25 Yanvar 2022 00:22
741
CƏMİYYƏT
A- A+

Narkomanlığa qarşı mübarizə qanunvericiliklə tənzimlənir

 

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.

Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılması ölkəmizdə narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz  dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi kimi ön plana çəkmişdir. Adıçəkilən fərmanın qəbul edilməsi narkomanlığın və onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsir göstərməsi bu təhlükəli təzahürə qarşı əsaslı sosial-hüquqi tədbirlərin həyata keçirilməsi zərurətini yaratması ilə bağlı olmuşdur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanunu narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının təhlükəliliyini göstərərək onların qanunsuz dövriyyəsinin bununla bağlı cinayətkar fəaliyyətin qarşısının alınmasının, həmin əməlləri törədən şəxslərin aşkar edilməsinin və cəzalandırılmasının hüquqi əsaslarını və dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi Azərbaycan Respublikasında qanunla qadağan olunmaqla həmin əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətləri müvafiq olaraq Cinayət və İnzibati Xətalar Məcəllələri ilə tənzimlənir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəsli “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” adlanır. Həmin fəsil Cinayət Məcəlləsinin 234-240-cı maddələrini əhatə edir. Cinayət Məcəlləsinin 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 235-ci maddəsi narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, 236-cı maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, 237-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 238-ci maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama, 239-cu maddəsi narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma, 240-cı maddəsi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi adlanır. Hər bir maddə özündə ağırlaşdırıcı hal hesab olunan tövsifedici əlamətləri daşıyır.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin, psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları təsdiq edilmişdir. Həmin siyahılar 3 qrupa bölünməklə cədvəllər şəklində tərtib edilmişdir. Birinci siyahı “narkotik vasitələr”, ikinci siyahı “psixotrop maddələr”, üçüncü siyahı isə “qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” adlanır. Birinci siyahıda dövriyyəsi qanunla qadağan edilmiş 187 adda narkotik vasitələrin (dərman preparatlarının beynəlxalq) adı,  şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri, eləcə də külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri göstərilmişdir. İkinci siyahıda dövriyyəsi qanunla qadağan edilmiş 176 adda psixotrop maddələrin (dərman preparatlarının beynəlxalq) adı,  şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri, eləcə də külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri göstərilmişdir. Üçüncü siyahıda qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adları, onların xeyli və külli miqdarı göstərilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəslində sadalanan cinayət əməllərinin bir neçəsi üzrə təcrübədə tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliklərin aradan qaldırılması üçün maraqlı subyektlər tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətlər edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Respublika Prokurorluğunun müraciəti əsasında Cinayət Məcəlləsinin 237-ci maddəsində və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.6-cı maddəsində nəzərdə tutulan “kultivasiya” anlayışının tərkibində narkotik maddələr olan yabanı bitkilərin toplanmasını ehtiva edib, etməməsinin, tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin hansı miqdarda toplanmasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasının, tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin toplanmasının hansı meyar əsasında Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə külli miqdarda törədilmə hesab edilməsinin şərh olunmasına dair 25 fevral 2013-cü il tarixli qərar qəbul etmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2021-ci il tarixli qərar qəbul etmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin  məhkəmələr tərəfindən düzgün  və eyni cür tətbiq olunmasını, vahid  məhkəmə təcrübəsinin formalaşdırılmasını  təmin  etmək məqsədilə  Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarında qeyd edilən məsələlərlə bağlı geniş tövsiyələr öz əksini tapmışdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci fəsli “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar” adlanır. Həmin fəsil İnzibati Xətalar Məcəlləsinin 206-209-cu maddələrini əhatə edir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, 206-1-ci maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması, 207-ci maddəsi narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilən tibbi müayinədən boyun qaçırmaq, 208-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası, 209-cu maddəsi isə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi adlanır.

Müasir dövrün tələblərinə uyğun olaraq cəmiyyətdə baş verən dəyişikliklər nəzərə alınmaqla ümumbəşəri bəla olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində qüvvədə olan qanunvericilik aktlarına əlavə və dəyişikliklərin ediləcəyi, həmçinin yeni qanunvericilik aktlarının qəbul olunacağı istisna edilmir.

 

Elnur RÜSTƏMOV,

Füzuli rayon prokuroru, kiçik ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video