"Yaşıl tarix"imiz və ekoloji mədəniyyətimiz sayılan bu abidələri qorumaq vətəndaşlıq borcumuzdur
Məlum bir həqiqət var: insan təbiətin ayrılmaz parçasıdır, onları bir-birindən ayırmaq mümkün deyil. Çünki təbiət insan həyatında mühüm yer tutduğu kimi, insan da onunla nəfəs alır, yaşayır.
Nə yazıq ki, zaman-zaman təbiət həyəcan təbili çalmaq məcburiyyətində də qalır. Səbəb insanların təbiətlə vəhşi rəftarının nəticəsi olan atmosferdə ozon dəliyinin əmələ gəlməsi, meşələrin qırılması, çirkli tullantıların axar sulara və dənizlərə axıdılması, zərərli qazların havaya buraxılması və nəhayətdə yaranan iqlim dəyişikliyidir.
Bütün bunlar gələcəkdə daha dəhşətli təbii fəlakətlərə, qaçılmaz faciələrə yol açan insan əməlləridir. İnsanın təbiətə və onun canlı aləminə, cansız sərvətlərinə qəddar münasibəti artıq pik nöqtəyə çatıb. Nəticədə ətraf aləm güclü dəyişikliyə məruz qalıb, bir çox heyvan və bitki növünün kökü kəsilib, bəziləri isə məhv olmaq təhlükəsi ilə üz-üzə gəldikləri üçün "Qırmızı kitab"a düşüblər. Bunlarsa o deməkdir ki, insan təbiətin qədrini bilmir və bu qədirbilməzliyin nə ilə nəticələnəcəyinin fərqinə varmır. Əks halda ona qənim kəsilməzdi.
Azərbaycan ərazisinin bitki örtüyü zənginliyi və nadirliyi ilə seçilir. Təbiət abidələrimiz yüz illər öncə yaranıb və bir çoxu bu günə gəlib çıxıb. Ölkə ərazisində 1500-1700 yaşı olan çinarlar var. Xocavənd rayonunun Şıx Dursun kəndində 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar dünyanın ən yaşlı bu növ ağacıdır. Hündürlüyü 54, gövdəsinin diametri 27 metr olan ağac kənddəki "Çinar - müqəddəs yer" abidə kompleksinin ərazisindədir. Ağacın yaxınlığındakı Tenqri bulağı min illərdir bu abidə ilə qonşuluq edir.
Tovuzun Qovlar şəhər sakinlərinin "bal ağac", "beşbarmaq çinar", "mayak çinar" adlandırdıqları nəhəng çinar bu bölgənin ən yaşlı ağacı hesab olunur. Ağacın əhatə etdiyi 6 sot sahənin ətrafına hasar çəkilib və ora giriş qapısı qoyulub. Diametri 21, hündürlüyü 50 metrdən çox olan ağacı yaz-yay aylarında 30-40 kilometrlik məsafədən görmək mümkündür. Kənd əhalisinin dediyinə görə, çinarın 1000 ildən çox yaşı olduğunu elmi tədqiqatlar sübuta yetirib. Ağdaşın girəcəyində - Türyançayın sahilində də çox qoca bir çinar var. Hündürlüyi 50, diametri 15 metr olan bu çinarın 1490-cı ildə əkildiyi deyilir.
Çinar ağaclarına daha çox Gəncənin parklarında və küçələrində rast gəlmək olar. Həmin çinarlar böyüklüyünə görə Xan çinar adlandırılır. Şəhərdəki Şərq çinarları isə Gəncənin rəmzi hesab edilir. Əbəs yerə Gəncəyə "çinarlar şəhəri" deyilmir. Şərq çinarı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Ehtimal edilir ki, Gəncədə ilk çinar ağacını XIII əsrdə usta Bəndərin atası zərgər Dədə İmran çəkdiyi arxın yanında əkib. Hazırda şəhərdə 40 mindən çox çinar ağacı var. Onlardan təxminən 200-nün 150, 300-dən çoxunun isə 100-ə yaxın yaşı var. Gəncədə 300-400 yaşarası 4, 600 yaşında olan 5 çinar ağacı qeydə alınıb.
Təəssüf ki, vəhşi təbiətin qoynunda gözəllik yaradaraq abidələşən ağaclar bəzən insan vəhşiliyindən xilas ola bilməyiblər. 30 il erməni vandalları təbiətimizə sağalmaz yaralar vurublar. Qarabağın və Şərqi Zəngəzurun qənirsiz gözəlliyi mənfur qonşularımızın gözünü çıxarıb. 1988-ci ildə Topxana meşəsinə qənim kəsilən ermənilər onun Şuşanın nadir sərvəti olduğunu bilirdilər. Anlayırdılar ki, Topxana bizim üçün meşə, təbiət deyil, həm də tariximiz və mədəniyyətimizdir. Ona görə də Azərbaycana qarşı hazırladıqları məkrli planın baş tutması üçün Topxanadan başlamışdılar. Topxana 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirəyə aldığı zaman toplarını yerləşdirdiyi yerin adıdır. Ona görə də həmin ərazi "Topxana", ətrafdakı meşəlik isə "Topxana meşəsi" adlanır. Şuşanın sərvəti olan bu meşənin nadir heyvanat aləmi ilə yanaşı, zəngin bitki örtüyü də var. İşğal dövründə ekoloji terror nəticəsində Topxanada minlərlə qiymətli ağac kəsilmiş, təbiət abidəsi məhv edilmişdir. Qarabağa əbədi hakim olacağını düşünən ermənilərin bu gün torpaqlarımızdan izlərini təmizləyirik. Qarabağ və Şərqi Zəngəzurun təbiəti artıq rahat nəfəs alır.
Sovetlər dönəmində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə bir sıra ağaclar təbiət abidələri siyahısına daxil edilmişdi. Qarabağda yetişən 152 ağacın adı da həmin siyahıda idi. Bunlar Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləridir. 1600-cən yaşı olan həmin ağacların 123-nü ermənilər işğal dövründə kəsərək, yandıraraq məhv etmişlər. Təkcə Ağdam rayonu ərazisindəki diametri 6 metrə qədər, hündürlüyü 40-50 metr olan 85 Şərq çinarından 82-sini kəsib gözlərinə soxmuşlar.
Xalq şairi Hüseyn Arif söhbətlərin birində bu fikirləri söyləyib: "İnsan o qədər qayğıkeş, mehriban olmalıdır ki, bülbül enib budaqdan çiynimizə qonsun. Oğrun baxışlı maral sərin çeşmə başında bizə qonaq olsun. Gəlin elə edək ki, ceyran düzləri keçə-keçə insanın arxasınca şəhərə gəlsin". Yəqin ki, "insan-təbiət münasibəti necə olmalıdır" sualına bundan dəqiq cavab vermək mümkün deyil.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"