02 May 2024 08:30
158
İQTİSADİYYAT
A- A+

Beynəlxalq yollar Azərbaycanda kəsişir

 

"Şimal-Cənub" dəhlizinin də əsas marşrutu ölkəmizdən keçir

 

Prezident İlham Əliyev son bir neçə gündə həm ölkə daxilində, həm də xaricdə mühüm görüşlər keçirdi. Dövlətimizin başçısının Rusiya və Almaniya səfərləri, Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə gəlməsi həm ikitərəfli, həm də regional məsələlərin müzakirəsi baxımından önəmli oldu. 
Belə sıx görüşlər onu göstərir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən müxtəlif ölkələr üçün vacib və etibarlı tərəfdaşdır. 
Dövlətimizin başçısı Rusiyaya aprelin 22-də baş tutan işgüzar səfəri çərçivəsində  Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirak etdi. Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin inkişafı məsələsini geniş şəkildə müzakirə etdilər. Prezident İlham Əliyev görüş zamanı ölkəmizin "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdi: "Şimal-Cənub" nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq. Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək".
Təkcə Orta dəhlizdə açar ölkə olması Azərbaycanın dünya üçün əhəmiyyətini xeyli dərəcədə artırıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlığa can atır. Avropa İttifaqı bu layihənin tezliklə tam gücü ilə işləməsi üçün böyük məbləğdə maliyyə ayırmağa hazır olduğunu bəyan edib. Xüsusən Şərqdən Qərbə yükötürmədə mühüm əhəmiyyətə malik Ələt Beynəlxalq Ticarət Limanının imkanlarını genişləndirməsinə investisiya qoymaq istəyir. Bu fakt onu göstərir ki, Azərbaycanın dünya üçün əhəmiyyətli nəqliyyat qovşağı kimi əhəmiyyəti böyükdür. 
"Şimal-Cənub" nəqliyyat marşrutu da Orta dəhliz qədər dünya üçün əhəmiyyətli bir ticarət dəhlizidir. Əsas məsələ onun maliyyələşməsindən gedir. Rusiya və Azərbaycan ərazilərindən keçən hissələrində daxili investisiya ilə yolların modernləşməsinə hazır olduğunu bildirirlər. Xüsusən Azərbaycan bu məsələdə üzərinə düşən vəzifələrin icrası istiqamətində xeyli iş görüb. Amma layihənin gerçəkləşməsi üçün İran da iş görməlidir. Cənub qonşumuz isə bu işə vəsait ayırmağa maraq göstərmir. Yaranmış vəziyyətdən çıxmaq üçün Rusiya İrana Rəşt-Astara dəmir yolu xəttinin inşasına 1,5 milyard avroluq dövlətlərarası kredit vermək barədə öhdəlik götürüb. 162 kilometrlik dəmir yolunun çəkilib başa çatdırılması 2027-2028-ci illər üçün nəzərdə tutulub. Azərbaycan isə 7 milyon tonluq yükdaşıma imkanında olan dəmir yolunun modernləşdirilməsi işlərini görür. Ancaq qonşu ölkə bu həcmin 15 milyon ton və daha çox artırılmasını istəyir. 
"Şimal-Cənub" dəhlizinin yükdaşıma imkanlarının statistik proqnozları maraq doğurur. Rəqəmlərə diqqət yetirdikdə görürük ki, yükdaşımanın həcmi heç də Orta dəhlizdəkindən az olmayacaq. Çünki "Şimal-Cənub" dəhlizi də çox geniş bir coğrafiyanı əhatə edir. Dəhlizin əsas məqsədlərdən biri iki böyük ölkə olan Rusiya ilə Hindistan arasında ticarət əlaqələrini genişləndirmək olsa da, potensialı daha böyükdür. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhəri ilə İran və Hindistan limanlarını birləşdirəcək 7,2 min kilometr uzunluğunda olan bu marşrut İranın Fars körfəzindəki Bəndər-Abbas limanına çatdıqda körfəz ölkələrinə, Afrikaya, Avropaya yükdaşımaq imkanı qazanacaq. Bunlarla yanaşı, Cənubi Asiyadakı böyük ölkələr olan İndoneziyaya, Malayziyaya da yük göndərmək asanlaşaraq. Onu da vurğulayaq ki, başda Hindistan olmaqla bu ölkələrin əhalisi 2 milyarddan çoxdur. Əhalinin  çoxluğu isə alıcı tələbatının yüksək olması deməkdir. Bu, ticarətin artmasına təkan verən əsas amildir. 
Orta dəhlizdə olduğu kimi, "Şimal-Cənub" nəqliyyat marşrutunda da cəlbedici ölkə Azərbaycandır. Belə ki, bu marşrutun 3 qolu var. Şərq marşrutu Rusiya-Qazaxıstan-Türkmənistandan keçir. Mərkəz yolu Trans-Xəzər marşrutu Xəzər dənizindən İran limanlarına qədər uzanır. Qərb marşrutu isə Azərbaycandan İrana və ya ölkəmizin ərazisindən Gürcüstan vasitəsilə Türkiyə və Avropaya getmək imkanı verir. Bu üzdən şimal qonşumuz Qərb marşrutuna xüsusi əhəmiyyət verir. Bu da təsadüfi deyil, ortada real fakt var: 2022-2023-cü illərdə "Şimal-Cənub" dəhlizi ilə müvafiq olaraq 14,6 və 17,6 milyon ton yük daşınıb. Bunun 70 faizi Qərb yolu ilə Azərbaycan üzərindən daşınıb. Həmin fakt ölkəmizin bu dəhliz üzrə əhəmiyyətinin önəmli olmasını göstərir.  
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda "Şimal-Cənub" marşrutunun yaranmış yeni vəziyyətdə ölkəmizə qazandırdığı imkanlar barədə demişdir: "İndi Rusiya-Ukrayna müharibəsindən sonra siyasi vəziyyət dəyişməkdədir. Belə ki, coğrafiyamıza əvvəlkindən daha çox ehtiyac var. "Şimal-Cənub" nəqliyyat marşrutundan danışırıq, bu layihə 20 ildən çoxdur müzakirə olunur. Dediyim kimi, Azərbaycanda da 6-7 milyon ton yük daşına bilən dəmir yolumuz var. İndi qonşularımıza bu yolun 15 milyon, bəlkə də 30 milyon ton potensialı lazımdır. Eynilə Rusiya-Ukrayna müharibəsi Belarus və Polşa vasitəsilə tranzit problemlərinə səbəb oldu və Orta dəhliz əvvəlkindən daha çox diqqət cəlb etdi".

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video