sədərək rayonunda yerləşir. Rayon üzrə ümumilikdə, 12980 seçici qeydə alınıb. Bu bölgə üzrə 820 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edir. Məntəqəyə elə ilk üz tutan da ilk dəfə səsvermə hüququndan istifadə edən gənclər oldu. Onlar seçki ilə bağlı öz fikirlərini bölüşdülər. 1-37 saylı seçki məntəqəsində səs verən Zümrüd Rzazadə ilk dəfə prezident seçkilərində səsvermə hüququ qazandığı üçün qürur duyduğunu bildirir: "İlk dəfə səs verəcəyim günü maraq və səbirsizliklə gözləyirdim. Düşünürəm ki, gənclərin bu proseslərdə fəal iştirak etməyinin Azərbaycan xalqının  gələcək taleyində həlledici rolu olacaq".
Rayonun Heydərabad qəsəbə tam orta məktəbində yerləşən 1-36 saylı seçki məntəqəsində ilk dəfə səs verənlər arasında Nuriyyə Cavadova ilə görüşdük: "İlk dəfədir səs verdiyim üçün həyəcanlıyam. Bizim gəncliyimiz çox xoşbəxtdir ki, ölkəmizdə son illər baş verən bütün  tarixi hadisələrin yaxından şahidi olur.  Bu növbədənkənar prezident seçkiləri də belə əlamətdar günlərdən  biridir.  Ərazi bütövlüyü  bərpa  olunmuş ölkənin, qalib xalqın gəncləri olaraq bu seçkilərdə iştirak etməyimiz taleyimizə yazılmış bir xoşbəxtlikdir". 
İlk dəfə səs verən gənclər sırasında Bakı şəhərindən gələnlər də var idi. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 42 saylı seçki məntəqəsində səs verən Selma Hüseynova  deyir ki, bu tarixi günü həmişə xatırlayacaq: "Çünki bu gün həyatımda ən əlamətdar gündür. Belə bir gündə mən də Bakı şəhərindən gəlib öz layiqli namizədimə səs verdim. Cəmiyyətimiz inkişaf edir, dünyada baş verən hadisələri də yaxından izləyə bilirik, müqayisələr aparırıq. Azərbaycanın bundan sonrakı inkişafı üçün böyük işlər görə biləcək namizədə səs verdim".   
Naxçıvanda prezident seçkiləri mütəşəkkilliyi ilə yadda qaldı. Böyük ictimai-siyasi əhəmiyyət daşıyan seçkilərin uğurla başa çatması, həmçinin Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra ilk dəfə olaraq bu seçkilərin suveren ölkənin bütün ərazilərində keçirilməsi onu göstərdi ki, vətəndaşlarımız qüdrətli bir dövlətə çevrilməyimizin qürur hissini yaşayırlar. Bu seçkilər göstərdi ki, muxtar respublikada prezident seçkilərinin azad, şəffaf, demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb və seçki təcrübəsi formalaşıb.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!