Artıq onuncu ildir ki, London “Resonance Consultancy” nəşri tərəfindən dərc edilən “Dünyanın ən yaxşı şəhərləri” hesabatında birinci yeri tutur. Bu illik qiymətləndirmə üç əsas sütuna bölünən 24 amil əsasında əhalisi bir milyondan çox olan 100 qlobal şəhəri qiymətləndirir. Bu meyarlar yaşayış şəraiti, gözəllik və rifahdır.
AZƏRTAC “Resonance Consultancy” nəşrinə istinadla xəbər verir ki, ikinci və üçüncü yerləri müvafiq olaraq Nyu-York və Paris tutur. Dördüncü və beşinci yerlərdə qərarlaşan Tokio və Sinqapur qabaqcıl infrastruktur və innovasiyaları nümayiş etdirərək Asiyanın ən güclü şəhərləri kimi meydana çıxır. Sonrakı yerləri tutan Roma və Madrid tarix və müasirliyin vəhdəti ilə diqqəti cəlb edib. İlk onluğu Barselona, Berlin və Sidney tamamlayıb.
Hesabatda deyilir: “Londonun güclü ruhu və bənzərsiz qlobal cazibəsi illik reytinqin zirvəsindəki yerini möhkəmləndirib. Bu, gecə həyatı və muzeylərdən tutmuş “Instagram” həştaqlarına qədər 28 alt kateqoriyadan yeddisində birinci yeri tutan yeganə şəhərdir”.
Rifah baxımından birinci yerdə olan Nyu-York iqtisadi gücü və mədəni dirçəlişi ilə fərqlənir. Hesabatda qeyd edilir ki, “rekord səviyyədə daşınmaz əmlak qiymətləri və həm ziyarətçilərin, həm də yeni sakinlərin axını ilə dəstəklənən yeni şoular, otellər, mədəni məkanlar və transformativ inkişaflar qasırğası” bu şəhərin xüsusi cəhətləridir.
Paris mədəni cazibəsini, inkişaf edən ekosistemini və möhkəm iqtisadiyyatını əks etdirən bənzərsiz xüsusiyyəti ilə seçilir. Hesabatda qeyd olunur: “Parisdən bəhs edərkən, çox vaxt bu şəhərin iqtisadi gücü unudulur. Bu, planetin üçüncü “Qlobal Fortune 500” qərargahına və sürətlə inkişaf edən startaplara malik olan yerdir.
Reytinq, həmçinin qitələr üzrə əsas liderləri vurğulayır: Avropada London, Asiyada Tokio və Sinqapur, Şimali Amerikada Nyu-York və Los-Anceles, Okeaniyada Sidney, Yaxın Şərqdə Dubay, Afrikada Keyptaun və Cənubi Amerikada San-Paulo lider şəhərlər elan edilib.