19 Aprel 2024 08:20
227
SİYASƏT
A- A+

Makron bütün körpüləri yandırdı

 

Fransanın növbəti prezidenti Azərbaycanla normal əlaqələrin bərpası üçün çox səy göstərməli olacaq

 

"Fransa rəhbərliyi "Bakının hərəkətlərinin ikitərəfli münasibətlərə xələl gətirdiyi" qənaətində olduğu üçün ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib, amma onu narazı salan hərəkətlərlə bağlı təfərrüatları açıqlamayıb. Yalnız Fransa Prezidenti Emmanuel Makronun səfir Anne Buayon ilə görüşdüyünü bildirib".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat xatırladıb ki, ötən ilin yanvarında Prezident İlham Əliyev səfir Buayonun etimadnaməsini qəbul edərək, görüşdə Fransanın hazırkı rəhbərliyinin ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv hərəkətlərinə, bəyanatlarına və sənədlərinə rəğmən Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin zəngin tarixə malik olduğunu, qarşıdakı dövrün ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı baxımından daha səmərəli olacağına ümidvarlığını bildirib: "Ölkəmizin dialoq üçün açıqlığına, xoş niyyətlərlə əməkdaşlıq istəyinə baxmayaraq, Vətən müharibəsi ərəfəsində Emmanuel Makron "biz Ermənistanı tək qoymayacağıq" söyləyir, eyni zamanda Azərbaycanı, hətta Türkiyəni ittiham edirdi. İkinci Qarabağ savaşından sonra isə Makron dəfələrlə dövlətimizin başçısına zəng edərək absurd tələblər irəli sürməyə cəhdlər göstərir, öz ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi statusunu özü darmadağın edirdi. Unutmayaq ki, vaxtilə rəsmi Bakı Fransaya bu statusu qərəzsizlik və obyektivlik zəmanəti müqabilində vermişdi. Obyektivlik naminə etiraf edilməlidir ki, Fransanın əvvəlki prezidentlərinin dövründə rəsmi Paris bu zəmanəti yerinə yetirmişdi".
K.Bayramov bildirib ki, Emmanuel Makron işğalçı dövlətin birmənalı müdafiəçisi mövqeyini tutaraq neytrallıqdan imtina etmək qərarına gəlib. Bu rolda öz gülünc və əsassız fantaziyalarını fakt kimi təqdim edən Makron ölkəmiz haqqında açıq-aşkar yalan danışmağa başlayıb və dövlət başçımızın ona yalanları sübut etmək tələblərini cavabsız qoyub. Bundan sonra təxribat siyasəti ilə seçilən Fransa Senatı müharibə zamanı Azərbaycandan qoşunlarını öz ərazilərimizdən çıxarmağı tələb edən qətnamə qəbul edib. Amma 30 ildə Fransa Senatı BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayıb. "Sonra Fransa Senatı daha bir təxribatçı addım atdı. Ermənistanın kapitulyasiyasından iki həftə sonra "Dağlıq Qarabağın tanınması" haqqında qətnamə qəbul etdi. Bəli, ikiüzlülük, yalan, riyakarlıq, manipulyasiya, məlum faktların inkarı, separatizmin dəstəklənməsi - bütün bunları Fransa Senatı edib. Amma bu təxribatların vəziyyətə real təsiri olmayıb, qətnamə kağız parçası olaraq lazımi yerə atılıb. Niyə? Çünki ötən ilin sentyabrında Azərbaycan Ordusu Qarabağ bölgəsində parlaq anti-terror tədbirlərini həyata keçirərək, erməni qanunsuz silahlı birləşmələrini darmadağın edib ölkənin suverenliyini beynəlxalq normalara uyğun tam şəkildə bərpa edib. Qarabağ xuntası ləğv olunduğunu elan edib, onun bir çox keçmiş lideri həbs olunaraq Bakıya gətirilib", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu cür şillədən sonra Fransa Prezidenti uzun müddət özünə gələ bilməyib. Sonra isə Makronun Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirmək və sanksiyalar tətbiq etdirmək cəhdləri müşahidə olunub. Cəhdlər nəticəsiz olub. Bu da Makronun növbəti diplomatik fiaskosu idi.
Bundan sonra da təxribatların davam etdiyini deyən K.Bayramov bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa neytrallıq prinsipindən geri çəkilərək Ermənistana siyasi, maliyyə və hərbi yardımı göstərib və indi də bunu davam etdirir: "Məhz Makronun dövründə Fransa vasitəçi statusundan məhrum olundu, Cənubi Qafqazı itirdi. Səfir Anne Buayonun geri çağırılması isə Makronun ümidsizliyi, acizliyi və məğlubiyyətidir. Həqiqət ondadır ki, makronlar gəlib gedəcək, amma ölkələr arasında münasibətlər qalacaq. Fransanın növbəti prezidenti isə Azərbaycanın etimadını qazanmaq və etibarı bərpa etmək üçün hələ çox səy göstərməli olacaq. Bu arada isə Azərbaycan milli maraqlarına cavab verən siyasətini uğurla davam etdirəcək".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video