09 May 2024 08:50
231
CƏMİYYƏT
A- A+

Məzarsız şəhidlər

 

Onlar 3-4 il yaş fərqi ilə eyni rayonun eyni kəndində - Zaqatalada, Muğanlıda doğulub böyümüşdülər. Akiflə Əhməd yaxın qohum idilər, İlqar qonşu məhəllədə yaşayırdı. Eyni torpaqdan güc-qüvvət alıb, kəhraba zəmilərin çörəyindən kəsib, buz bulaqların suyundan içib, eyni məktəbdə oxumuşdular. 
Yeniyetməlikləri, gənclikləri də eyni dövrə - Sovet İttifaqının parçalandığı, Azərbaycanın müstəqillik qazandığı zamana təsadüf etmişdi. Heç biri daşlı-kəsəkli, enişli-yoxuşlu azadlıq yolunda qətiyyətlə irəliləyən doğma ölkənin, xalqın üzləşdiyi çətinliklərə biganə qala bilmədi. Hər üçü ərazi itkilərini, soyqırımları, beynəlxalq ikili münasibətləri özlərinə dərd edir, şəxsi faciələri kimi yaşayırdılar. Ayrı-ayrı ailələrdə təlim-tərbiyə görüb boya-başa çatsalar da, ürəklərində bir istək - Vətəni yağı düşmənin caynağından xilas edib azad, bütöv, suveren görmək məhəbbəti çağlayırdı… Elə bu müqəddəs sevginin təşnəsi ilə də silah götürüb işğaldakı, əsirlikdəki ulu yurdlarımızı qorumağa getdilər. İkisi Şuşada, biri Kəlbəcərdə döyüşdü - üçünün də nəinki sağ səsi, heç mübarək nəşi də qayıdıb gəlmədi. Ağlaya-ağlaya yollara baxmaqdan valideynlərin, doğmaların gözləri tutuldu. Abdul dayı ilə Hürü xala, Əli kişi ilə Fadimət ana və Məhəmməd əmi bu həsrətin alovunda külə dönüb dünyalarını dəyişdilər. Bircə Əsbət xala həyatdadır, o da hər səsə qapıya, darvazaya boylanır, indicə Akifin içəri girəcəyini gözləyir…
İtkinlərin doğmaları, rayon və kənd rəhbərliyi, ağsaqqalların birgə müzakirəsindən sonra qərara gəlindi ki, bu dərin nisgili az da olsa ovutmaq, üç məzarsız igidin həm xatirələrini əbədiləşdirmək, həm də kənd camaatının əlamətdar günlərdə rəmzi ziyarəti üçün bir abidə kompleksi hazırlansın. Məkan seçiminə isə Muğanlının mərhum imam-camaatı, ilahiyyatçı Elşən Musayev istiqamət vermişdi.
Abidə kompleksinin açılış mərasimi də keçirildi, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, ziyalılar, keçmiş döyüşçülər, qonaqlar çıxış edərək adları çəkilən qəhrəmanlar haqqında xatirələrini bölüşdülər.      
Xatırladaq ki, Akif Məhəmməd oğlu Rəsulov 1966-cı il iyunun 27-də Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 1983-cü ildə Muğanlı kənd orta məktəbini bitirib. Hərbi xidmətdən öncə rayon sürücülük məktəbində təhsil alıb. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılaraq, Qazaxıstan Respublikasında əsgəri borcunu yerinə yetirib. Vətəni düşmənin xain hücumundan qorumaq üçün 1992-ci ilin mart ayında konüllü olaraq cəbhəyə gedib. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun taborunda Şuşanın müdafiəsində yaxından iştirak etmiş və 1992-ci il mayın 8-də qala şəhərimiz erməni hərbi birləşmələri tərəfindən işğal olunarkən  itkin düşmüşdür. Evli idi. Yeganə oğlu onun adını daşıyır.
İlqar Əli oğlu İbrahimov isə 20 aprel 1968-ci il təvəllüdlüdür. 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Çernobılda xidmət etmişdir. Qarabağ savaşı başlayanda yenidən Milli Ordu sıralarına qoşulub. Döyüş yolu Kəlbəcər rayonundan başlayan İlqar hərbi əməliyyatların birində itkin düşüb. 
Əhməd Abdul oğlu Abdulov da 1970-ci il  martın 6-da həmin kənddə doğulub. 1987-ci ildə orta məktəbi bitirərək, Rusiyanın Kaluqa şəhərində 27 saylı peşə məktəbinə daxil olub, aviasiya təyyarələri mühərrikləri çilingəri peşəsinə yiyələnib. 1988-ci ildə hərbi xidmətə çağırılaraq Sevastopol şəhərində hərbi dəniz qüvvələrində miçman kimi xidmət keçib. Hərbi xidmətdən sonra 1991-ci ildən Gürcüstan Respublikasında hərbi hissələrin birində  "starşina" rütbəsi ilə çalışmağa başlayıb. 1992-ci ildə konüllü olaraq Şuşaya gedib, Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala şəhərimiz erməni hərbi birləşmələri tərəfindən işğal olunarkən itkin düşüb. Subay idi. 
Canlarından artıq sevdikləri Azərbaycanı qorumaq onlardan ötrü bir qeyrət, namus məsələsi idi. Artıq dörd ildir ki, azadlığa qovuşan Ana Vətən də çoxdan onlara isti qucaq açmışdı… Ruhunuz şad, yeriniz rahat olsun!

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video