Azərbaycan ilə ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sənədi bir sıra sahələrdə, o cümlədən ticarət, innovasiya, texnologiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Sənəd xüsusən ölkəmizin ixrac potensialının gücləndirilməsi və elektron ticarət sahəsində yeni imkanların yaradılması baxımından çox əhəmiyyətlidir.
Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, həm də ixracatçılarımız üçün yeni imkanlar yaradır. Bu da o deməkdir ki, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq təkcə xəritələri deyil, həm də Azərbaycanın iqtisadi üfüqlərini yenidən cızır. Zəngəzur dəhlizi (TRIPP) sadəcə bir layihə deyil, o, Azərbaycanın gələcəyinə hesablanmış genişmiqyaslı strateji planın mühüm halqasıdır. Bu nəqliyyat yolu Azərbaycan istehsalçısı üçün ən qiymətli amillərdən olan zaman və məsafə faktorunu ölkəmizin xeyrinə dəyişir. Yol açıldıqda Türkiyə limanlarına çıxış daha sürətli, daha ucuz və daha təhlükəsiz olacaq. Artıq məhsullarımız min kilometrlərlə dolanaraq deyil, birbaşa və səmərəli marşrutla dünya bazarlarına çıxacaq. Azərbaycanın kənd təsərrüfatı, sənaye və texnoloji məhsulları Avropa və Amerika bazarlarına daha qısa müddətdə çatacaq, rəqabətədavamlılıq güclənəcək və qiymət fərqi diqqət çəkəcək. Ən əsası isə Azərbaycan brendi beynəlxalq rəflərdə daha tez-tez görünəcək. Yeni nəqliyyat dəhlizinin sayəsində onlayn sifarişlərin qəbul edilməsi və yerli istehsalçılarla xarici alıcıların birbaşa əlaqələndirilməsi logistika baxımından daha əlverişli şərait yaradacaq.
Məmnunluqla xatırladaq ki, son illər Azərbaycanın ərzaq məhsulları beynəlxalq bazarlarda artan maraqla qarşılanır. Bunun əsas səbəblərindən biri məhsulların təbii, yüksəkkeyfiyyətli və zəngin dad xüsusiyyətlərinə sahib olmasıdır. Azərbaycanın münbit torpaqları, iqlim şəraiti və kənd təsərrüfatında qədimdən gələn zəngin ənənələr məhsulların keyfiyyətini və rəqabət qabiliyyətini artıran mühüm faktorlardandır. Məhsulun keyfiyyəti yalnız onun istehsalı ilə deyil, eyni zamanda çatdırılma müddəti və şəraiti ilə də qorunur. Logistika sistemlərinin müasir tələblərə uyğun qurulması da məhz onun bazara vaxtında çatdırılması və onun rəqabət üstünlüyünün qorunması baxımından həlledici əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan üçün yaradılan yeni nəqliyyat dəhlizləri, logistika mərkəzləri geniş imkanlar yaradır. Məhdud istifadə müddəti olan məhsullar, məsələn, meyvə-tərəvəz, süd məhsulları, çiçəklər və dərman preparatları artıq əvvəlki illərlə müqayisədə daha qısa zamanda, daha təhlükəsiz şəkildə və keyfiyyət itkisi olmadan Avropa və ABŞ kimi böyük bazarlara çatdırıla bilir.
Müasir dövrdə qida təhlükəsizliyi və ekoloji təmizlik istehlakçılar üçün prioritet məsələlərə çevrilib. Azərbaycan məhsulları bu meyarlara cavab verməklə yanaşı, öz dadı, təbiiliyi və yüksək qida dəyəri ilə seçilir. Belə olan halda logistik imkanların daha da təkmilləşdirilməsi ixrac potensialımızı artırmaqla yanaşı, ölkənin qeyri-neft sektorunun inkişafına da ciddi töhfə verir. Azərbaycan artıq təkcə xammal ixrac edən deyil, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə qlobal bazarda sözünü deyən bir ölkə kimi tanınmaqdadır. Bu mövqenin möhkəmləndirilməsi isə məhz məhsulun vaxtında, itkisiz və düzgün şəraitdə çatdırılması ilə mümkündür. Azərbaycanın qarşısında açılan bu yeni imkan pəncərəsi onu göstərir ki, Zəngəzur dəhlizi (TRIPP) təkcə yolları deyil, iqtisadi perspektivləri də birləşdirir. Bu dəhliz reallaşdıqca, Azərbaycan istehsalçısı dünya bazarlarında daha güclü görünəcək, rəqabətə daha hazır olacaq, ölkənin ixrac strategiyası daha çevik və dayanıqlı hala gələcək.
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri də rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində potensial imkanların inkişaf etdirilməsidir. Qlobal ticarətdə baş verən dəyişikliklər fonunda elektron ticarət ənənəvi ixrac formalarına alternativ və əlavə dəyər yaradan yeni bir mərhələ kimi çıxış edir. Bu kontekstdə Azərbaycan üçün ABŞ-la əməkdaşlıq rəqəmsal sahədə irəliləmək və məhsullarını dünya bazarlarına daha rahat çıxarmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda dünya bazarlarının qapıları daha sürətli və daha geniş şəkildə açılır. Bu baxımdan deyə bilərik ki, ABŞ kimi nəhəng bir elektron ticarət bazarı Azərbaycan istehsalçısı üçün görünməmiş imkanlar vəd edir. "Amazon", "eBay", "Etsy" kimi platformalar milyonlarla potensial alıcıya bir kliklə çıxış imkanı yaradır. Bu, sözün həqiqi mənasında, qlobal rəflərdə yer almaq deməkdir.
Strateji tərəfdaşlıq sənədləri çərçivəsində Azərbaycanın məhsulları bu qlobal platformalarda daha effektiv təqdim olunması üçün logistika, brendləşmə və sertifikatlaşdırma sahələrində texniki dəstəklə təmin edilir. Xüsusilə də logistik imkanların genişlənməsi elektron ticarətlə məşğul olan şirkətlərə zaman və qiymət baxımından ikiqat üstünlük verir. İnkişaf edən logistika və texniki imkanlar sayəsində Azərbaycan istehsalçısı yaxın zamanda məhsulunu daha tez və daha keyfiyyətli şəkildə bazarlara çıxaracaq, qlobal rəqabətdə üstün mövqeyə sahib olacaq. Məhsullar Amerika və Avropa bazarlarına qısa müddətdə, keyfiyyət itkisi olmadan çatdırılacaq. Bu, Azərbaycan brendinin beynəlxalq səhnədə etibar qazanmasının başlanğıcıdır.
ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın elektron ticarət mühitinə texnologiya, təcrübə və kapital baxımından yeni nəfəs gətirə bilər. Bu nəfəslə Azərbaycanın məhsulları dünyaya təkcə dad və keyfiyyət aparmayacaq, həm də mədəniyyət, ənənə və məsuliyyət hissini daşıyacaq. Həmin dəyərlərin qorunması və ötürülməsi isə bizim iqtisadi strategiyamızın və milli kimliyimizin bir parçasıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"