Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi bu ölkənin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah, Azərbaycanın səfiri Elxan Poluxov, əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əbdüləzim Səid, Azərbaycan diasporunun sədri Seymur Nəsirov, diaspor nümayəndələri, yerli mətbuat təmsilçiləri və ziyalılar iştirak ediblər.
Qubernator vurğulayıb ki, bugünkü görüş Qalyubiyyə ilə Azərbaycanın Abşeron rayonu arasında qardaşlıq əlaqələrinin təcəssümüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə yüksək ehtiramını ifadə edən qubernator onun dövlət quruculuğu sahəsində dünya miqyasında tanınan şəxsiyyətlərdən olduğunu bildirib: “Azərbaycan liderinin xatirə abidəsinin Misir torpağında yerləşməsi iki ölkə arasında davamlı dostluq əlaqələrini göstərir”.
Qubernator, eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm, investisiya sahələrində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.
Səfir Elxan Poluxov Qalyubiyyə vilayətinin rəhbərliyinin Misir-Azərbaycan Dostluq Parkına göstərdiyi diqqəti yüksək qiymətləndirib. Diplomat vurğulayıb ki, Azərbaycan-Misir əlaqələrinin təməli Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Hazırda ikitərəfli münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənir və inkişaf edir.
Qeyd olunub ki, bu tədbirlərin hər il keçirilməsi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və qazanılmış nailiyyətlərin gələcək nəsillərə ötürülməsinə şərait yaradır.
Daha sonra Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə əklil və tər çiçəklər qoyulub.