04 Oktyabr 2022 01:01
332
DÜNYA
A- A+

Latın Amerikasında "çəhrayı" dalğa böyüyür

 

Əksər ölkələrdə güclü dəstəyə malik olmayan solçular hakimiyyətə gəlirlər 

 

Son 5 ildə Latın Amerikasının müxtəlif ölkələrində keçirilən prezident seçkilərində solçuların ard-arda qələbə qazanmaları diqqəti cəlb edən maraqlı məqamlardandır. Siyasi ekspertlər isə bu dalğanın yaranma səbəbini izah edərkən müxtəlif fikirlər səsləndirirlər.
Əsasən qeyd edilir ki, bunun real səbəbi qlobal böhranların yaratdığı sosial-iqtisadi tənəzzül nəticəsində əhalinin üzləşdiyi çətinliklərdir. Yəni, ölkələrin əhalisi mövcud hakimiyyətlərdən narazılığını bu cür ifadə edir və solçuların vədlərinə inanırlar.   

 

Son 5 ildə solçuların qazandığı qələbələr 

 

Öncə Latın Amerikasında son illərdə solçuların qazandıqları qələbələrə nəzər yetirək.
2018-ci il iyulun 1-də solçu "JHH" ("Birlikdə tarix yazacağıq") koalisiyasından namizəd Andres Manuel Lopes Obrador Meksikanın prezidenti seçilib. 2019-cu ildə Argentinada sol mərkəzçilər hakimiyyətə qayıdıb. 18 oktyabr 2020-ci il tarixdə Boliviyada keçirilən seçkilərdə keçmiş prezident Evo Moralesin tərəfdaşı, solçu MAS (Sosializmə doğru Hərəkat) partiyasının nümayəndəsi Luis Arce qalib gəlib. Ötən il iyunun 6-da Peruda prezident seçkiləri solçu namizəd Xose Pedro Kastilyo üçün qələbə ilə başa çatıb. Noyabrın 7-də Nikaraqua Sandinist Milli Azadlıq Cəbhəsinin lideri Daniel Orteqa növbəti prezidentlik müddətinə seçilib. Noyabrın 28-də solçu Azadlıq və Yenidənqurma Partiyasının namizədi Siomar Kastro Hondurasın ilk qadın prezidenti olub.  
Dekabrın 19-da Latın Amerikasının bütün solçuları (xüsusən kommunist Kuba və  Venesuela) Çilidə sosial dövlətin qurulmasının tərəfdarı, sol koalisiyanın namizədi Qabriel Boriçin tarixi qələbəsini qeyd ediblər. Bu il avqustun 7-də Kolumbiyanın iki yüzillik müstəqilliyi dövründə ilk dəfə olaraq ölkədə solçu hökumət hakimiyyətə gəlib. "Tarixi Pakt. Kolumbiya bacarır" solçu koalisiyasından olan 62 yaşlı sosialist Qustavo Petro həmin gün prezident vəzifəsinin icrasına başlayıb. 

 

Yeni dalğa Braziliyaya da çatdı

 

Oktyabrın 2-də Braziliya Federativ Respublikasında ümumi seçkilər keçirilib. Dünyanın 12-ci iqtisadiyyatı, ərazisinə görə 5-ci, əhalisinin sayına görə (217 643 743 nəfər) 6-cı olan ölkəsinin Ali Seçki Məhkəməsinin açıqladığı ilkin məlumata əsasən, Braziliyanın keçmiş lideri Luis İnasio Lula da Silva prezident seçkilərində əzəli rəqibi, hazırkı dövlət başçısı Jair Bolsonaruya 1 faizdən az səslə fərqlənib. 
Lakin qazanılan nəticə birinci turda tam qələbə üçün kifayət etmir. Belə ki, Lula da Silva 44,42 faiz, Bolsonaru  isə 43,84 faiz səs toplayıblar. Prezident seçilmək üçün isə 50 faizdən çox səs əldə etmək tələb olunur. 
Beləliklə, Braziliyanın yeni liderini seçmək üçün oktyabrın 30-da ikinci tur keçiriləcək. Hazırda ölkədə iqtisadi vəziyyət çox mürəkkəbdir. Pandemiya zamanı stimullaşdırıcı xərclər və Rusiya Ukrayna münaqişəsindən sonra yaranan iqtisadi böhran bu ölkədə də inflyasiyanı və istehlak qiymətlərini artırıb. Son aylarda cüzi iqtisadi artıma baxmayaraq, ən ağır zərbə dolanışığını çətinliklə təmin edən aztəminatlı braziliyalılara dəyir. ANSA Latina informasiya agentliyinin xəbərinə görə, ölkə əhalisinin 60 faizi normal qidalana bilmir. Amma bir çox müşahidəçilərin fikrincə, prezident seçkiləri ilk növbədə Braziliya demokratiyasına dair bir növ referendum olacaq.
Nəhayət, 76 yaşlı Luis İnasio Lula da Silva yenidən prezident olarsa, bu, Latın Amerikasında inkişaf edən tendensiyanın davamı olacaq.

 

"Tropiklərin Trampı"

 

Datafola İctimai rəy araşdırması institutunun keçirdiyi sorğunun nəticəsinə əsasən,  Stiv Bannon da daxil olmaqla, ABŞ-ın sabiq lideri Donald Trampın strateqləri ilə əlaqələri olan 67 yaşlı Jair Bolsonaru, son illərdə siyasi spektrin mərkəzinə keçən və özünü Braziliya demokratiyasının müdafiəçisi kimi təqdim edən Latın Amerikasının solçu nəhəngi Luladan təxminən 10 faiz geri qalırdı. Braziliya mediasının tez-tez "Tropiklərin Trampı" adlandırdığı Bolsonarunun ritorikası onun siyasi etalonunun seçkiqabağı bəyanatları ilə üst-üstə düşürdü.
Liberal Partiyanın bayrağı altında namizədliyini irəli sürən prezident daha əvvəl seçkinin hər bir nəticələrini qəbul etməyə hazır olduğunu bildirib, ancaq bir şərtlə ki, səsvermə şəffaf olsun və səslərin sayılması prosesi ədalətli həyata keçirilsin.
Bir müddət əvvəl keçirilmış sorğuya əsasən, braziliyalıların 37 faizi Bolsonarunun administrasiyasında və digər dövlət vəzifələrində çoxlu yuksəkrütbəli hərbçilərin olduğunu nəzərə alaraq onun çevriliş edə biləcəyinə inanır.

 

Nəhəng solçu siyasətçi

 

Luis İnasio Lula da Silva 2003-cü ildən 2010-cu ilə qədər iki müddət Braziliya prezidenti olub. O, 2017-ci ildə korrupsiyada ittiham olunaraq həbs edilib. 2019-cu ilin noyabrında azadlığa buraxılıb və bəraət alıb, bu da onun hakimiyyətə mümkün qayıdışının yolunu açıb.
Prezidentlik dövründə ölkədə böyük populyarlıq qazanan siyasətçinin şöhrətinin zirvəsində onun reytinqi 86 faizi keçib və bir dəfə ABŞ-ın keçmiş prezidenti Barak Obama onu "Yer üzünün ən populyar siyasətçisi" adlandırıb.
Analitiklər razılaşırlar ki, Lula populyarlığını əsasən ölkədə tarixən hökm sürən və qismən nəticələrə nail olan əmlak bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş və qismən nəticələr vermiş sosial proqramlara yatırılan milyardlarla dollar investisiya hesabına qazanıb. Bildirilir ki, onun hakimiyyəti dövründə minimum əmək-haqqı dərəcəsi inflyasiya sürətini çox üstələyirdi.
Qeyd edək ki, qitə ölkələrində "çəhrayı" adlanan dalğa getdikcə güclənir. 

 

Mövcud vəziyyətin əsas səbəbi nədir?

 

Amerikalı politoloq, Amerika Ənənələrin, Ailənin və Mülkiyyətin Müdafiəsi Cəmiyyətinin Vaşinqton Bürosunun direktoru Mario Navarro da Kostanın fikrincə, Latın Amerikasında mövcud vəziyyətin unikallığı ondadır ki, sollar öz ölkələrində güclü dəstəyə malik olmadan seçkilərdə qalib gəlirlər. 
Hər bir ölkədə, hətta Venesuelada belə, ictimai rəy sorğuları əhalinin əksəriyyətinin kommunist və ya sosialist baxışlarına qətiyyən bağlı olmadığını göstərir. Yəqin ki, hakimiyyət orqanlarının COVID-19 pandemiyasının öhdəsindən gələ bilməməsi fonunda xroniki yoxsulluqdan və bəzi ölkələrdə cinayətkarlıqdan bezmiş əhali, sadəcə olaraq, başqa alternativ görmür.
Vaşinqton Siyasət Araşdırmaları İnstitutunun aparıcı analitiki Con Kavana isə fərqli fikirdədir. O, solçuların qələbələrinin əsas səbəbini onda görür ki, Latın Amerikası ölkələrinin solçu partiya və hərəkatlarında regiondakı vəziyyətə yeni baxışı olan, ən kəskin problemlərin həllinə yeni üsullarla yanaşan, siyasi texnologiyalar vasitəsilə mübarizə aparan siyasətçilər nəsli gəlib. Onların ideologiyasını artıq "qırmızı" adlandırmaq olmaz. Onların marksizm ideyalarını həyata keçirmək, bazar iqtisadiyyatı çərçivəsindən kənara çıxmaq niyyəti yoxdur. Beləliklə, onların sosializmi daha çox "çəhrayı" rəngə malikdir. Yeni solçu liderlərin seçicilərin gözündə cəlbedici olmasının sirri onların ümumi əhalinin, xüsusən də gənclərin psixologiyasını daha yaxşı başa düşmələridir. Onlar ekologiyaya, insan hüquqlarının, o cümlədən qadınların, milli və cinsi azlıqların hüquqlarının müdafiəsi kimi problemlərə daha çox diqqət yetirirlər.
Bənzər proseslər iyirmi il əvvəl də Latın Amerikası siyasətində müşahidə olunurdu. Boqotadakı Javeriana Papa Universitetinin alimi Ana Moad  hesab edir ki, bu, bir növ Latın Amerikası ənənəsidir: "Bizdə bu sol dalğa hələ 2000-ci illərdə, Lula Braziliyanın prezidenti olanda var idi. Ancaq indi baş verənlər tamamilə fərqlidir".
Onun fikrincə, hazırda 2000-ci illərin əvvəlləri ilə birbaşa paralellər aparılmamalıdır. Hakimiyyətə gələn sol mərkəzçilər gender bərabərliyi və iqlim dəyişikliyi məsələlərini öz kampaniyalarının əsas mövzusu seçən yeni nəslin liderləridir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video