Payızın dəyişkən havası artıq özünü göstərməkdədir. Havalar getdikcə soyuyur. Temperatur aşağı düşdükcə, mənzillərin qızdırılması, yəni mərkəzi istilik sistemləri ilə bağlı problem yenə gündəmə gəlir.
Ümumiyyətlə, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə edilir. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Bu, sovet dövründən qalma köhnə sistemdir və hazırda eyni ilə davam etdirilməkdədir. Amma iqlim dəyişikliyinin yaratdığı reallıqlar fonunda havalar hətta payızda daha tez soyuduğu üçün əhali arasında ciddi narazılıqlar yaranır. Bu baxımdan əksəriyyət istilik təchizatı normativlərinin, yəni fəaliyyət müddəti qrafikinin dəyişdirilməsinin labüd olduğunu qeyd edir. Çünki bəzi illərdə nəinki oktyabr, hətta sentyabrda havanın temperaturunun aşağı düşdüyünün şahidi olmuşuq. Necə deyərlər, dağlara qar düşdüsə, artıq bölgələrimizdə soyuq havanı hiss etməyə başlayırıq.
Yeni qayda: 1 noyabr - 1 may
"Azəristiliktəchizat"ın yalnız mənzilləri deyil, uşaq bağçalarını, məktəbləri, xəstəxanaları mərkəzi istiliklə təmin etdiyini nəzərə alsaq, problemin ciddiliyi özünü aydın göstərər. Ümumilikdə respublika üzrə 3800-dən çox yaşayış binası, 400-dən çox təhsil müəssisəsi, 150-dən çox səhiyyə, 2200-dən çox sosial və təsərrüfat obyekti mərkəzi istilik sistemi təchizatına bağlıdır.
Bəzi ekspertlər və qurumlar tərəfindən payız aylarının gah isti, gah soyuq keçməsi nəzərə alınaraq istilik sistemi ilə bağlı sayğac sisteminin tətbiqi məqsədəuyğun hesab olunur. Yəni nə işlədərsən, onu ödəyərsən. Bununla da nə abonent narazı qalar, nə də "Azəristiliktəchizat". Borcluların da sayı azalar.
İllərdir borclu abonentlərlə bağlı problemlər artmaqdadır. Buna səbəb isə bəzilərinin evində istilik batareyası olmadığı halda ona borc bildirişlərinin göndərilməsidir. Qurum isə sakinin evində istilik təchizatının olub-olmadığını bilmədiyi halda borcları hər il üst-üstə yığaraq abonentə faktura göndərir. Bu da təbii ki, böyük narazılıqlara səbəb olur.
Qeyd edək ki, problemin əsas hissəsi, yəni havaların soyuq keçməsi ilə əlaqədar mərkəzi istiliyin daha erkən verilməsi məsələsi Nazirlər Kabineti tərəfindən artıq həllini tapıb. Nazirlər Kabinetinin 5 sentyabr tarixdə "İstilik enerjisindən istifadə qaydaları"nı təsdiq etməsi problemin həlli yolunda mühüm addım oldu.
Qaydalara əsasən, istilik mövsümünün müddəti dağ rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixləri nəzərdə tutulur. Əsas məsələ isə istilik mövsümünün başlanması və başa çatması tarixlərinin ölkə ərazisində havanın temperaturundan asılı olaraq "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarının tələbləri nəzərə alınmaqla həyata keçirilməsidir. Yəni istilik təchizatı müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla müəssisə tərəfindən fərqli tarixlərdə müəyyən edilə bilər. İstilik mövsümünün başlanmasından və ya başa çatmasından 10 gün əvvəl bu barədə istehlakçılara media, müəssisənin rəsmi internet səhifəsi, həmçinin binaların girişində elanlar vasitəsilə məlumat verilməlidir.
Yeni təkliflər hazırlanır
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik Enerjisindən İstifadə Qaydaları" təsdiq edilib. Bu da müstəqil Azərbaycanda istilik enerjisi sahəsində fəaliyyəti tənzimləyən ilk rəsmi sənəddir.
"İstilik enerjisindən istifadə qaydaları" bu sahədə enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yarana biləcək bütün nüansları tənzimləmək üçün nəzərdə tutulur. Məhz həmin qaydalara əsasən, ölkə ərazisində rayonlar üzrə istilik mövsümünün başlaması və bitməsi müddəti müəyyən edilir.
Belə ki, təsdiq edilmiş qaydalara əsasən, 14 rayonda - Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa və Yardımlıda istilik mövsümü noyabrın 1-də başlayıb mayın 1-də başa çatacaq.
"Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istiliklə təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və "Azəristiliktəchizat"a iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlaması, bitməsi ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verilib və hazırda qeyd olunan qurumlar tərəfindən müvafiq işlər aparılır.
Sayğac sisteminə keçid mütləqdir
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirir ki, Bakıda, digər şəhər və rayonlarda mərkəzləşdirilmiş istilik sistemi kommunal islahatlar çərçivəsində həyata keçirilməlidir. Bu, ayrıca tətbiq olunsa, nəsə irəliləyiş əldə etmək çətin olacaq: "Bu gün mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş binaların çoxunda istilik üzrə ödənişlərin yığılmasında problem var. Çünki tariflər düzgün müəyyənləşdirilməyib. Əvvəllər otaq sayına görə həmin mənzillərdə istilik baterayaları quraşdırılıb. Amma otaq sayından asılı olmayaraq tariflər standartdır. Avropa və digər ölkələrdə istiliyin verilməsi çoxdan sayğac sisteminə keçirilib. İstifadəçilər sayğac vasitəsilə həm temperaturu tənzimləyir, həm də öz tələbatını müəyyənləşdirir. Nə qədər istehlak edirsə, onun da pulunu ödəyir. Azərbaycanda isə bu sistem qurulmayıb, amma sayğac sisteminə keçid mütləqdir. Ümumiyyətlə, evlərdə istilik batareyalarının olub-olmaması müəyyənləşdirilməyib. Məsələnin ən böyük problemi də elə buradan başlayır".
Ekspert deyir ki, Azərbaycanın müxtəlif ərazilərində hava şəraiti dəyişkən olur. Amma bunu da elə tənzimləmək lazımdır ki, istilik təchizatı olsun, kim nə vaxt istifadə edəcəyini isə özü müəyyənləşdirsin. Bütün problemlər işlərin düzgün qurulmaması ilə bağlıdır. Bəzən oktyabrda hava soyuq keçir, noyabrın 15-də isə mülayimləşir. Ona görə də istilik sistemi fəslə görə deyil, müasir üsullarla tənzimlənməlidir ki, istehlakçı nə vaxt, nə qədər istəyir, istifadə edib pulunu ödəsin.
S.Məmmədov vurğulayır ki, problem ya kommunal islahatlar çərçivəsində, ya da mənzillərin invertarizasiyası aparılaraq həllini tapmalıdır. "İllərlə yığılmış borcları istehlakçıların üstünə göndərirlər. Mənzilində istilik sistemi olmayan, qonşusu xətti kəsib atdığı üçün istilikdən istifadə etməyənlərə də faktura gəlir. Vətəndaş da evində olmayan istilik sisteminə görə o pulu ödəmir. Nəticədə pullar illərlə yığılıb qalır", - deyə o əlavə edib.
Müşahidələrdən və ekspertlərin fikirlərindən bəlli olur ki, mərkəzi istilik təchizatı ilə bağlı qayğılar hələ də mövcuddur. Amma vaxtilə Azərbaycanda bu sahədə mükəmməl təcrübə olub. Bir sıra qonşu ölkələrdə hazırda bu sahədə olan vəziyyət onu deməyə əsas verir ki, istiliklə bağlı qayğıları aradan qaldırmaq mümkündür. Ekspertlərin gəldiyi ümumi rəy belədir ki, sayğac sisteminə keçid hər kəsə sərf edən variantdır. Yəni istiliyin verilməsinin fəslə görə deyil, müasir metodlarla tənzimlənməsi uyğun variantdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"