Sentyabrın 1-də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kazımağa Möhsün oğlu Kərimovun anadan olmasının 75-ci ildönümü münasibətilə Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə Kazımağa Kərimovun həyat və döyüş yolundan bəhs olunub. Qeyd olunub ki, Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə yüzlərlə şəhid verib. Bu şərəfli missiyada qəhrəmanlıq göstərən 11 qubadlılı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onların sırasında şücaəti ilə seçilən Kazımağa Kərimovun da adı xüsusi ehtiramla çəkilir. Bildirilib ki, 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyalı ailəsində anadan olan Kazımağa Kərimov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. O, “Azərbaycan məktəbi” jurnalında və “Azərbaycan müəllimi” qəzetində çalışıb.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda Kazımağa Kərimov torpaqlarımızın müdafiəsinə qalxıb. Döyüş yolu Goranboydan keçən Kazımağa burada yaradılan ilk özünümüdafiə taborunun təşəbbüskarlarından biri olub və taborun formalaşmasında mühüm xidmətlər göstərib.
Kazımağa Kərimov 1992-ci il iyunun 12-13-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralansa da, rəhbərlik etdiyi əməliyyatın uğurla sona çatdırılmasını təmin edib. Əməliyyatdan sonra Bakıdakı hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Milli Qəhrəman iyunun 15-də şəhid olub və iyunun 16-da Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, bu yüksək ada layiq görülən ilk azərbaycanlı jurnalist kimi tarixə düşüb.
Anım mərasimində torpaqlarımızın işğaldan azad olunmasından, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, eləcə də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışından danışılıb. Qeyd olunub ki, şəhidlərimizin uğrunda canlarını fəda etdikləri doğma torpaqların azadlığına qovuşması, Qarabağ və Şərqi Zəngəzərdə həyatın yenidən canlanması onların müqəddəs arzularının gerçəkləşməsi, ruhlarının şad olması və Vətən qarşısında şərəfli missiyalarının tamamlanması deməkdir.
Bildirilib ki, doğma torpaqların azad olunması şəhid ailələri üçün böyük mənəvi təsəlli və qürur mənbəyidir. Kazımağa Kərimovu tanıyanlar onun Vətənə bağlılığından, prinsipiallığından və döyüşlərdə göstərdiyi fədakarlıqdan söz açaraq xatirələrini bölüşüb, onun müdrikliyi, təmkinli xarakteri və insanlara münasibəti ilə seçildiyini bildiriblər. Qeyd olunub ki, o, ətrafındakı insanların güvəndiyi, məsləhətinə ehtiyac duyduğu və fikrinə dəyər verdiyi bir insan olub. Bu xüsusiyyətləri onun döyüş meydanındakı davranışında da özünü göstərib. Ağır yaralanmasına baxmayaraq, üzərinə götürdüyü tapşırığı sonadək yerinə yetirib, əməliyyat başa çatana qədər döyüş meydanını tərk etməyib. Onun üçün əsas məqsəd şəxsi təhlükəsizliyi deyil, qarşısına qoyulan tapşırığın uğurla tamamlanması olub.
Milli Qəhrəmanın oğlu Rəşad Kərimov isə atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. O qeyd edib ki, şəhidlərin uğrunda canlarından keçdikləri torpaqların azad olunması, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən bərpa edilməsi şəhid ailələri üçün böyük qürur və mənəvi təsəllidir.