01 May 2024 08:21
419
SİYASƏT
A- A+

Mükəmməl dövlət idarəçiliyi sisteminin banisi

 

Hər bir dövlətin dövlət qulluğu sisteminin formalaşması tarixi və xüsusiyyətləri birbaşa onun dövlətçilik tarixi ilə bağlıdır. Belə ki, dövlət qulluğu dövlət idarəçiliyi aparatında peşəkar fəaliyyətdir. Müxtəlif ölkələrdə dövlət qulluğu sisteminin elementar tərkibi və funksiyası fərqlidir. Xalqların malik olduqları dövlətçilik təcrübələri ilə yanaşı, milli-mənəvi dəyərlər sistemi, yaxşı dövlətçilik təcrübəsinə malik qonşu xalqlarla təmasların sıxlığı və digər amillər dövlət qulluğu sisteminin formalaşması və təkamülü prosesində təsirli rol oynayır. 
Müasir ictimai elmdə müşahidə olunan əsas tendensiyalardan biri ondan ibarətdir ki, milli dövlətlər səciyyəvi xüsusiyyətləri özündə ehtiva etməklə əsasən kapitalist münasibətlərinin məhsuludur. Bu baxımdan dövlət qulluğu sistemi müasir formasında əlamətlərini milli dövlətlərin meydana gəlməsi ilə ifadə etməyə başlamışlar. Azərbaycan ərazisində dövlət idarəçiliyi təcrübəsinin zənginliyi sonrakı mərhələlərdə dövlət qulluğu sisteminin yaranmasına və inkişafına təsir etmişdir.
Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması tarixi prosesinin inkişaf tendensiyalarının dərindən öyrənilməsi bütövlükdə milli dövlətçiliyin genezisi haqqında dəqiq təsəvvürlərin yaranması baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hazırkı mərhələdə fəal vətəndaş cəmiyyəti quruculuğu getməkdədir. Vətəndaş cəmiyyətinin inkişafı istənilən halda dövlət idarəçiliyi sistemində yeni əlamətlər meydana gətirir. Müvafiq olaraq, dövlət qulluğu sistemi də vətəndaş cəmiyyətinin meydana gətirdiyi reallıqlara uyğun olaraq yeni xüsusiyyətlər kəsb edir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutdu. Bununla da yaranmış müstəqil dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlətçilik ideyasını hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyev müasir və güclü Azərbaycan dövlətini yaratmaq üçün ilk növbədə yeni milli dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin əsasını qoymuşdur. Belə ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda Azərbaycan  Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə, ölkənin gələcək inkişafı üçün müasir dünya tələblərinə cavab verən demokratik, sivil, hüquqi dövlətin formalaşması istiqamətində çox cəsarətli addım atıldı. Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini müəyyənləşdirdi. 
1991-ci il oktyabrın 18-də qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında dövlət qulluğunun vacib prinsiplərinin bir qismi öz əksini tapmışdır. Qeyd edək ki, dövlət qulluğunun konstitusional əsaslarının formalaşmasında 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın həlledici rolu oldu. Bu məqama qədər, yəni Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunadək sırf dövlət qulluğu haqqında ayrıca qanunvericilik aktı mövcud deyildi.
Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinin birbaşa dövlət qulluğu ilə bağlı olduğunu qeyd etmək lazımdır. Belə ki, ölkə Konstitusiyasının bu maddəsində dövlətin idarə olunmasında iştirak etməyin hər vətəndaşın konstitusion hüququ olduğu təsbit edilmişdir. Bununla yanaşı, ölkə vətəndaşlarının dövlət idarəçiliyinin həyata keçirilməsində iştiraklarının, yəni dövlət qulluğu sistemində fəaliyyətinin prinsipləri də aydın ifadəsini tapmışdır. Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin demokratik prinsiplərə, vətəndaş cəmiyyəti quruculuğu ruhuna uyğunluğunu şərtləndirən başlıca əlamətlərdən biri də məhz bundan ibarətdir.
Beləliklə, Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına başlanıldı. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri ilə müstəqil dövlətin öz qanunvericilik bazasının formalaşması da həyata keçirildi. Komissiya üzvlərinin qarşısında qoyulmuş məqsəd Azərbaycanda inkişaf etmiş ölkələrin hüquq sisteminə uyğun, eyni zamanda öz tələbatlarımıza cavab verən sistemin yaradılması idi. Zaman sübut etdi ki, Hüquqi İslahat Komissiyası və onun bütün üzvləri bu məqsədə çatmaq üçün həqiqətən də yüksək səylə işləmişlər; ötən dövr ərzində Azərbaycanda 10-dan artıq yeni məcəllə və 1000-dən artıq qanun qəbul edilmişdir.
Çox qısa bir zamanda Azərbaycanda hakimiyyət bölgüsü və qanunun aliliyi prinsipinə əsaslanan müasir demokratik dövlətin özəyini təşkil edən institusional sistemin yaradılması sahəsində kifayət qədər təcrübə toplanmışdır. Ölkədə prezident idarəçilik üsulu ilə respublika modeli çərçivəsində əsas demokratik seçkilər əsasında formalaşdırılan nümayəndəli orqanlar, qanunverici orqan qarşısında hesabat verən icra hakimiyyəti, institusional baxımdan müstəqil məhkəmə orqanları yaradılmış, yerli özünüidarəetmə orqanlarının formalaşması və optimallaşdırılması prosesinə başlanılmışdır.
Yeni dövlətçiliyin institusional sisteminin yaradılması mərhələsindən sonra Prezident Heydər Əliyevin rəhbərliyi altında həmin sistemin yerli şəraitə uyğun optimal formalarının axtarışı prosesi davam etdirildi. Bu proses struktur islahatlarının dərinləşməsi və genişləndirilməsi, həmçinin  dövlət idarəetmə prosesinin təşkilinin daha səmərəli formalarının tapılması ilə bağlı vəzifələri qarşıya qoydu. Dövlət komitələri və nazirliklərin birləşdirilməsini, bəzi yeni nazirliklərin yaradılmasını həmin prosesin tərkib hissəsi kimi göstərmək olar.
Ümumilikdə 20-dən artıq idarəetmə orqanının ləğv edilməsi, yeni nazirlik, komitə və idarələrin yaradılması, maliyyə, bank, vergi və sığorta sistemlərində institusional islahatların aparılması dövlət idarəçiliyi sahəsində nəticə etibarilə müsbət dəyişikliklərə, konkret olaraq idarəetmə strukturunun təkmilləşdirilməsinə, dövlət idarəetmə orqanları sisteminin funksional prinsip üzrə formalaşdırılmasına gətirib çıxardı.
Prezidentin 1998-ci il dekabrın 29-da imzaladığı "Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan ciddi islahatların başlanğıcını qoydu.
1999-cu ilin martında Azərbaycan hökumətinin və Dünya Bankının ekspertlərinin iştirakı ilə Azərbaycanda dövlət idarəetmə sisteminin islahatları probleminə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda bu sahədə mövcud problemlər, onların həlli yolları, gözlənilən islahatların konsepsiya layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparıldı. İslahatların keçirilməsində ən vacib məsələlərdən biri hökumətin strukturunun yenidən qurulmasından, sahə prinsiplərindən funksional prinsiplərə keçməklə idarəetmənin strukturunun əsaslı sadələşdirilməsindən ibarət idi. Səmərəli idarəetmənin ən mühüm şərtlərindən biri dövlət sektorunda resursların idarə olunması sisteminin yenidən qurulması məsələsidir.
Bu məqsədlə bir neçə addım atılmışdır. Əvvəla, büdcə sistemi haqqında yeni qanun qəbul edilmişdir. Neftin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün ölkə Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il 240 saylı sərəncamı ilə Dövlət Neft Fondu yaradılmış, onun Əsasnaməsi təsdiq edilmişdir.
Dövlət idarəetmə orqanlarının fəaliyyətində paralelçiliyi və təkrarlanmaları aradan qaldırmaq, büdcə xərclərini rasionallaşdırmaq məqsədilə müxtəlif idarəetmə orqanlarının funksiyaları dəqiqləşdirilmiş, ixtisarlar aparılmış, inzibati islahatları həyata keçirmək üçün başqa tədbirlər görülmüşdür. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksəkixtisaslı, qanunla müdafiə olunan, cəmiyyətin maraqlarını üstün tutan, ləyaqətli, mədəni, müasir informasiya vasitələrindən istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən dövlət qulluqçularından çox şey asılıdır. Bundan irəli gələrək zamanın tələblərinə cavab verən dövlət qulluğu institutunun formalaşdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyuldu.
Həmin məqsədlə "Dövlət qulluğu haqqında" qanun işlənib hazırlanaraq 2000-ci il iyulun 21-də qəbul olunmuş və həmin  ilin sentyabr ayından qüvvəyə minmişdir.  Sənədə 2 iyul 2002-ci il və 3 dekabr 2002-ci il tarixli qanunlarla bir sıra dəyişikliklər edilmişdir. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və onların öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksəkixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratmışdır.
Müasir dövrdə isə dövlət qulluğu sisteminin təkmilləşdirilməsi dövlətin sosial xarakterini gücləndirməklə yanaşı, qarşıda duran siyasi və iqtisadi prioritetlərə səmərəli şəkildə nail olunmasını şərtləndirmişdir. Xüsusilə fəal vətəndaş quruculuğu prosesində dövlət qulluğu sisteminin innovativ əsaslarla təkmilləşdirilməsi milli inkişaf strategiyasının səmərəli həyata keçirilməsinin başlıca şərti rolunda çıxış edir.

Anar İBADOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video