01 Sentyabr 2025 19:56
544
SİYASƏT
A- A+
Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib  

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib  


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 1-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunduğunu bildirib.

Q.Martirosyan yeni müdafiəçinin təyinatına etiraz etməyib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Davit İşxanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan ibtidai istintaqa ifadəsində bildirib ki, “batalyon komandiri” olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki “kəndləri qorumaq”dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub, sonrakı dövrdə isə bir “vəzifəli şəxs” kimi “vəzifələri” çərçivəsində “idarəçilikdə” iştirak edib.

O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb.

Ümumilikdə rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında iştirak edib. İbtidai istintaqa ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş bütün silah-sursat Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan korpuslara paylanılıb.

Məhkəmə iclasında təqdim edilən materiallarla sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq “Miatsum” və “Krunk” təşkilatlarının mitinqlərinə qatılıb, hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. Cinayətkar həmçinin Azərbaycan Respublikasına qarşı müharibədə iştirak edib.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər oxunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabrında qondarma rejimin “ordusu”nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç yerdə işləməyib.

Qondarma qurumun “müdafiə ordusu”nun “komandan”ı vəzifəsində xidmət etdiyi müddətdə “ordu”nun maliyyələşməsi, silahlandırılması və bu kimi digər məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabrında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

David Manukyan ifadəsində bildirib ki, o, 1992-ci ilin dekabrından könüllü əsgər kimi Ermənistanla Azərbaycan arasında baş vermiş Birinci Qarabağ müharibəsində, eləcə də təxminən 1994-cü ilin may ayından sonrakı dövrlərdən etibarən işğal altında saxladıqları Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “müdafiə ordusu”nda hərbi qulluqçu kimi müxtəlif, əsasən də rəhbər vəzifələrdə xidmət aparmaqla Ermənistanın Azərbaycanla müharibələrində və digər silahlı münaqişələrdə iştirak edib.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrdən və ona aid elan edilən digər sənədlərin tədqiqindən məlum olub ki, Birinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarına rəhbərliyi 1992-ci ildə qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan və Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan həyata keçiriblər. Müharibə müddətində bütün əmr və göstərişlər S.Babayan və V.Sarkisyan tərəfindən verilib, hücum və döyüş planlarını onlar tərtib ediblər.

Digər silah-sursatlar kimi, minalar da Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə Ermənistan Respublikasından gətirilib. Minaların konkret hansı ərazilərdə basdırılmalı olması barədə qərarı həmin ərazidə yerləşdirilmiş hərbi hissələrin komandirlərinin raportla müraciətləri əsasında “müdafiə ordusunun komandanlığı” verib. Həmin qərara əsasən də, hərbi hissə komandirlərinin rəhbərliyi ilə hərbi hissələrin mühəndis-istehkam bölmələrinin hərbi qulluqçuları tərəfindən təyin edilmiş ərazilərdə tank və piyada əleyhinə minalar basdırılıb. Lakin o, iddia edib ki, həmin ərazilərə aid mina xəritələrinin harada saxlanıldığını bilmir.

Sənədlərdə göstərilib ki, Suriya, Livan və İraqdan olan erməniəsilli şəxslər Ermənistan Respublikasına gəlib yaşamaq üçün müraciət etdikdə onlar həmin vaxt işğal altında saxlanılan Azərbaycan ərazilərinə köçürülüb və orada məskunlaşdırılıb.

Məhkəmə prosesi sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!