31 Avqust 2024 08:35
196
Mədəniyyət
A- A+

Köçkün müəllimlər, şagirdlər, məktəblər...

 

Artıq onların da bu amansız taleyi bitdi

 

Həyatda nə uğur qazanırıqsa, hansı əlçatmaz zirvələri fəth ediriksə, valideynlərimizlə bərabər müəllimlərimizə də minnətdar oluruq. Çünki vətəndaş kimi formalaşmağımızda, cəmiyyətdə layiq olduğumuz yeri tutmağımızda müəllimlərin rolu əvəzsizdir. Hansı yaşda oluruqsa-olaq, bir çətinliyə düşəndə müəllimin bir vaxtlar dediklərini xatırlayıb vəziyyətdən çıxış yolu tapırıq. Deməli, müəllimin zamanında dediyi söz, verdiyi məsləhət heç vaxt dəyərini itirmir. Çünki bu, müəllim sözü, müəllim məsləhətidir.
Bu fikirlər 48 il müəllim işləmiş Azərbaycan Respublikasının Əməkdar müəllimi Oktyabr İsgəndərovla görüşə gedərkən ağlımızdan gəlib keçdi. Əvvəlcə onun ömür yoluna qısaca nəzər saldıq. 1955-ci ildə Zəngilan rayonunun Dəlləkli kəndində anadan olub. 1972-ci ildə orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəlki V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) Kimya fakültəsinə qəbul olub. 1976-cı ildə təhsilini başa vuraraq gənc müəllim kimi doğma ocağa qayıdıb. Qeyd edək ki, əvvəlcə həkim olmaq istəyib, amma sonra fikrindən daşınıb, müəllimliyə üstünlük verib. 
Oktyabr müəllim çoxuşaqlı ailədə böyüyüb. Yeddi qardaş-bacı olublar. Atası Həmid kişi dəmiryolçu işləsə də, təhsilə böyük önəm verib. Övladlarının ali təhsil alması üçün bütün əziyyətlərə qatlaşıb. Zəhmətkeş ata arzu və istəyinə çatıb, yeddi övladından beşi ali təhsil alıb.  
Oktyabr müəllim öz övladlarına da dərs deyib. Onlara həm atalıq, həm də müəllimlik edib: "Amma heç vaxt övladlarımı başqa şagirdlərdən üstün tutmamışam. Müəllim vicdanım bu addımı atmağa yol verməyib. Başqa şagirdlər kimi onlara qarşı da tələbkar olmuşam. Hamıya biliyinə görə qiymət vermişəm. Şagirdlərimin uğurlarına da övladlarım qədər sevinmişəm. Onların uğurlarını öz uğurlarım hesab etmişəm".

 

Köçkünlüyün iztirablı illəri

 

Ondan ilk və son dərs gününü xatırladığını soruşanda Oktyabr müəllim dedi ki, insan həyatının hər anı, hər dəqiqəsi onun üçün qiymətlidir. Belə qiymətli anları unutmaq mümkün deyil. İlk dəfə sinfə dərs deməyə girdiyim və son dəfə dərsimi bitirib sinifdən çıxdığım gün həmişəlik yaddaşıma yazılıb. İlk dəfə 1 sentyabr 1976-cı ildə əlimə jurnal götürüb dərs demək üçün sinfə daxil olmuşam. Onda 21 yaşım var idi. Birinci gün dərs dediyim şagirdlərin gülümsər çöhrələri ilə rastlaşdığım da yadımdadır. Həmin gün mən də, şagirdlər də sevinc  içindəydik. Çünki məktəb açılmış, dərs başlamışdı. Axırıncı dərs günümü də yaxşı xatırlayıram. 14 iyun 2024-cü ildə sonuncu dəfə jurnalı götürüb sonuncu dərsimi demək üçün sinfə girdim. Onda 68 yaşım var idi. Sonuncu dərs günü müşahidə etdiyim uşaqların sevinc dolu çöhrələri heç vaxt gözlərim önündən getməyəcək. Həmin gün onlar da sevinc içindəydilər, mən də. Onları qarşıda qəbul imtahanları, gələcək xoşbəxt həyat gözləyirdi, məni isə istirahət günləri. 
Oktyabr müəllimin ömür yolu keşməkeşli olub. Erməni işğalı nəticəsində doğma ocaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşayıb: "Vəziyyət gərginləşdiyinə görə 1993-cü il oktyabrın 21-dən məktəbdə dərslər dayandırılmışdı. Mənim də doğma məktəbimizdə son dərsim həmin gün oldu. Kəndimizlə, el-obamızla bərabər məktəbimiz də köçkün düşdü.  Böyük çətinliklə Bakı şəhərinə gələ bildik. Getsin o günlərimiz, bir də gəlməsin.  Üç ay qardaşım İsmayılgildə qaldıqdan sonra xeyirxah insanların köməyi ilə Xarici Dillər Universitetinin tələbə yataqxanasında məskunlaşdıq. Burada köçkünlər çox idi. Ömrü boyu uca dağların ətəyində, geniş çöllərdə, təbiətin qoynunda ömür sürmüş insanlar üçün yataqxananın darısqal otaqlarında yaşamaq çox çətin idi. Amma nə etməliydik. Düşdüyümüz vəziyyətlə barışmaqdan başqa çarəmiz yox idi. Buna dözməliydik, qəddimizi əyməməliydik. Həm kəndimiz, həm də məktəbimiz, şagirdlərim üçün  darıxırdım. Üç aylıq fasilədən sonra Zəngilan rayon 4 nömrəli orta məktəbdə müəllim kimi işimə davam etdim".
Nə qədər çətin, darısqal olsa da, Oktyabr müəllim 31 ildir ki, bu yataqxanada yaşayır. Bu darısqal otaqlarda üç övlad böyüdüb. Oğlanları Namiqlə Bəhruz həkimdirlər. Qızı Nuranə kimya müəllimidir, atasının yolunu davam etdirir. Övladları ailə qurub,  nəvələri var.  
Söhbətimiz zamanı maraqlı bir məlumatı da öyrəndik. Həm Oktyabr müəllim, həm də həyat yoldaşı Dürdanə Cabbarova müharibə veteranıdırlar. Həmin günləri xatırlayan O.İsgəndərov dedi: "Erməni işğalçıları rayonumuzun kəndlərinə hücum çəkəndə torpaqlarımızın müdafiəsi üçün biz də bacardığımızı edirdik. Yurdumuzu qoruyan zabit və əsgərlərimizə kömək etmək üçün könüllü olaraq ön xətdə gedib səngərlər qazır, mövqeləri möhkəmləndirirdik. Tibb bacısı olan həyat yoldaşım isə döyüşlərdə yaralanmış zabit və əsgərlərə yardım edirdi. Onlara ilkin tibbi yardım göstərib yaralarını sarıyırdı. Amma nə qədər çalışsaq da, havadarlarına arxalanan düşmən doğma ocaqlarımızı ələ keçirdi. Bizə olmazın ağrı-acı yaşatdı. 
İllər keçdi, gözəl payız günlərinin birində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başqa bölgələrimiz kimi, Zəngilan rayonunu da işğalçılardan təmizlədi. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Doğma ocaqlarımızın azad olunduğunu eşidəndə sanki dünyanı mənə bağışladılar. Gözlərim önündə kəndimizin gözəl mənzərələri canlandı. Aman Allah, nə gözəl xəbər idi bu! Uzun illər idi ki, bu xəbəri gözləyirdik. Nə yaxşı ki, bir payız günündə bu şad xəbəri eşitdik. Həmin günü həyatımın ən xoşbəxt günü hesab edirəm. Biz məcburi köçkünlər doğma ocaqlarımıza qayıdacağımıza əmin idik. Torpağımızı, yurdumuzu itirsək də, inamımızı itirməmişdik. İnanırdıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında günlərin birində doğma ocaqlarımıza qayıdacağıq. Ümidimiz bir payız günündə çiçək açdı. 20 oktyabr 2020-ci ildə doğma ocaqlarımız erməni işğalından azad olundu". 

 

Prezidentə minnətdarlıq

 

30 ilə yaxın davam edən məcburi köçkünlük həyatından sonra doğma ocaqlarına, Zəngilana qayıtdığı gün - 20 oktyabr 2021-ci il O.İsgəndərovun ömür kitabının səhifələrinə böyük hərflərlə yazılıb. Çünki həmin gün üstündən neçə illər keçəndən sonra o yerlərin havasını udub, suyunu içib. Həmin günü xatırlayan Oktyabr müəllim dedi: "Zəngilanın işğaldan azad olunduğu günün bir ili tamam olan ərəfədə rayon ziyalılarının bir qrupu doğma ocaqlarımıza qayıdacağımızı bildirdilər. Bu xəbər ürəyimcə oldu. Başqa bir xəbər isə məni daha çox sevindirdi. Biz rayonda olan gün Prezident İlham Əliyevlə də görüşəcəkdik. Cəbrayıl rayonunun ərazisindən keçib üzü Zəngilana tərəf gedirdik. Xatirələr əlimdən tutub məni ötən illərə aparmışdı. Düz 29 il əvvəl rayondan qaçqın düşəndə Bakıya bu yolla kədər içində gəlmişdik. Aradan 29 il keçəndən sonra həmin yolla geriyə - doğma ocaqlarımıza sevinc içində qayıdırdıq. Bu anlarda çox qəribə hisslər keçirirdim. Bu hisslər o qədər ülvi, o qədər əziz, o qədər təmiz idi ki, onları ifadə etməyə çətinlik çəkirəm. Zəngilan torpağına ayağımı basanda sevindiyimdən gözlərim yaşardı. Erməni qəsbkarları işğal dövründə rayonun mərkəzini, kəndlərini viran qoymuşdular, evləri, tarixi abidələri vəhşicəsinə dağıtmışdılar. Hara baxırdıqsa, orada erməni vandallarının qanlı izlərini görürdük. Çox kədərli mənzərələr idi. Nə qədər kədərli olsa da, biz Zəfər ovqatında idik. Əsas o idi ki, torpaqlarımız azad olunmuş, işğala son qoyulmuşdu. Artıq doğma ocaqlarımızdaydıq, köçkün deyildik. Həmin gün dövlət başçımızla görüşməyimiz də bizə ikiqat sevinc bəxş etdi. Prezident İlham Əliyev bizimlə bir-bir görüşüb söhbət etdi. Azərbaycan xalqına Zəfər sevinci bəxş etdiyinə görə dövlət başçısına minnətdarlığımızı bildirdik. Prezidentimizlə olan bu görüşü, o xoşbəxt günü heç vaxt unutmayacağam".
Oktyabr İsgəndərovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Hələ 1991-ci ilin mart ayında ölkədə ilk dəfə keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edən Oktyabr müəllim bilik yarışmasının sonunda "Metodist müəllim" adına layiq görülmüşdü. 1993-cü ildə tədrisdə qazandığı uğurlara görə "Azərbaycan Respublikasının Xalq təhsili əlaçısı" döş nişanı ilə mükafatlandırılmışdı. 4 oktyabr 2004-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İsgəndərov Oktyabr Həmid oğluna "Əməkdar müəllim" fəxri adı verilmişdir. 

 

Müəllimlik ömrü bitsə də, həyat yolu öz axarı ilə davam edir

 

Söhbətimizin sonunda ömrünün 48 ilini müəllimlik peşəsinə həsr etmiş O.İsgəndərovun gənc müəllimlərə tövsiyələrini də eşitmək istədik. Bir anlıq fikrə gedən Oktyabr müəllim dedi: "Müəllimlik çətin, amma müqəddəs və şərəfli peşədir. Çünki müəllim gələcək nəsillərə bilik öyrədir, yol göstərir. O, sabahkı nəsillərə elə dərs verməli, elə yol göstərməlidir ki, bu məsləhətlər şagirdlərin həyat yollarına gur işıq salsın. Bu şərəfli peşənin ağırlığını çiyinlərində daşımağa başlayan gənc müəllimlər işlərinə məsuliyyətlə, diqqətlə yanaşsalar, uğur qazanarlar. Qoy gənc müəllimlər nəcib, xeyirxah hərəkətləri ilə özlərini şagirdlərə sevdirməyi bacarsınlar".
Şərəfli ömür yolu keçmiş Oktyabr İsgəndərov söhbət zamanı müəllim adının tez-tez layiq olmayanlara deyildiyindən də gileyləndi. "Son vaxtlar şahidi oluram ki, hər adama "müəllim" deyirlər. Bəzən hətta sürücüləri də "müəllim" deyib çağırırlar. Müəllim adı çox müqəddəsdir, onu hər kəsə demək olmaz. Hərə öz adı ilə çağırılsa, daha yaxşı olar. Müəllim müəllim kimi, həkim həkim kimi, mühəndis mühəndis kimi, sürücü də sürücü kimi tanınmalıdır".
Müəllimlik ömrü bitsə də, Oktyabr  İsgəndərovun həyat yolu öz axarı ilə davam edir. Amma indi də müəllimliyindən qalmır. Nəvələrinin dərsə hazırlaşmalarına kömək edir. Deməli, Oktyabr müəllim təqaüdə çıxsa da, müəllimliyindən də, kitablarından da uzaq düşməyib. Heç vaxt da düşməyəcək... 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video