Gənclərin sahibkarlıqla məşğul olmalarını dövlət də dəstəkləyir
Azərbaycan müstəqillik dövründə böyük inkişaf yolu keçib və bu, gənclər üçün geniş imkanlara yol açıb. İndiki innovasiya və kompüter texnologiyaları dövründə isə imkanlar yeni mərhələyə qədəm qoyub.
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu mərhələ sosial-iqtisadi, elmi-mədəni, təhsil, tibb və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir və bu tələbin kökündə gənc sahibkarların fəallığı dayanır.
Müstəqil Azərbaycanın özü gənc ölkədir, yaşı 30-dan bir az çoxdur. Sovetlərin "şinel"indən çıxan bir nəsil üçün sahibkarlıq sinfi də yenidir və etiraf etməliyik ki, yaxın illərə qədər cəmiyyətdə bu sahəyə dair təfəkkür hələ tam formalaşmamışdı. Bu gün isə zaman və onun şərtləri başqadır və o səbəbdən sahibkarlıq geniş vüsət alıb. Bir tərəfdən də dövlətin dəstəyi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara stimul verir.
Bununla belə, iqtisadiyyatın elə yeni sahələri var ki, onları daha çox gənclər mənimsəyirlər. Məsələn, indi rəqəmsallaşma sahəsi aktualdır və bu, idarəçilikdə qabarıq hiss olunur. Bütövlükdə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar Azərbaycanın dünya dövlətləri arasında mövqeyini yüksəldir. Təbii ki, bu "yüksəliş bayrağı"nı daşıyanların arasında gənc sahibkarlar daha çoxdur.
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən gənc sahibkarların, xüsusən də startapların dəstəklənməsi günün çağırışıdır. Çünki bu gün ölkənin iqtisadi inkişafı daha çox startaplar və innovativ sahədə fəaliyyət göstərən gənc sahibkarların hesabına formalaşır. İnkişaf da daha çox innovasiya sahəsində həyata keçirilən sərmayələr və burada fəaliyyət göstərən sahibkarların fəaliyyəti hesabına baş verir. Səbəbi də odur ki, artıq ənənəvi sahələrdə əldə edilən gəlir innovativ sektorlarla müqayisədə daha azdır. Təsadüfi deyil ki, sosial şəbəkələr, onlayn portallar və digər onlayn xidmətlər innovativ olaraq çox qısa zamanda böyük gəlirlər gətirir və bu, diqqətdən kənarda qalmır.
Təcrübə göstərir ki, cəmiyyətdə heç də bütün gənclər yaradıcı sahəyə, elmə meyil etmir. Qalır sahibkarlıq. Bu yerdə qeyd edək ki, gənclərin sahibkarlıqla məşğul olması, onların biznesdə uğur qazanmasında dövlət də maraqlıdır. Gənclər üçün yaradılan münbit sahibkarlıq şəraiti də maraqdan irəli gəlir. Amma o da reallıqdır ki, gənclərin sahibkarlığa gedən yolu əsasən kiçik biznesdən başlayır. Kiçik biznes isə milli və region iqtisadiyyatının onurğasıdır.
Bu gün Azərbaycanda sahibkarlığın inkişafında kiçik bizneslə məşğul olan gənclərin rolu danılmazdır. Onların fəaliyyət dairələrinin daha da genişlənməsi, dünya arenasına çıxmaları üçün dövlət tərəfindən xüsusi proqramlar tərtib olunur, hərtərəfli yardım edilir. Bu həm də dövlətin özünün gələcəyi üçün vacibdir. Çünki bu günün gənci kreativ düşüncəyə malikdir, beynəlxalq təcrübəni asanlıqla əxz edir. Ona görə də gənc sahibkarların sayı artmalı, əhatə dairələri genişlənməlidir. Bunun üçün kreditlərə əlçatanlıq, müəyyən güzəştlərin edilməsi, həmçinin gənc iş adamlarının potensiallarından düzgün istifadə olunması, ideyalarının həyata keçirilməsinə maliyyə dəstəyi verilməsi və s. kimi istiqamətlərdə platformaların yaradılması vacibdir.
Gənc sahibkarların son illər ənənə halını almış forumlarını belə platformalardan hesab etmək olar. Belə forumlar sahibkarlar arasında kommunikasiyanın yaradılmasına, onları rahatsız edən problemlərin müzakirəsinə və həll yolları ilə bağlı təkliflərin səslənməsinə, dövlət qurumları ilə gənclər arasında müəyyən əlaqələrin qurulmasına kömək edir. Gənc sahibkarların bu günlər keçirilən sayca 5-ci forumunun da başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, sahibkarlıq subyektlərinin şəbəkələşməsi idi. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "Bakı KOB evi"ndə keçirilən Gənc Sahibkarların V Forumunda iştirak edən sahibkarlar ölkəmizdə həyata keçirilən gənclər siyasəti, sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri ilə bağlı müzakirələr apardılar. Həmçinin sahibkar düşüncə tərzinin formalaşdırılması, gənclərin bilik və bacarıqlarının artırılması yönündə həyata keçirilən layihələr, gənc sahibkarların texnoloji yeniliklərə marağı, iş fəaliyyətində "yaşıl düşüncə"nin təbliği barədə fikir mübadiləsi aparıldı.
Tədbir çərçivəsində innovativ biznes ideyaları və uğurlu sahibkarlıq fəaliyyəti olan gənclərin fikir mübadiləsinə məhsuldar şərait yaradan "Gənclərin sahibkarlıq fəaliyyəti müasir dünyanın nəbzində" mövzusunda panel müzakirə də təşkil edildi. Paneldə Gənclər Fondunun moderatorluğu ilə "Xsolla Baku" MMC, "BuyLink" MMC, "Snackpack" MMC və "Kibertəhlükəsizlik platforması" MMC-nin nümayəndələri və gənclər arasında müasir dövrün çağırışlarına cavab olaraq innovativ sahibkarlıq düşüncəsinin formalaşdırılmasından, sahibkarlıq ekosisteminin inkişafının özü ilə gətirdiyi yeni iş modellərindən, dəyişən trendlər və imkanlardan danışıldı.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"