Azərbaycan dünyada sülhü, humanizmi və qarşılıqlı hörməti təşviq edən ölkə kimi tanınır
Dünyada əbədi savaş yoxdur. Tarixin ən qanlı savaşları belə sonda danışıqlar masasında tamamlanır. Çünki heç bir millət, heç bir dövlət sonsuz müharibə yükünü daşımağa qadir deyil. Silahların səsi nə qədər gur olsa da, bir gün susmağa məhkumdur. Döyüş meydanında qələbə çalan güc də, məğlub olan tərəf də sonda sözün hökmünə boyun əyməli olur.
Müharibə ölüm, qan, bədbəxtlik gətirir. Müdriklər əbəs yerə deməyiblər ki, ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır. Sülh - insanlığın ən böyük dəyəri, ali məqsədidir. Sülhə nail olmaq üçün bəzən sərt ritorikanı yumşaltmaq, kəskin xətləri aradan qaldırmaq, hətta bəzi hallarda öz iddialarının bir qismini geri çəkmək lazım olur. İsbata ehtiyacı olmayan həqiqətdir ki, sülh yalnız razılaşma ilə mümkündür, razılaşma isə güzəştsiz baş tutmur.
Bax, əsl gerçək siyasətin qüdrəti də buradadır - həm döyüş meydanında qətiyyət göstərmək, həm də masada müdriklik nümayiş etdirmək. Hər bir xalq və hər bir lider anlayır ki, güzəşt zəiflik deyil, əksinə, gələcəyi düşünən, sabahı fikirləşən gücün göstəricisidir. Tarixin minillik təcrübəsi sübut edir ki, barış əldə etməyin yolu təkcə silahın kəsərindən yox, həm də sözün çəkisindən keçir. Müharibələr bitir, dövlətlər və xalqlar isə sülh şəraitində inkişaf edir. Ona görə də sülhə aparan hər addım, atılan hər güzəşt insanlıq naminə ən böyük qələbə sayılır.
Yaşadığımız region uzunmüddət idi ki, geosiyasi qarşıdurmaların, qanlı toqquşmaların baş verdiyi mürəkkəb regionlardan biri olaraq qalmaqda idi. XX əsrin sonu 20 faizə qədər torpaqlarımızın işğalı, bir milyona yaxın soydaşımızın ata-baba yurdundan didərgin düşməsi, minlərlə vətənpərvər gəncimizin şəhidliyi ilə xalqımızın yaddaşına əbədi həkk olub. Buna baxmayaraq, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən münaqişəni həll etmək üçün sülh yolunu tutdu. Dövlətimizin başçısı, həmçinin çox qısa və aydın şəkildə bəyan etdi: "Sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik".
İnkarolunmaz faktdır ki, bölgədə süni şəkildə yaradılmış, zaman-zaman qəsdən alovlandırılan və təxminən 200 il davam edən Qarabağ münaqişəsinin ideya və istiqamətverici qüvvəlləri bölgədən kənarda yerləşən qlobal güclər idi. Nəhayət, 2020-ci ildə Prezident İlham Əliyevin qəti qərarından sonra bölgədə uzun müddət davam edən müharibə ocağı birdəfəlik söndürüldü. Bu həm də yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən daha çox dünyanın geosiyasi mənzərəsində rəngləri dəyişə bilən böyük əhəmiyyətli hadisə oldu. Ölkəmizin qazandığı hərbi zəfər Cənubi Qafqazın siyasi palitrasını dəyişərək sülhə və sabitliyə doğru sürətli dəyişikliklərin əsasını qoydu.
Sözsüz ki, 30 il ərzində bütün bölgəni gərginlikdə saxlayan Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə və tarixi zəfərlə başa çatmasında, həmçinin sonrakı sülhə və sabitliyə möhkəm zəmin yaradan sülhün memarı rolunda çıxış edən Prezident İlham Əliyevin rolu inkarolunmazdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bütövlükdə Cənubi Qafqazda davamlı sülh və tərəqqiyə yol açdı. Torpaqlarımızın işğaldan azad edilməsi ilə regionun taleyini dəyişə bilən hadisələr baş verdi. İllərdir Azərbaycana və Türkiyəyə qarşı ərazi iddisında olan Ermənistan iddialarından əl çəkib böyük güclərin əlaltısı rolunda çıxış etmələrinin onların özləri üçün böyük faciələrə səbəb olduğunu anladı.
Dövlətimizin başçısı hər zaman sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Onun siyasi fəaliyyətində əsas xətt qonşu və dost ölkələrlə mehriban münasibətlərin qorunması, bölgədə gərginliklərin müharibə yox, danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll edilməsidir. Bu yanaşma göstərir ki, dövlətimizin başçısı yalnız milli maraqları deyil, həm də regional təhlükəsizliyi, xalqlar arasında etimad mühitini ön plana çəkir. Prezident İlham Əliyev beynəlxalq platformalarda da dəfələrlə sübut edib ki, qarşıdurma heç vaxt qalıcı ola bilməz. Münaqişələr dialoq, qarşılıqlı hörmət və güzəşt mədəniyyəti vasitəsilə aradan qaldırıla bilər. Bu baxımdan İlham Əliyev həm vasitəçi, həm də etibarlı tərəfdaş kimi öz mövqeyini təsdiq edib. Azərbaycan Prezidentinin təşəbbüsləri region ölkələri arasında birmənalı olaraq inam və hörmətlə qəbul olunub.
Fikrimizi faktlarla təsdiq etmək üçün bir qədər geriyə qayıdaq: 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsi Suriya-Türkiyə sərhədində Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi tərəfindən vurulması ilə iki ölkə arasında münasibətlər gərginləşərək pik həddə çatmışdı. İlk baxışda adi görünən insidentin arxasınca böyük geosiyasi problemlər yarandı. NATO üzvü olan Türkiyənin Rusiya təyyarəsini vurması iki hərbi güc arasındakı münasibətləri kəskin şəkildə gərginləşdirdi. Rusiya hökuməti bir həftə ərzində sanksiya paketi hazırladı və türk mallarının idxalında çətinliklər yaratmağa başladı. Həmçinin Ankara ilə viza rejimi tətbiq edildi, türk vətəndaşlarının Rusiya ərazisində işləməsi qadağan olundu və Türkiyədən kənd təsərrüfatı məhsulları, xüsusən meyvə-tərəvəz idxalı dayandırıldı.
Belə bir gərgin məqamda Azərbaycan Prezidenti iki nəhəng ölkənin siyasi iqtidarlarının barışması üçün ciddi səy göstərdi. Bunu o zaman Türkiyənin Baş naziri Binəli Yıldırım parlamentdəki çıxışında belə ifadə etmişdir: "Bu günlər ərzində Rusiya ilə münasibətləri normallaşdırma istiqamətində önəmli hadisələr baş verdi. Həm iqtisadi, həm də mədəni əlaqələrimizin bərpası üçün çox çalışdıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasında buzların əridiyini göstərir. Rusiya ilə normallaşma prosesinin başladığını deyə bilərəm. İşlərin bu mərhələyə gəlməsi üçün qardaşlarımız - Qazaxıstan və Azərbaycan liderləri çox çalışdı. Bu məsələdə onlara təşəkkür edirik. Artıq dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq".
Bakının Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına verdiyi töhfələr də xüsusi diqqətəlayiqdir. 2010-cu il mayın 31-də gecə saat 04:30 radələrində Qəzza zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan "Mavi Marmara" gəmisi İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qaldı. Nəticədə 10 nəfər öldürüldü, 60-a yaxın insan yaralandı. O zaman iki ölkə arasında gərginləşən münasibətlərdə müşahidə ediləcək dərəcədə yumşalma hiss olundu. Sonralar iki ölkə arasında münasibətlərdən bəhs edən İlham Əliyev bildirmişdir ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. "İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".
Bu günlər "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində dövlətimizin başçısı qeyd edib ki, Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib: "Bilirsiniz ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir. Biz təhlükəsizliyin dəyərini çox yaxşı bilirik. 30 ildən çox müddətdə müharibə şəraitində, müharibənin müxtəlif formalarında yaşamışıq. Bu, sizi tamamilə bununla məşğul olmağa vadar edir".
Regionda sülhün və sabitliyin möhkəmlənməsi üçün ardıcıl və qətiyyətli addımlar atan dövlətimiz yalnız Azərbaycan üçün deyil, bütün region üçün sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşması üçün ciddi səy göstərir. İlham Əliyevin beynəlxalq münasibətlərdə oynadığı rol sübut edir ki, sülh yalnız silahların susması deyil, həm də xalqlar arasında etimadın, əməkdaşlığın və ortaq dəyərlərin paylaşılmasıdır. Məhz bu səbəbdəndir ki, Azərbaycan qlobal səviyyədə sülhü, humanizmi və qarşılıqlı hörməti təşviq edən ölkə kimi tanınır.
Elşən QƏNİYEV,
"Azərbaycan"