Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan qəzet
Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikasının qazandığı uğurlarda çoxsaylı amillərlə yanaşı, dövlətçilikdə, ictimai-siyasi həyatda varisliyin yaşadılması, davam etdirilməsi böyük rol oynamaqdadır. Bu baxımdan heç təsadüfi sayılmamalıdır ki, respublikamızın bir çox dövlət orqanları, o cümlədən Azərbaycan Milli Məclisinin, hüquq-mühafizə və güc strukturlarının yaranma tarixi haqlı olaraq 105 il əvvəldən - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdən hesablanır. Dövlətçilikdə varisliyə xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla AXC dövründə həmin qurumların yarandığı tarix bu gün onların peşə bayramı günü kimi qeyd olunur.
Milli mətbuatın inkişafında yeni mərhələ
Bu il Azərbaycanın bir sıra təsisatları 105 illiyini qeyd edir və onların arasında Xalq Cümhuriyyətinin mətbu nəşri kimi yaranan, sovet illərində adının çəkilməsi belə qadağan edilən, hazırda isə Azərbaycan Milli Məclisinin orqanı, respublikamızın rəsmi dövlət qəzeti funksiyasını daşıyan "Azərbaycan" qəzeti də vardır. Ona görə 105 il əvvəl işıqlı, maarifpərvər və dövlətçilik ideyalarına tapınan milli ziyalılarımızın əsasını qoyduqları bu qəzeti haqlı olaraq müstəqilliyimizin yaşıdı, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı da adlandırırıq.
Tariximizə nəzər yetirdikdə görürük ki, hələ Cümhuriyyət dövrünə qədər Bakıda və digər şəhərlərimizdə müxtəlif məzmunlu, fərqli baxışlara söykənən, ideya istiqaməti rəngarəng olan, eləcə də rus, gürcü, yəhudi, fars, alman dillərində qəzet və jurnallar nəşr olunurdu. Həmin mətbu orqanlar hələ çarizm dövrünün ümumi ictimai-siyasi mənzərəsini, ayrı-ayrı siyasi, iqtisadi, ədəbi-mədəni qrupların baxışlarını, dünyagörüşlərini, əhvali-ruhiyyələrini özündə əks etdirirdi. Lakin həmin dövrün mətbuatı ciddi senzura, nəzarət altında idi və ideoloji tələblərdən kənara çıxan, ən əsası müstəqillik ideyalarının təbliği onların bağlanması, əməkdaşlarının həbsə atılması, sürgün edilməsi ilə nəticələnə bilərdi.
Bu baxımdan 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranması həm də Azərbaycan mətbuatının inkişaf tarixində tamamilə yeni dövrün başlanması ilə xarakterizə olunur. Çünki demokratik inkişaf yolu seçdiyindən Xalq Cümhuriyyəti hökumətinin sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində çarizm dövründə mövcud olmuş dövlət nəzarəti ləğv edilmişdi. Odur ki, Azərbaycanın mətbuat tarixində 1918-1920-ci illər əvvəlki dövrlərlə müqayisədə ən sürətli və demokratik inkişaf mərhələsi hesab olunur. Dövlətin mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqları prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin qəbul etdiyi nizamnamədə öz əksini tapmışdı. Cümhuriyyət hökuməti mətbuat azadlığını xalqımızın milli şüur səviyyəsinin, insanların dünyagörüşünün, təhsilimizin, mədəniyyətimizin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi.
Cəmi iki il içərisində Azərbaycanda 100-ə yaxın adda qəzet və jurnal nəşr olunmuşdu. Bu müstəvidə diqqəti çəkən məqamlardan biri də odur ki, Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, həm də ideya-məzmun müxtəlifliyində idi. Qeyd edək ki, Xalq Cümhuriyyəti demokratik inkişaf yolunu seçmişdi və buna görə mətbuatın palitrası da olduqca rəngarəng idi. Bütün siyasi partiyaların, ictimai təşkilatların, Bakıda məskunlaşmış bütün xalqların nümayəndələri öz qəzetlərini nəşr edirdilər. Hətta həmin dövrdə nəşr olunan mətbu orqanlar arasında Cümhuriyyət hökumətinə qarşı müxalifət mövqeyində olanlar da vardı.
Lakin bu qəzetlərin arasında daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı ictimai rəyə daha güclü şəkildə təsir edən, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən, milli məfkurəyə bağlı olan mətbu orqanlar idi. Məhz həmin qəzet və jurnallar həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətimizin mühüm tərkib hissəsi kimi tariximizin salnaməsinə çevrildilər ki, onlardan da biri "Azərbaycan" qəzeti idi. "Azərbaycan" qəzeti heç bir siyasi partiyaya və ya təşkilata bağlı deyildi. "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı idi.
Müstəqillik və dövlətçilik ideyaları üzərində təşəkkül tapan qəzet
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıda və digər şəhərlərdə çoxsaylı qəzetlərin nəşrinə rəğmən dövlətin yeritdiyi siyasi kursun, hökumətin fəaliyyətinin, qərar və göstərişlərin, görülən və görüləcək işlərin xalqa çatdırılmasına imkan verən bir qəzetin yaradılması zərurətə çevrilmişdi. Eləcə də çarizmin xalqlara qarşı ayrı-seçkilik siyasətinin nəticəsi olan kütləvi savadsızlıq şəraititində geniş maarifləndirmə işi apara bilən, milli dövlətçilik şüurunun formalaşmasına əsaslı təsir göstərməyə qadir mətbu orqana ciddi ehtiyac duyulurdu. Bunun üçün hökumətin hələ Gəncədə fəaliyyət göstərdiyi dövrdə "Azərbaycan" adlı qəzetin nəşrinə başlamaq barədə tarixi qərar qəbul edilmişdi.
İlk dörd sayı Gəncədə nəşr olunan, sonrakı fəaliyyətini Bakıda davam etdirən "Azərbaycan" qəzeti ilk nömrəsindən dövlətçilik və müstəqillik xəttinin aktiv və aparıcı mətbu ruporu funksiyasını öz üzərinə götürmüşdü. Təsadüfi deyil ki, işıqlı, maarifpərvər və müstəqillik ideyalarına tapınan ziyalılarımızın - Ceyhun bəy Hacıbəylinin, Üzeyir bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin ərsəyə gətirdikləri qəzet 1918-ci il sentyabrın 15-də Gəncə şəhərində işıq üzü görən ilk sayında oxucularla görüşə XX əsr dövlətçilik tariximizin mühüm hadisələrindən olan Bakının erməni-bolşevik işğalından azad edilməsi xəbərini tirajlamaqla gəlmişdi. "Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad edildi" məzmunlu xəbər "Azərbaycan" qəzetini ilk gündən insanlara sevdirmiş, bununla da müstəqil Azərbaycan dövlətinin ilk rəsmi qəzeti fəaliyyətə başlamışdı.
Sovet hakimiyyətinin qurulmasından sonra bolşeviklərin ilk qərarlarından biri Azərbaycanda müstəqillik ideyalarının inkişafına, xalqın milli oyanışına xidmət edən bütün yaradıcı fəaliyyətlərin, o cümlədən bu xəttin daşıyıcısı olan bütün mətbuat vasitələrinin nəşrinin dayandırılması olmuşdu. "Azərbaycan" qəzeti də Xalq Cümhüriyyətinin taleyini yaşadı, hətta ömrü Cümhuriyyətin ömründən də qısa oldu. Qəzetin sonuncu - 443-cü nömrəsi 1920-ci il aprel ayının 27-də işıq üzü gördü. Amma bu qısa dövrdə "Azərbaycan" dövlət qəzeti kimi öz fəaliyyətini yüksək prinsipiallıqla, milli ideyalara sədaqətlə həyata keçirmiş, sözün bütün mənalarında müstəqil Azərbaycan dövlətinin maraq və mənafelərini təbliğ etmiş, milli dövlətçilik mövqeyində dayanmışdır. Qəzetin yaradıcılığının, fəaliyyətinin əsas qayəsini, aparıcı məzmununu Azərbaycan xalqının azad yaşaması, müstəqilliyi, dövlətçilik irsinin davam etdirilməsi və milli həmrəyliyə çağırış təşkil etmişdir. "Azərbaycan" qəzetinin səhifələrində dərc olunan məqalələr Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Bu kimi dəyərləri rəhbər tutmaqla dərc olunan "Azərbaycan" fəaliyyət göstərdiyi tarixi dövrün aparıcı salnamələrindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün Cümhuriyyət dövrünün araşdırmaçılarının müraciət etdiyi tarixi mənbələr arasında "Azərbaycan" qəzeti ilk sıralarda dayanır.
"Azərbaycan" qəzetini o illərdə oxunaqlı, aparıcı mətbu orqana çevirən, həm də onun dövlətçilik və müstəqillik xəttini rəhbər tutan qəzet kimi fərqlənməsinin əsas səbəblərindən biri də burada milli məfkurəli və maarifpərvər ziyalıların, dövlət və ictimai xadimlərin yazılarla çıxış etməsi idi. Xəlil İbrahim, Məhəmməd ağa Şahtaxtlı, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Abdulla Şaiq kimi milli ideyaya tapınmış yazıçı və publisistlərin, millət fədailərinin sayəsində "Azərbaycan" qəzeti qısa müddətdə dövrünün ən nüfuzlu və populyar nəşri kimi tanınmış, milli tribunaya çevrilmişdi. Sovet hökuməti qəzetin fəaliyyətini dayandırsa da, məhz belə ziyalıların sayəsində "Azərbaycan" xalqımızın milli və ictimai təfəkküründə istiqlal düşüncəsinin daha da gücləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirə bilmiş, Azərbaycan cəmiyyətində milli məfkurənin və milli şüurun təkamülünə layiqincə xidmət göstərmişdir.
Sovet hakimiyyəti illərində Azərbaycanda XX əsrin əvvəllərini əhatə edən mətbuat tarixi öyrənilsə də, bu sahədə müəyyən araşdırmalar aparılsa da, "Azərbaycan" qəzetinin adının belə çəkilməsi qəti qadağan idi. Çünki "Azərbaycan" qəzetinin araşdırılması xalqımızın milli istiqlal tarixinin öyrənilməsi və tədqiq olunması demək idi. Axı "Azərbaycan" adlı bir qəzetin varlığından xəbər tutanlar vaxtilə xalqımızın müstəqil yaşamağa qadir olduğunu öyrənə bilərdilər. Ona görə 70 ildə "Azərbaycan"ın arxivdən bir nömrəsinin də çıxarılmasına imkan verilməyib. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra "Azərbaycan" qəzetinin də fəaliyyəti bərpa olundu, onun tədqiqi ilə bağlı çoxsaylı araşdırmalar aparıldı.
ADA Universitetindən milli irsin təbliğinə böyük dəstək
Artıq xeyli vaxtdır ki, müasir "Azərbaycan" qəzetinin səhifələrində Xalq Cümhüriyəti dövründə dərc olunmuş nömrələrinin transliterasiya olunmuş (ərəb əlifbasından latın əlifbasına çevrilmiş) variantları dərc olunur. Transliterasiya layihəsinin təşəbbüsçüsü də, təşkilatçısı da ADA Universitetidir. Özündə tariximizin və müstəqil dövlətçiliyimizin mühüm mərhələsini əks etdirən "Azərbaycan" qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillərə daha rahat şəkildə əlçatanlığının təmin edilməsi üçün 2021-ci ildən etibarən universitetin dəstəyi ilə qəzetin transliterasiyası həyata keçirilərək, bütün nömrələri ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilir. Bu nəcib missiya ADA Universiteti tərəfindən milli irsimizin qorunmasına və təbliğinə verilən böyük töhfədir. "Azərbaycan" qəzetinin transliterasiyası layihəsi Cumhuriyyət irsinin öyrənilməsi, mətbuat tariximizin araşdırılması, bütövlükdə tarixçiliyimiz üçün olduqca dəyərli bir hədiyyədir.
Transliterasiya zamanı "Azərbaycan" qəzetinin dil və üslub xüsusiyyətləri qorunmuşdur. Ümumilikdə isə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulur.
Transliterasiya olunmuş müxtəlif janrlı yazılarla tanışlıq göstərir ki, öz dəst-xəti ilə seçilən "Azərbaycan" milli jurnalistikamızın mütərəqqi ənənələri üzərində təşəkkül tapan və cəmiyyətin milli və bəşəri dəyərlər üzərində maariflənməsinə çalışan nəşr olmuşdur. Həmin dövrün yazılarını oxuduqca görürük ki, qəzet Cümhuriyyətin mütərəqqi ideyalarını yüksək səriştə ilə təbliğ etməklə yanaşı, cəhalətə, geriliyə və milli ideya düşmənlərinə qarşı cəsarətlə mübarizə aparmışdır. Rəsmi dövlət nəşri olmaqla yanaşı, "Azərbaycan" qəzeti problemləri, insanları narahat edən məsələləri də işıqlandırmaqla xalqın tribunası olmuş, mətbu prinsiplərə tam riayət etmişdir.
ADA Universitetinin milli təəssübkeşliyə xidmət edən bu missiyasına qoşulan "Azərbaycan" qəzetinin layihəyə dəstək verərək transliterasiya olunmuş nömrələri ardıcıllıqla dərc etməsinin oxucular tərəfindən maraqla qarşılanması şübhəsizdir. Çünki transliterasiya olunmuş yazıları oxuduqca Cümhuriyyət dövründə dövlət idarəetməsi, hökumətin fəaliyyəti, beynəlxalq əlaqələri, mövcud siyasi problemlər, icitmai proseslər, Bakıda və şəhərətrafı kəndlərdə sosial vəziyyətlə bağlı müfəssəl məlumat alırıq və dövrün real mənzərəsi gözlərimizin önündə canlanır. Bütün bunların hamısı "Azərbaycan" qəzetinin səhifələrində dürüst və dolğun şəkildə öz əksini tapmışdır.
Peşəkarların nəşr etdiyi və media dəyərlərini rəhbər tutan nəşr
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəşrini yenidən bərpa edən "Azərbaycan" qəzetinin fəaliyyətində varislik ənənələri layiqincə qorunur. 1918-1920-ci illərdə olduğu kimi, dövlətçiliyə, milli məfkurəyə xidmət missiyası, respublikamızın maraq və mənafelərinin təbliği, ictimai rəyə çatdırılması və media dəyərlərinə sadiqlik müasir "Azərbaycan" qəzetinin fəaliyyətinin prioritet istiqamətləridir.
Ulu Öndər Heydər Əliyev "Azərbaycan" qəzetinin fəaliyyətinə xüsusi diqqətlə yanaşmış, 1994-cü ildə 1000-ci nömrəsinin işıq üzü görməsi, 1998-ci ildə isə yaranmasının 80 illiyi münasibətilə qəzetin kollektivinə təbrik məktubu ünvanlamışdır. 80 illiklə bağlı təbrikində Heydər Əliyevin səsləndirdiyi fikirlər qəzetə verilən ali dəyərlə yanaşı, bu gün də öz aktuallığını qoruyub saxlayır: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.
Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".
Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycan" qəzeti mətbuat ənənələrini davam etdirən nəşrlərdəndir. Bugünkü media müxtəlifliyi şəraitində təəssüf ki, mətbuatın əsas prinsipləri bir çox hallarda gözlənilmir və demək olar, arxa plana keçib. Bir çox çap və elektron KİV ənənəvi media dəyərlərindən tamamilə uzaq düşüb. Lakin "Azərbaycan" qəzetində tamamilə fərqli ab-havanı müşahidə edirik. Cəmiyyətə doğru və düzgün informasiyanın çatdırılması, maarifləndirmə kimi ənənəvi prinsiplərə demək olar ki, qəzetin hər nömrəsində əməl olunur. Medianın ən ümdə prinsipləri sırasında dayanan hər bir faktın tam dəqiqliyinə əməl olunması, hər bir məsələyə, işıqlandırılan problemlərə qərəzsiz yanaşma da "Azərbaycan" qəzetinin mətbuatın tələblərini rəhbər tutmasından irəli gəlir.
Həm də "Azərbaycan" qəzeti Cümhuriyyət dövründə olduğu kimi, bu gün də əsl qələm sahiblərinin, peşəkarların çalışdığı, mətbuatın dəyərlərinə sadiq media mənsublarının nəşr etdiyi qəzetdir. Yüzlərlə mətbu orqanın işıq üzü gördüyü indiki dövrdə öndə gedən, örnək olan, öz yaradıcılığı ilə nümunələr yaradan qəzetlər sırasında dayanması da burada peşəkar qələm sahiblərinin çalışmasından irəli gəlir. Özüm də mətbu fəaliyyətlə məşğul olduğum üçün bilirəm ki, peşəkarların olduğu yerdə peşə etikasına, qəzetçiliyin tələblərinə, ümumilikdə media prinsiplərinə layiqincə əməl olunur. Bu baxımdan mübaliğəsiz deyə bilərik ki, "Azərbaycan" qəzeti ənənəvi mətbuatın bütün dəyərlərini qoruyan və yaşadan bir yaradıcılıq məktəbidir. Və elə bu məktəb respublikamızda jurnalistikada özünü göstərən neqativ meyillərə, söz azadlığından sui-istifadəyə qarşı mübarizənin önündə gəlir.
Dövlətə və xalqa xidmət missiyası
Qeyd etdiyim kimi, varislik ənənələrini rəhbər tutan "Azərbaycan" qəzeti öz sələfinin müəyyən etdiyi xəttə sadiqdir. Bu gün də "Azərbaycan"ı respublikamızda fəaliyyət göstərən bütün mətbu orqanlardan fərqləndirən başlıca xüsusiyyət onun rəsmi dövlət qəzeti missiyasını daşımasıdır. Təbii ki, bu funksiya həm də qəzetin üzərinə əlavə məsuliyyət qoyur. Çünki rəsmi qəzet olmaq dövlət siyasətinin təbliğatının önündə getmək deməkdir. Əminliklə deyə bilərik ki, "Azərbaycan" qəzeti bu məsuliyyətin öhdəsindən uğurla gəlməkdədir. Qəzet öz yaradıcılığı ilə dövlətə və xalqa xidmət missiyasını layiqincə və şərəflə yerinə yetirir.
Rəsmi qəzet olduğundan ölkə Prezidentinin həyata keçirdiyi siyasi xəttin geniş auditoriyaya çatdırılması, dövlətçilik maraqlarının və ümummilli məsələlərin işıqlandırılması "Azərbaycan"ın fəaliyyətinin prioritet istiqamətidir. Bu mənada "Azərbaycan" Prezident İlham Əliyevin siyasi kursunu, respublikamızdakı siyasi-ictimai prosesləri, Azərbaycanın bir dövlət kimi bütün uğurlarını ictimai rəyə uğurla çatdıran aparıcı media orqanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızdakı iqtisadi inkişaf proseslərinin, möhtəşəm quruculuğun, reallaşan qlobal enerji layihələrinin, aparılan islahatların obyektiv, dolğun təbliğinə və işıqlandırılmasına, Azərbaycanın olduğu kimi, obyektiv şəkildə təqdimatına, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə "Azərbaycan" qəzeti layiqli töhfələr verir, bu istiqamətlərdə bütün səylərini peşəkarcasına səfərbər edir.
Prezident İlham Əliyev 2018-ci ildə "Azərbaycan" qəzetinin 100 illiyi münasibətilə ünvanladığı təbrik məktubunda qəzetin dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdiyini xüsusi vurğulamışdır: "XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan" qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan" qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanlar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir".
Bir məsələni də qeyd etmək yerinə düşər ki, "Azərbaycan" qəzeti rəsmi dövlət nəşri olduğundan respublikada gedən proseslərə dair dərc etdiyi müxtəlif təhlili yazılar yalnız bu günümüz üçün aktual deyil. Bütün bunlar həm də gələcəyə hesablanmış bir fəaliyyətdir. Belə ki, "Azərbaycan" qəzeti öz fəaliyyəti ilə bu günümüzün, uğurlarımızın, inkişafımızın ən mükəmməl və ensiklopedik salnaməsini yaradır. Və biz Cümhüriyyət dövrü ilə bağlı ən səlis və dürüst məlumatları o dövrün "Azərbaycan"ından alırıqsa, gələcək nəsillər də bugünkü Azərbaycan barədə indiki "Azərbaycan" qəzetindən öyrənəcəklər.
Prezidentin siyasi kursunun təbliği ilə yanaşı, Azərbaycan parlamentinin fəaliyyəti, qanun yaradıcılığı sahəsində görülən işlərin əhatəli şəkildə işıqlandırılması Milli Məclisin orqanı kimi "Azərbaycan" qəzetinin daim diqqət yetirdiyi mövzulardır. Bu sırada parlament üzvü kimi "Azərbaycan" qəzeti ilə əməkdaşlığımızı da böyük minnətdarlıqla qeyd etmək istəyirəm.
Bütün bunlarla yanaşı, milli-mənəvi məsələlərin işıqlandırılması, oxucu auditoriyasında azərbaycançılığın, vətənpərvərlik hisslərinin, hər bir nailiyyətimizin təbliği qəzetin diqqət yetirdiyi mövzulardır. Ölkə həyatının müxtəlif sahələrinə dair aktual yazılar dərc etməklə sələfi kimi böyük oxucu kütləsinin dərin rəğbətini qazanan qəzetin məqalələri mövzu əhatəliliyi, rəngarəngliyi, fakt zənginliyi ilə diqqəti cəlb edir. Amma rəsmi nəşr olsa da, "Azərbaycan"ın üslubu qətiyyən rəsmi deyil. Dərc olunan hər bir yazı öz oxunaqlığı və şirinliyi ilə rəsmi üslubdan yayınaraq geniş oxucu kütləsinin marağına səbəb olur.
Dövlət başçısının təbrik məktubunda qeyd olunduğu kimi "Azərbaycan" qəzeti həm də vətənpərvər qəzetdir. Qəzet milli-mənəvi məsələ olan vətənpərvərlik hisslərinin xüsusən böyüməkdə olan nəsillərə aşılanmasına hər zaman həssaslıqla yanaşmışdır. Hələ Vətən müharibəsinə qədər torpaqlarımızın işğaldan azad edilməsi və ordu quruculuğu kimi məsələlər qəzetin demək olar ki, gündəlik toxunduğu mövzular olmuşdur. Torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin ilk günündən "Azərbaycan" qəzeti süngüyə çevrildi, özünün başlıca yaradıcılığını Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müzəffər yürüşünə və möhtəşəm qələbəyə həsr etdi. Müxtəlif mövzularda və janrlarda hazırlanan hər bir yaradıcı məhsulun əsas qayəsini xalqımızın qələbə əzminin, ordumuzun yüksək döyüş ruhunun işıqlandırılması, vətənpərvərlik ideyalarının təbliği təşkil etdi.
Vətən müharibəsindən sonra isə "Azərbaycan" qəzetinin əsas yaradıcılıq istiqamətini tarixi qələbəmizin müxtəlif aspektlərdən işıqlandırılması təşkil edir. Müharibədən sonra yaranmış yeni reallıqlar, bu müstəvidə Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri "Azərbaycan" qəzetinin səhifələrində gündəlik işıqlandırılan məsələlərdir. "Azərbaycan" bu müharibənin qəhrəmanlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, qazilərimizin döyüş və həyat yolundan bəhs edən yazılar dərc etməklə, onları öz oxucularına da daha yaxından tanıdır.
Etimadı doğruldan qəzet
Müasir dünyamız sürətlə inkişaf edir və dəyişir. Bu dəyişiklik cəmiyyət həyatının bütün sahələrində, o cümlədən media sferasında da özünü göstərir və internetin meydana çıxması, informasiya texnologiyalarının inkişafı ilə ənənəvi mətbuatın sıralarına yeniləri qoşulur və bəzilərinin fikrincə, çap mediasının dövrü başa çatır.
Amma hətta texnoloji inkişaf baxımından ən öndə gedən dövlətlərin belə təcrübəsi göstərir ki, qəzetlər yaşayır və yaşayacaqdır. Müasir dünyamızı qəzetsiz təsəvvür etmək qeyri-mümkündür. Ən əsası odur ki, qəzetlərimiz müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli yararlanır, oxucularla təması yeni texnoloji imkanlar çərçivəsində də qururlar. Bu sırada "Azərbaycan" qəzetinin internet variantı, o cümlədən qəzetin "pdf" formatında oxuculara təqdim olunması təqdirəlayiqdir.
Prezident İlham Əliyev 2018-ci ildə 100 illiyi münasibətilə qəzetə ünvanladığı təbrikində deyib: "Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, "Azərbaycan" qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".
"Azərbaycan" qəzetinin bugünkü yaradıcı fəaliyyəti göstərir ki, rəsmi dövlət nəşri olaraq ölkə rəhbərliyinin və cəmiyyətin etimadını doğruldur, qarşısında duran vəzifələri, üzərinə düşən missiyanı böyük peşəkarlıqla yerinə yetirir və hər bir məsuliyyətinin öhdəsindən layiqincə gəlir. "Azərbaycan" qəzetinin səhifələrində həm dövlət siyasəti, həm respublikamızın iqtisadi və sosial həyatı, həm insanları düşündürən məsələlər, həm gündəlik həyatımızda və dünyada baş verən hadisələr öz əksini tapır, o cümlədən xalqımızın mədəni və mənəvi dünyası ilə bağlı yazılar işıq üzü görür. Bütün bunlar göstərir ki, 105 yaşlı "Azərbaycan" respublikamızın flaqman mətbu orqanlarının önündə gedən, dövlətin maraqlarının keşiyində dayanan, yaradıcı fəaliyyətində oxucuların zövqünü rəhbər tutan qəzetdir.
Müstəqilliyimizin yaşıdı, Xalq Cümhuriyyətinin yadigarı, klassik və milli mətbuat ənənələrimizin daşıyıcısı, dövlətçilik və müstəqillik ideallarının tərənnümçüsü olan, tarixinin və yaradıcılığının ən şərəfli dövrünü yaşayan "Azərbaycan" qəzetini yaranmasının 105 illiyi münasibətilə təbrik edir, bütün kollektivinə bu şərəfli yolda yeni yaradıcılıq uğurları arzu edirik.
Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik